Bu gün Topaz Premyer Liqasında 6-cı turun növbəti oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, "Qarabağ" yeni stadionunda "Neftçi" ilə 1:1 bərabərə qalıb.
"Azərsun Arena"dakı qarşılaşmadan sonra Bakı klubunun qapıçısı Aqil Məmmədov jurnalistlərə müsahibə verib:
– Fariz Yusifov qələbəni əlinizdən aldı, ya yox? Bu haqda nə düşünürsən?
– Mən hakimlik haqda danışmaq istəmirəm. Fariz də Azərbaycanın təcrübəli hakimlərindən biridi. Fikrimcə, həmin epizodda penalti yox idi. Gedib yenidən təkrara baxa bilərlər, hadisə gözümün qabağında oldu. Amma yenə də hakimin qərarına hörmətlə yanaşıram.  
 
– Araz Abdullayevin oyunu erkən tərk etməsi sizə psixoloji baxımdan pis təsir etdimi?
– Xeyr, biz bir komandayıq. Hamımız can qoyub, vuruşmalıyıq. Arazın yerinə də Ruslan meydana daxil oldu. O da çox gözəl oynadı. Buna baxmayaraq, qələbə bizim olmalı idi, sağ olsunlar, 3 xalı əlimizdən aldılar. 
– Aldığın sarı vərəqəni düzgün sayırsanmı?
– Bəli, hakim haqlı idi. 
– Matçdan sonra əsəbi görünürdün, hətta qırmızı vərəqə də ala bilərdin…
– Əlbəttə, hakimə etiraz etməli idim. Haqsız verilən penalti ilə 90-cı dəqiqədə qələbə əlimizdən alınmışdı. Bunu təkcə mən yox, hamı deyir. 
– Səncə, belə oyunla “Neftçi” 90-cı dəqiqəyədək artıq matçın taleyini həll etməli deyildimi?
– Çoxları deyir ki, heç kim “Neftçi”dən belə oyun gözləmirdi. Hamı “Qarabağ”ı favorit sayırdı. Biz də yaxşı komandayıq. Ola bilər, rəqib futbolçuların ustalıq səviyyəsi bizim oyunçulardan daha yüksəkdi. Amma futbol kollektiv oyundu. 
– “Qarabağ” sanki, qarşısında bu cür “Neftçi” gözləmirdi…
– Xeyr, “Neftçi”nin elə adı var ki, rəqib istər-istəməz motivasiya olur. 
– Penalti zamanı topu xilas edə bilərdinmi?
– Belə vəziyyətdə qapıçının şansı 10 faiz olur. Ya Allah, mən bir tərəfə, top bir tərəfə getdim (gülür).
– Qarşıdakı turlarda da “Neftçi”dən belə gözəl oyun görə biləcəyikmi?
– Bu mövsüm “Neftçi”dən ancaq gözəl oyun görəcəksiniz.
ELMAR ABDULLA-ZADƏ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp