“Zirə”də hələ ki, işlər yaxşıdı. Komanda uğurlu oyunlar seriyasını davam etdirir və nəticələr problemlərin də üstünü örtür. Amma…
…amma debütantda klubdaxili ab-hava çox pisdi və yəqin ki, ilk məğlubiyyətdən sonra barıt çəlləyi partlayacaq. Futbolçular arasında münasibətlər, məşqçinin kollektivdəki hökmranlığında çatışmazlıqlar var. Təki yanılaq, ancaq mətbəxin içindən xəbərdarıq və pis hadisələr olacağına əminik.
Paytaxt təmsilçisində özbaşınalığın baş alıb getdiyini yaxınlarda reallaşan hadisə də sübut etdi. Belə ki, Premyer Liqada çıxış edən klubların əvəzediciləri arasında baş tutan “Zirə” – “Rəvan” matçında olanlar buna nümunə idi. 5-ci turdakı görüşdən sonra meydan sahiblərinə texniki məğlubiyyət verildi.
Bəlkə də, ilk baxışdan bu, adi səhv kimi qəbul edilə bilər. Məşqçi heyətinin protokolu doldurarkən mexaniki səhv etməsi mümkün hadisədi. Ötən mövsüm çempion “Qarabağ” da “Sumqayıt”la səfər matçında limiti pozub, texniki məğlubiyyət almışdı. Ancaq bu, bilərəkdən edilirsə, deməli, məsələ başqadı.
“Rəvan”la oyundan öncə bolqarıstanlı baş məşqçi Kamen Vasilyev limiti pozaraq, 3 deyil, 4 daha yaşlı oyunçunun adını protokola salıb. Əsasnaməyə görə, komandaların heyətinə 8 nəfərdən az olmayaraq 1994-cü il və ya daha gənc təvəllüdlü (Azərbaycan vətəndaşı) futbolçular daxil edilməlidi. Ancaq əcnəbi çalışdırıcı onlardan birini “ixtisar”a salaraq, limiti pozub. Bu isə 1:0 hesabı ilə qalib gələn “Zirə”yə texniki məğlubiyyət bahasına başa gəlib.
Maraqlıdı ki, Ruslan Poladov (1979), Ruslan Cəfərov (1993), Eltun Hüseynov (1993) və Hacı Əhmədovun (1993) adı eyni vaxtda protokola salına bilməzmiş. Bunu isə oyundan öncə matçın 4-cü hakimi protokolu tərtib edən köməkçi məşqçi Nurəddin Məmmədovun diqqətinə çatdırıb. O isə günahın Kamen Vasilyevin boynuna biçiləcəyini bildiyi və sələfi gözü ilə baxdığı bolqarın qovulmasını istədiyi üçün buna göz yumub.
Bu, “Zirə”də pərdə arxasında gedən oyunlardan yalnız biridi. Komandada nəticələr pisləşən kimi daha maraqlı olaylar üzə çıxacaq. Təcrübəsiz insanların idarə etdiyi, peşəkarlıq baxımından axsayan debütant hələ çox diqqət mərkəzində olacaq.
Yeri gəlmişkən, “Zirə”  – “Rəvan” matçında oyunöncəsi iclasda ev sahiblərinin nümayəndəsi iştirak etmədiyinə görə klub 1000 manat cərimə də olunmuşdu. Ümid edirik, paytaxt klubu bundan nəticə çıxarıb. Yada salmaq üçün xatırladaq ki, sabah “Xəzər Lənkəran”la oyundan öncə yenə belə bir tədbir olacaq. İştirak etmək mütləqdi!..
FƏRİD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp