“Xəzər Lənkəran”ın gənc yarımmüdafiəçisi Elşən Rzazadənin futbolinfo.az-a müsahibəsi:
– Doğma meydanda debütant “Zirə”yə uduzdunuz. Səncə, məğlubiyyətə səbəb nə oldu?
– Fikrimcə, biz bu matçda pis oynamadıq və məğlubiyyətə layiq deyildik. Biz daha çox qol epizodları yaratdıq. Sadəcə, top qapıya girmək istəmirdi. Bu qələbəni “Zirə”nin bəxtinə yazmaq olar. Onlar üçün uğurlu gün idi.
– Son dəqiqələrdə qapınıza təyin olunan penalti haqlı qərar idi?
– Tam dəqiq görmədim. Amma hakim epizoda yaxın idi. Veribsə, deməli var imiş.
– Komanda hücum qurmaqda əziyyət çəkir…
– Düzdü, müəyyən problemlər var. Məsələn, gördünüz ki, komanda şəklində hücum edə bilmirdik. Sadəcə, fərdi ustalıqlardan daha çox yararlandıq. Uzaqdan zərbələrə üstünlük verirdik.
 
– Oyun səni qane etdi?
– Yox. Qələbə qazansaydıq, hər şey yaxşı olardı. Komanda yoldaşlarım yaxşı oynadılar. Hamısına təşəkkür edirəm.
– Ümumiyyətlə, doğma azarkeşlər önündə xal almaq şansınız varkən məğlub olmağınızı qəbul etmək çətindi?
– Rəqib təzə yaranmış komanda olsa da, heyətinə baxın, təcrübəli futbolçular üstünlük təşkil edirdi. Bizdə isə gənclərdən ibarət heyət var. Bununla belə sona qədər mübarizə apardıq və rəqibdən də üstün oynadıq. Bizim şanslarımız onlardan çox idi. Azarkeşlər isə sağ olsunlar ki, həmişə bizə dəstək olurlar.
– Oyunlara motivasiya olmaq baxımından əziyyət çəkmirsiz?
– Əvvəlcədən bilirdik ki, matç çətin olacaq. Öz meydanımızda oynayanda biz həmişə matça 1:0 öndə başlayırıq. Dəstək çox yaxşıdı. Sadəcə, bizdə bu gün alınmadı. Bəxtimiz də gətirmədi.
– Yeni oyunçuların heyətə qatıla bilməməsi ümumi ab-havaya yəqin ki, təsir edib?
– Gənclər üçün şans yaranıb. Yeni oyunçular olsaydı, başqa cür olacaqdı. Sadəcə, gənclər üçün yol açılıb və bu çox yaxşı haldı.
– Maddi problemlər də futbolçuları ruhdan salır…
– Bu problemlər çox komandalarda var. İnanıram ki, yoluna düşəcək.
– Yanvara qədər komanda çox kasad heyətlə mübarizə aparacaq. Hədəfiniz nədi və səncə, bu durumda komanda daha pis vəziyyətə düşməkdən yaxa qurtara biləcək?
– Qarşımıza hər hansı məqsəd qoyulmayıb. Sadəcə, hər dəfə meydana çıxıb, daha yaxşı oynmağa çalışacağıq. Rəhbərlik də bilir ki, bu heyətdən nəsə tələb etmək olmaz. Bizə desələr, birinci pilləyə və ya ikinci pilləyə çıxın, bu, mümkün deyil. Onlar bizə güvənirlər , biz də bacardığımızı edirik. 
– Sadio Tounkaranın heyətə qayıtması nisbətən vəziyyəti düzəldəcəkmi?
– Onun geri dönməsi bizi sevindirməyə bilməz. O, yaxşı futbolçu olmaqla yanaşı, həm də yaxşı insandı. Bütün bunlar komandaya müsbət mənada təsir edəcək. Qarşıdakı matçlarda start heyətdə meydana çıxıb bizə çox kömək edəcək.
– Adrian Skarlatake ardıcıl 2 oyunda qırmızı vərəqə alıb və komandanı pis vəziyyətdə qoyub. Səncə, rumıniyalının  belə vəziyyətə düşməsinə problemlər səbəb ola bilərmi? Axı onun kimi təcrübəli futbolçu həddən artıq ehtiyacı olan vəziyyətdə komandasına belə problem yaratmamalıdı…
– Skarlatakenin yoxluğu təbii ki, oyuna təsir edir. Çünki təcrübəli futbolçu həmişə komandaya lazımdı. Amma Elvin Mirzəyev də pis oynamadı. Penalti epizodu isə hamının başına gələ bilər.
AĞA
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp