11 ildir ki Azərbaycanda çalışan, futbolçuların saç düzümünü etibar etdiyi türkiyəli bərbər Cəmil Özkoçun futbolinfo.az saytına müsahibəsi:
– Azərbaycana gəlişin necə reallaşdı?
– Mənim dostlarım burada çalışırdı. Onların dəvəti ilə Bakıya gəldim. Azərbaycanda işləməyə çalışdım və artıq uzun müddətdir ki, buradayam. Hazırda mənim iki vətənim var – Azərbaycan, Türkiyə.
– Bildiyimə görə, məhz Azərbaycanda ailə qurmusan..
– Elədi.
– Azərbaycanda demək olar ki, hər binanın altında, hər çay evinin yanında bərbər var. Necə olur ki, bu qədər futbolçu məhz sənin yanına gəlir?
– İlk futbolçu müştərim o vaxt “Bakılı” klubunda oynayan Abdulkadir Öz olub. Azərbaycanda türk usta axtara-axtara mənim yanıma gəlib çıxmışdı. Saçını kəsdim və bəyəndi.  Daha sonra azərbaycanlı oyunçular gəlməyə başladılar. Milli komandanın keçmiş oyunçusu Füzuli Məmmədov mənə müraciət edən ilk yerli oyunçu olub. Belə demək mümkünsə, Məmmədov mənim menecerim olub. İndi isə gəlmir, amma mütəmadi olaraq, danışırıq.
– İndi sənə müraciət edən futbolçular hansılardı?
– Demək olar ki, milli komandanın bütün üzvləri. Vüqar Nadirov, Ruslan Abışov, Qara Qarayev, Əfran İsmayılov tez-tez gəlirlər. Bundan əlavə, Aqil Nəbiyev gəlir. Vurğulayım ki, Aqil bu sahədə mənə ən çox yardım edən futbolçulardan olub. Adlarını çəkmədiyim digər oyunçular da mənə müraciət edirlər. Və onların istəyinə uyğun olaraq, saç kəsimi edirəm.
144343124912071268 879389145484386 478696717 n - Futbolinfo.az
– Ən çətin formaya düşən saç kimindi?
– Əfran İsmayılovun. Əfranın saçını iki dəfə düzəldirəm. Bir dəfə azaldıb, quruduram, sonra ikinci dəfə düzəldirəm. Çox çətin saçı var. Elə futbolçular var ki, onların saçını düzəltmək çox asandır. Ruslan Abışov digər oyunçulardan fərqli olaraq, hər dəfə bir stil seçir. Ciddi şəkildə hiss olunmasa da, həmişə saçında dəyişikliklər etməyi xoşlayır. 
144343124912047253 879389088817725 1645780544 n - Futbolinfo.az
– Ən xəsis müştərin kimdi?
– Mahir Şükürov. 
– Ən əliaçıq müştərin?..
– Ümumiyyətlə, mən yanıma gələn oyunçuların  təkcə ustası deyiləm, həm də dostuyam. Elə futbolçular var ki, dərdimizi-sevincimizi bölüşürük. Hər bir oyunçuya minnətdaram. Amma suala konkret cavab olaraq deyim ki, pul məsələsində legionerlər bir addım öndədir. 
– Elə futbolçu və ya məşqçi olub ki, onun gedişinə təəssüflənmisən?
– Əlbəttə. “Xəzər Lənkəran”ın keçmiş oyunçusu Ahmed Dursun mənim müştərim idi. Böyük klublarda oynasa da, çox sadə insan idi. Bundan əlavə, Con Toşak və Cavat Gülər də gəlib-gedirdi. Toşakı bir dəfə xeyli vaxt gözlətmişəm. Sonra saatı 5 dəfə dəqiqləşdirib gəlirdi. İlk gələndə 5 manat pul vermişdi. Azərbaycandan gedişinə ən çox təəssüfləndiyim oyunçu isə Admir Telidir.   Azərbaycanda uzun müddət oynayan futbolçu ilə çox yaxşı münasibətim vardı. Gedişinə indi də üzülürəm. Onunla birgə Azərbaycana gəlmiş Ansi Aqolli indi də ən yaxşı müştərilərimdəndir.
– Ən kaprizli müştərin hansıdı?
– İndiki zamanda Qara Qarayev. Çox həssasdır. Demək olar ki, ona heç nə bəyəndirmək olmur. 
144343124912067385 879389115484389 646154208 n - Futbolinfo.az
– Ən yeni futbolçu müştərin kimdir?
– Son vaxtlar Reynaldonun da saçını düzəldirəm. Ən sonuncu gələn isə Eddi İsrafilov olub. Saçını görüb dəli olmuşdu. Mənə dəfələrlə təşəkkür etdi. Dedi ki, İspaniyada saç ustaları ancaq xanımlardı. Yaxşı iş bacarmırlar. Bildirdi ki, millinin toplanışına gələndə yenə saçını mənə düzəltdirəcək. 
– Bərbərxanalarda çox xəbərlər olur. Sənin də məkanın səs-küylüdür?
– Elədir. Türkiyədə belə bir deyim var: “xəbəri bərbərdən sor” (gülür). Burada da çox xəbərlər olur, daha çox transfer xəbərləri. 
– Başqa hansı təbəqədən insanlar yanına gəlir?
– Demək olar ki hər təbəqədən. Hər birinə böyük hörmətim var. 
– Nəvaxtsa Azərbaycandan getməyi düşünürsən?
– Qismətdi. Həyatda hər şey ola bilər. Amma mən Azərbaycanda ailə qurmuşam, 11 ildir Bakıdayam, övladım burada məktəbə gedir. Düşünmürəm ki, Azərbaycanla əlaqələrim nəvaxtsa tam kəsilsin. Özümü burada xoşbəxt hiss edirəm.
– Hansı komandanın azarkeşisən?
– Tarix yazan “Qalatasaray”ın. Azərbaycanın isə bütün komandalarına, xüsusən də “Qarabağ”a simpatiyam var.
 
TİMUÇİN
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp