“Rəvan”da bütün ümidlər oktyabrın 2-də baş tutacaq oyunadı. AZAL-la səfər matçında da qələbə qazanılmasa, “aslanlar” baş məşqçi Emin Quliyevi istefaya göndərəcək.
 
 
Əslində, baş məşqçi dəyişikliyi ilə bağlı qərar “Qəbələ”ylə oyundan sonra verilməliydi. Adətən uğursuz oyunlardan sonra gecə toplantısına yığışan, yeni sutkanın ilk saatlarında kritik qərarlar verən paytaxt klubunun rəhbərliyi yenə eyni addımı atmaq istəyib. Amma rəqibin Avropa Liasının qrupunda oynayan kollektiv olması nəzərə alınıb və ictimai qınaqdan ehtiyat edən rəhbərlik mümkün dəyişikliyi AZAL-la oyundan sonraya saxlayıb.
 
 
O da maraqlıdı ki, rəhbərlik Emin Quliyevdən heç də nəticələrə görə narazı deyil. Çünki Premyer Liqanın startı ərəfəsində 10 günə təcili heyət yığıb çempionata qatılan komandadan uğur gözləmək də ağılslzlıqdı. Baş məşqçidən narazılığın əsas səbəbkarı Rövşən Babayevdi. Köməkçi məşqçinin üzündən komanda daxilində ciddi problemlər ortaya çıxıb.
 
 
İş ondadı ki, komandada bir sıra məsələlri məhz Babayev həll edir, o isə aparıcı oyunçularla, eləcə də legionerlərlə yola getmir. Quliyevin hərəkətlərinə göz yumduğu Rövşən bəyin etdikləri isə futbolçuları həvəsdən salır. Məhz ona görə bir çox futbolçular məşqlərə və oyunlara barmaqarası yanaşır.
 
 
Babayev o qədər səlahiyyət sahibidi ki, hətta adı bu gün də komandanın iştirak ərizəsində olan Mindauqas Kalonas “Rəvan”da oynamaq istəmədi. “Simurq”da oynadığı vaxt o zaman bu klubda işləyən Babayevlə dalaşmış litvalı legioner elə bu səbəbdən anlaşdığı paytaxt təmsilçisindən ayrılıb.
 
 
Təbii ki, belə əhval-ruhiyyənin hökm sürdüyü komandadan yaxşı nəticələr gözləmək olmaz. Həm də nəzərə alaq ki, klub rəhbərliyi gözünü AFFA-ya dikərək futbolçuların maaşını yubadır. Problemlər üst-üstə qalaqlandıqca isə nəticələr pisləşir, “Rəvan” turnur cədvəlinin dibinə yuvarlanır. Klubun sahibi Nuru Əliyev problemləri yoluna qoymaqdansa, çıxış yolunu – həmişəki kimi – məşqçi dəyişikliyində görür. Elə bu səbəbdən də növbəti turun AZAL-la oyununa dönüş nöqtəsi kimi baxılır.
 
 
Artıq Bəhmən Həsənov Emin Quliyevi əvəzləmək üçün günləri sayır. Dəfələrlə "Rəvan"ın baş məşqçisi olmuş bu şəxs yenə günəşin bəxtinə doğmasını gözləyir. Müvəqqəti baş məşqçi işləyib, sonra yenə şirkətin koridorlarında dolaşmaq üçün…
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp