Ötən gün 6-cı turun mərkəzi qarşılaşması yeni təmirdən çıxan Suraxanıdakı “Azərsun Arena”da baş tutdu. Maraqlıdı ki, “Neftçi” bəlkə də, tarixində ilk dəfə idi “Qarabağ”la matça aşkar autsayder kimi çıxırdı. Qurban Qurbanovun ötən mövsümlə müqayisədə, yenilənmiş heyəti cütlüyün aşkar favoriti hesab olunurdu. Bunu həm turnir cədvəli diqtə edirdi, həm Ağdam təmsilçisinin Avropa Liqasının qrupuna düşməsi, həm də ölkə çempionunun hazırda sərgilədiyi futbol. Ancaq…
“Neftçi” necə “dirildi”?
Birinci hissədə başabaş mübarizə aparan “ağ-qaralar” fasilədən sonra bütün gözləntiləri alt-üst etdilər. Oyunun tempinin artacağını hamı gözləyirdi. Lakin sürəti artıran, pressinq tətbiq edən proqnozlaşdırılan kimi “Qarabağ” olmadı. Bu oyun “Neftçi”nin ifasında cari mövsümdə sərgilənən ən gözəl futbol idi. Doğrudu, Samir Əliyevin yetirmələri Avropa Liqasının cavab qarşılaşmasında “Mladost”la da parlaq futbol ortaya qoymuşdular. Ancaq Çernoqoriya təmsilçisi “Qarabağ”la tərəzinin bir gözünə gələ bilməz. Bəs nə baş verdi ki, “Neftçi” “dirildi”? Futbolun gözəl bir deyimi var: “Hər kəs rəqib imkan verdiyi qədər oynaya bilir”. “Qarabağ” da qonaqlara imkan verdi. Yox, meydan sahibləri meydanda ayaqlarını sürümürdü. Sadəcə, meydan sahiblərinin “indi olmaz, sonra vurarıq” psixologiyası ilə oyuna yanaşması “ağ-qaralar”da özünəinam hissi yaratdı. “Adlı-sanlı rəqib əlahiddə heç nə ilə yadda qalmırsa, deməli, ona “dişimizi” göstərə bilərik” – “Neftçi”də bu durumun yaranmasının səbəbkarı Reynaldo və dostları oldu. 
İşlək mexanizmin nasaz cihazı
Ən böyük antiqəhrəman isə əlbəttə ki, İbrahim Şehiç oldu. Artıq birinci dəfə deyil ki, bosniyalı əlcək sahibi Qurban Qurbanovun işlək mezanizminin ən nasaz cihazı olur. Ruslan Qurbanovun ustalıq səviyyəsi hətta indiki – büdcəsi kasad, heyətin əksəriyyətinin gənclərdən təşkil olunmuş “Neftçi”yə layiq olmadığı bu gün bir daha özünü sübut etdi. Buraxdığı mövqe sahvləri və individual hərəkətlərdəki top itkiləri bir yana, qapının 6 metrliyindən endirdiyi zərbənin şərhi isə birdi: sən elə “Sumqayıt”a layiqsən. Ancaq xatırlamaq yerinə düşər ki, Qurbanovun yerinə normal səviyyəli futbolçu olsaydı, İbrahim Şehiçin həmin kobud səhvini bağışlamayacaqdı. Elə Erik Ramos da Şehiçin ideal formadan xeyli uzaq düşdüyünün fərqində idi. Məhz buna görə 30 metrlikdən zərbə endirməyi qərara aldı və… yanılmadı. Mətbuat konfransında həmin epizodu şərh edən Qurbanov bu cür halların istənilən qapıçının başına gələ bildiyini söyləsə də, əminəm ki, o, "qış transfer pəncərəsi" zamanı ilk növbədə məhz çərçivə üçün namizəd üzərində baş sındıracaq. Xatırladaq ki, avrokuboklara Çempionlar Liqasında start verən komanda Şotlandiya “Seltik”i ilə görüşdə də məhz Şehiçin səhvindən sonra büdrəmişdi. Bütün bunlar hazırda “Qarabağ”ın ən çox narahatçılıq doğuran məhz qapı xəttinin olduğunu söyləməyimizə əsas verir.
Qurbanovun qurbanı
Mətbuat konfransında “Qarabağ”ın baş məşqçisinin söylədiyi daha bir cümlə də diqqətçəkən oldu: “Oyunçuları neçənci dəqiqədə dəyişəcəyimi əvvəlcədən planlaşdırmışdım”. Bu, yalnız bir şeydən xəbər verir: Qurbanov Avropa Liqasının 1/16 finalına yüksəlmək barədə düşünür. Bunun üçünsə ilk növbədə Belçika “Anderlext”ini Bakıda məğlub etmək gərəkdi. Ağdam klubunun çalışdırıcısı da çempionat oyununu müəyyən mənada qurban verdi. Bununla “Neftçi”nin sərgilədiyi futbola kölgə salmaq niyyətindən uzağıq. “Neftçi” həqiqətən təqdirəlayiq futbol oynadı. Ancaq “atlılar” bu matçda məğlub olmağa belə hazır idilər. Qurbanov özü üçün “Anderlext”lə oyunun cızma-qarasını etmək üçün “Neftçi”yə qarşı görüşü qurban verməyə hazır olub. Mizan onun haqlı olduğunu göstərir. Elə buna görə sərgiləyəcəkləri futboldan asılı olmayaraq, o, kimin neçə dəqiqə meydanda olacağını əvvəlcədən proqnozlaşdırıb.
Yusifov üçün 1-ci dövrə bitdi
Təəssüf ki, yazının sonunu oyunun son dəqiqəsində baş verən epizodun şərhi ilə bitirməli oluruq. Tribunadan Samir Məsimovun Coşqun Diniyevə qarşı qayda pozuntusuna yol verib-vermədiyi aydın görünmürdü. Ancaq evə gəldikdən sonra həmin epizodu saniyə-saniyə izlədim. Təəssüf ki, baş hakim Fariz Yusifov səhv qərar verib və faktiki olaraq, “Neftçi”ni qələbədən məhrum edib. Bu isə onun yaxın 5 turda təyinat almayacağından xəbər verir. Epizoda gəlincə, hakim “Neftçi”nin baş məşqçisinin adaşının “Kəpəz”in baş məşqçisinin oğlunu itələdiyini iddia edə bilər. Doğrudu, əksər hallarda bu cür epizodlarda ədalət təmsilçiləri qayda pozuntusu qeydə almırlar. Amma deyək ki, əllə təmas olub. Lakin qayda pozuntusu təmas başlanan yerdən qeydə alınır. Epizodun təkrarına diqqətlə baxın. Futbolinfo.az-ın videoicmalının 1:54 olan yerində hər şey aydın görünür: Məsimov cərimə meydançasından kənarda Diniyevə toxunur. Vəssəlam. Penaltidən söhbət gedə bilməz. Bu isə hakimin oyununun nəticəsinə təsir edən qərar verməsi deməkdi. Başqa sözlə, Fariz Yusifovu 5 oyunluq cəza gözləyir. Deməli, onun üçün çempionatın 1-ci dövrəsi 6-cı turdan sonra başa çatdı.
CEYHUN ƏLİYEV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp