Bu gün Topaz Premyer Liqasında 6-cı turun növbəti oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, "Qarabağ" yeni stadionunda "Neftçi" ilə 1:1 bərabərə qalıb.
"Azərsun Arena"dakı qarşılaşmadan sonra Bakı klubunun Müşahidə Şurasının rəhbəri Çingiz Abdullayev jurnalistlərə müsahibə verib:
– “Neftçi”nin necə oynamağını yazarsınız. Əksər futbolçularımız gəncdi. Fikrimcə, qapımıza verilən penalti düzgün deyildi. Futbolçulara da bildirmişəm, fikrimcə, biz bu gün qalib gəlmişik. 
– Epizodun təkrarına baxmısınız?
– Bəli, hamımız baxdıq. Mütləq bu məsələ ilə bağlı şikayət edəcəyik. Komandamız bu gün qonaq qismində burada oyunu ilə sübut etdi ki, oynaya bilirik. Qarşılaşmadan öncə bəziləri bizə şans tanımırdı. Rəqib çox yaxşı komandadı. “Qarabağ”ı, “Qəbələ”ni həmişə bəyənmişik.  Amma bu gün “Neftçi” adını çəkdiyim komandalardan heç də pis oynamır. Bu sözü demək istməsəm də, yenə də deyəcəm: Biz bu gün rəqibdən yaxşı oynadıq. 
– Ola bilərmi ki, “Qarabağ” Avropa Liqasında “Anderlext”lə görüşünü düşünüb, bu qarşılaşmada çox güc qoymadı?
– Mən buna inanmıram. Mən yazıçıyam. Məsələn peşəkar yazıçı heç vaxt pis kitab yaza bilməz. Bu gün “Qarabağ” çox yaxşı çıxış etsə də, “Neftçi” ondan qat-qat güclü oyun sərgilədi. Hamınız idmandan yazırsınız, bunu görmədiniz? Məgər mən səhv deyirəm? Əgər belədisə, onda yazın ki, “Qarabağ” “Neftçi”dən yaxşı oynayırdı.  Amma bu belə deyildi. 
– Penalti epizodunu nəzərə almasaq, sizcə, ümumi 90 dəqiqə ərzində hakim “Neftçi”yə qarşı qərəzli idi?
– Fikrimcə, 90-cı dəqiqədəki penaltidə “Neftçi”yə qarşı haqsızlıq olub. Sabah sizin nə qiymət verdiyinizi oxuyacağam. Hamızına üz tuturam: Əgər futboldan başınız çıxırsa, heç olmasa insafla yazın ki, “Neftçi” bu gün “Qarabağ”dan pis oynamayıb. 
– Ola bilərmi ki, “Qarabağ”ın yeni stadionunun açılışı ilə əlaqədar penalti hakimlər tərəfindən rəqibə hədiyyə olundu?
– Çox gözəl stadiondu, “Qarabağ”ı təbrik edirəm. Çox adam bunu bilmir, bunu ilk dəfədi ki, açıqlayacam. Mənim atam ağdamlıdı və uşaqlıq illərimin bir hissəsi orada keçib. “Qarabağ” və “Neftçi” üz-üzə gələndə ürəyim 2 yerə bölünür. “Qarabağ”ın digər komandaları məğlub etməyini istəyirəm amma “Neftçi”ni yox. 100-cü dəfədi ki, təkrar edirəm siz də gördünüz, məgər həmin epizodda penalti var idi? Mən bununla razılaşa bilmərəm. Amma sevinirəm ki, bizim gənc futbolçularımız, məşqçimiz belə gözəl komanda formalaşdırıb. İnanıram ki, bu cür davam etsə, 2-3 ilə uğur qazanacağıq. 
– Bu heç-heçədən sonra “Neftçi” çempionluq uğurunda mübarizəyə qoşula biləcəkmi?
– “Neftçi” həmişə 1-ci yer üçün oynamalıdı. İlk pillədə olmasaq da, bu oyunla niyə də çempion olmayaq? 
– “Neftçi” əvvəlki matçlarda bu oyunun heç 10 faizini də nümayiş etdirə bilmirdi…
– Bəli, amma bu gün gördünüz ki, oynadı. 
– Bundan sonra da belə oynayacağına əminsiniz?
– Bəli, əminəm. Futbolçular artıq yavaş-yavaş bir-birlərinə uyğunlaşır. Futbolçularımızın əksəriyyəti çox gəncdi. Bunu niyə yazmadığınızı bilmirəm. Hazırda ən gənc komanda bizdədi. Ortalığa axmaq-axmaq şeylər çıxır, bunları yazırsınız. (Bundan sonra, Çingiz bəy əsəbi şəkildə danışmağa başlayır) Mən aprelin 1-də Müşahidə Şurasına sədr gələndə o zaman Prosineçki (Azərbaycan millisinin baş məşqçisi) ilə görüşüb, xaiş edirdik ki, “Neftçi”dən milliyə heç olmasa 1 futbolçu çağırsın. 5 ay geridə qalıb, indi “Neftçi”nin 9 futbolçusu milli komandadadı. İnsafınız olsun, bu haqda da yazın. Nə axmaq şeylər var yazılır: “Çinigiz istefaya gedib”, “Kimdənsə küsüb”, Penklub və s. Amma bayaq dediyim mövzu haqqında yazan yoxdu. Əsas göstərici budu! Biz sabahkı günümüzü fikirləşirik! “Neftçi”də 18-19 yaşlı futbolçular var. Fəhminin və digər gənc futbolçuların necə oynadığına baxın. Bunu yazın! Biz komanda yaratmaq istəyirik və bunu da edəcəyik! Ölkə kubokunun finalında “Qarabağ”a 1:3 hesabı ilə uduzduğumuz oyun ilə bu qarşılaşmanı yada salın. Deyin görək dəyişikliklər var ya yox?
– “Neftçi”dən 9 futbolçunun milli komandaya çağrıldığını qeyd etdiniz. Amma əsas heyətdə 1 və 2 oynçu düşür…
– Əvvəl heç 1-də aparmırdılar. Mən dəqiq dedim bunu. Təbii, milliyə gedən bütün futbolçular meydana çıxmır. Amma görünən odu ki, futbolçlar zəhmət çəkir ki, milliyə dəvət olunur. Əgər pis çıxış etsəydilər, Prosineçki onları heç ehtiyatda da saxlamazdı. 
– Oktyabrın 1-də “Anderlext”lə oyunda “Qarabağ”a dəstək olacaqsınız?
– Bəli, hamımız azərbaycanlıyıq, buna sevinməliyik ki,  2 komandamız avroliqanın qrup mərhələsindədi.
ELMAR ABDULLA-ZADƏ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp