Dünən “Rəvan” Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində “Qəbələ”ni qəbul edirdi. Qonaqlar cütlüyün favoriti olduqlarını 3 cavabsız qolla sübuta yetirdilər. Futbolinfo.az saytının həmin oyunu izləyən əməkdaşı bu matça fərqli prizmadan yanaşmaq şansı qazanmışdı. Media sektorunun müəyyən hissəsi ehtiyat oyunçular skamyasına olduqca yaxın yerdə olması, baş məşqçilərin oyun zamanı yetirmələrinə, köməkçilərinə, hakimlərə və ümumiyyətlə, özləri-özlərinə dedikləri ifadələri eşitmək imkanı yaradırdı. 
Meydan sahiblərinin baş məşqçisi Emin Quliyev və onun vizavisi Roman Qriqorçuku birləşdirən cəmi bir məqam oldu: hər iki mütəxəssis 90 dəqiqə ərzində bir dəfə də olsun ehtiyat oyunçular skamyasında əyləşmədilər. Bütün oyunu ayaq üstə izləyən mütəxəssislərdən daha çılğını ukraynalı Qriqorçuk idi…
Qarşılaşmanın ilk 15 dəqiqəsi qarşılıqlı hücumlar şəraitində keçirdi. Hətta bəzi epizodlarda Quliyevin gənc və təcrübəsiz yetirmələri Avropa Liqasının qrup mərhələsinin iştirakçısını üstələyə də bilirdilər. Bu da onların entuziazmından qaynaqlanırdı. Matçın bu kəsiyində Qriqorçuka əl vursaydın, barmaqların yanardı. Hər top itkisinə, müdafiədə buraxılan mövqe səhvlərinə, ötürmə zamanı baş tutan qeyri-dəqiqliyə kəskin reaksiya verən 50 yaşlı mütəxəssis yetirmələrini məzəmmət etməklə, onları ayıltmağa çalışırdı. Onun yetirmələrinə aşılamağa bacardığı qalib psixologiyasından ilk dəqiqələrdə əsər-əlamət olmaması təcrübəli çalışdırıcını özündən çıxarırdı. Futbolçularının meydanın mərkəzində sıx oynamadığını, rəqibin topu rahat qəbul etməsinə əsəbləşən Qriqorçuk “yaxın oynayın, yaxııın”, çığırtısı ilk dəqiqələrdə “Qəbələ”nin oyunçularına fayda vermirdi.
Paytaxt təmsilçisinin gənc çalışdırıcısı isə ünvanlı müraciətlə yadda qaldı. Üzünü Ağakərimzadəyə tutaraq, o “Yamin, apar, apar”, deyrək, 23 yaşlı müdafiəçini top komanda yoldaşında olarkən, rəqib komandanın futbolçusunu qapıdan aralı aparmağı tapşırığı verirdi.
Ancaq Qriqorçukdan fərqli olaraq, “Rəvan”ın baş məşqçisi daha təmkinli, daha az epizodda emosiyalarını səslə ifadə edirdi. Qonaq komandanın baş məşqçisi isə dayanmaq bilmirdi: “Oxu”, komanda yoldaşının edəcəyi ötürməni əvvəlcədən “oxu” ki, daha erkən açıla biləsən”. Bu sözləri o, ən çox məzəmmət etdiyi Samir Zərgərova ünvanlamışdı. Onun cinah yarımmüdafiəçisinə növbəti iradı da özünü çox gözlətmədi: “Samir, müdafiəçi topu qəbul etdisə, qanadınla şığımalısan irəli. Yatırsan”!..
Nəhayət, “Qəbələ” ilk təhlükəli epizodu yaratdı. Müdafiəçilərindən hansınasa qışqıran Quliyev “yaxın oyna, “stenka” oynayırlar, itirirsən (vizavisini nəzərdə tutur – red.)” iradını bildirməklə, sabiq həmkarına (axı Emin özü çox sərt və etibarlı müdafiəçi olub) səsini ucaltdı.
“Qəbələ”nin baş məşqçisinin bəzi epizodları dodaqları altında şərh etməsi, nədən gileyləndiyini üzə çıxarmasa da, ümumi ansabla qışqırması hətta xeyli aralıda da eşidilirdi: “yerlə oynayın, daha çox yerlə”. Onun növbəti iradı yenidən Zərgərova oldu: “Samir, zonana bax! Gör sən hardasan, zonan hardadı və orada hansı komanda yoldaşın var. Niyə boş qoymusan?” Az keçmişdi ki, 66 nömrə yenidən Qriqorçukun “radar”ına tuş gəldi: “Göstər də, Samir, göstər topun ötürülməsini bədəninin hansı nahiyəsinə istəyirsən”. Ukraynalı çalışdırıcı həmyerlisi Vitali Vernidubu da “yağlamağ”ı unutmadı. Künc zərbəsi zamanı meydan sahiblərinin qolkiperi topu yumruğu ilə uzaqlaşdırarkən üzünü köməkçilərinə tutan mütəxəssis “Vitya həmin mövqedə olmalı idi. Vitya həmin top uğrunda mübarizə aparmalı idi. Hanı Vitya? Heç orada onu görən oldu?”
Emin Quliyevin növbəti dəfə səsi baş hakim Elvin Əsgərovun ünvanına səsləndi: “Eeey, meydanda iki top var”! Ancaq ədalət təmsilçisi buna reaksiya vermədi. Buna səbəb artıq həmin an 2-ci topun meydandan çıxarılması idi. Ardınca Quliyev yetirmələrinə səsləndi: “Hərəkət edin, açılın, top istəyin”. Ruslan Tağızadənin komanda yoldaşlarına daha çox havayla ötürmə etməsinə də “Rəvan”ın baş məşqçisi biganə qalmadı: “Ruslan, ayağı axtar, yerlə ötürmə et”. Epizodların birində Alibobo Raxmatullayevə qarşı qonaq komandanın futbolçuları kobud oynadılar. Top bakılılarda qaldığı üçün hakimin fiti susdu. Epizod başa çatdıqdan sonra Quliyev inadkarlıqla baş hakimi səslədi. Nəhayət, Əsgərov onun tərəfə baxdıqdan sonra əl işarəsi ilə sarı vərəqə göstərməsini tövsiyə etdi. 
Dəqiqələr ötür, tablodakı sıfırlar dəyişməz qalırdı. Nəhayət, 37-ci dəqiqədə Dodo toru silkələdi. Bayaqdan qaynayan Qriqorçuk qola ümumiyyətlə, heç bir reaksiya göstərmədi. O, heykəl kimi yerində dayanmışdı. Quliyev də məyusluğunu büruzə vermədi. Daxilində nələr çəkdiyini isə bir özü bilirdi, bir də Allah…
Fasilədən sonra baş məşqçilər daha təmkinli idilər. Yalnız hesab arasındakı fərq 3-ə çatdıqdan sonra növbəti “partlayış” müşahidə olundu. Bu dəfə də səhnəyə Qriqorçuk çıxdı. Yetirmələrinin arxayınlaşdığını görən ukraynalı mütəxəssis hücuma meylli futbolçularından pressinq tətbiq etməyi tələb etdi. Bu da başadüşüləndi. Axı qaşıdan “Krasnodar”la oyun gəlir və ruslar çətin ki, gəzişməyə imkan verələr.
Mətbuat konfransında məşqçilər fərqli əhval-ruhiyyədə idilər. Qriqorçuk qələbədən eyforiyaya qapılmasa da, emosiyalarını oyunda xərcləmişdi. Quliyev isə deməyə söz tapmırdı. Bu da başa düşüləndi. 0:3 onun əvəzinə her şeyi deyirdi…   
CEYHUN ƏLİYEV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp