Topaz Premyer Liqasının VI turuna dünən keçirilən “Xəzər Lənkəran” – “Zirə” oyunu ilə yekun vuruldu. Tur başa çatsa da, izləri qalıb… VI turda kifayət qədər yeniliklər və müzakirə müstəvisinə çıxarılacaq məsələlər oldu.
“Qarabağ”ın köçü!
Azərbaycan futbolunda həmişə aktual olan stadion problemini nəhayət ki, “Qarabağ” həll edə bildi. Suraxanıdakı Tofiq İsmayılov adına qəsəbə stadionu tam təmir olunmuş şəkildə komandanın və azarkeşlərin ixtiyarına verildi.
“Qarabağ”ın Suraxanıya böyük köçü Azərbaycan derbisi ilə əlamətdar oldu. Belə ki, “Neftçi” “Qarabağ”ın ilk qonağı oldu və matçda sülh qeydə alındı. Sözsüz ki, “Qarabağ”ın Suraxanıya qayıdışı, Azərbaycan futboluna yeni stadionun bəxş olunması böyük hadisə olsa da, ən çox müzakirə edilən məsələ Fariz Yusifovun qondarma penaltisi idi.
“Zirə”nin tarixi zəfəri
Topaz Premyer Liqasının VI turu “Zirə” üçün də əlamətdar oldu. Belə ki, cari mövsümdən Premyer Liqada iştirak edən komanda ümumilikdə 3-cü səfərdə ilk qələbəsini qazandı. Lənkəran səfərində heç də yaxşı oynamamasına rəğmən, qələbə “Zirə”nin oldu. Son dəqiqədə penalti zərbəsi ilə sabiq komandasını məyus edən kapitan Rəşad Abdullayev sevinməməklə həm də yemək yediyi qaba tüpürmədiyini göstərdi.
Tounkaranın dönüşü və azarkeş sevgisi
6-cı tur “Xəzər Lənkəran” üçün bəlkə də tarixi hadisə idi. Vaxtilə heyətində milyon dollar civarında legioner futbolçular çıxış edən “Xəzər Lənkəran” bu dəfə 11 yerli oyunçu ilə döyüşürdü. Bəli, düz oxuduğunuz: “Xəzər Lənkəran”ın start heyətində legioner yox idi…
Bunu müəyyən mənada 10 illik komandanın qələbəsi kimi qələmə verməklə yanaşı, düzgün aparılmayan transfer işlərinin, oyunçularla davranış qaydalarının aşağı səviyyədə olmasının bariz nümunəsi kimi də qələmə vermək mümkündür. Sözsüz, FİFA-nı qadağalar tətbiq etməyə “Xəzər Lənkəran” məcbur edib.
Matçın protokolunda olan yeganə legioner Sadio Tounkaraya isə ən azı kapitan Rahid Əmirquliyevə olan qədər sevgi vardı. Zədədən qayıdıb, cari mövsümdə ilk dəfə meydançaya çıxan oyunçunu 9700 azarkeş ayaq üstə alqışlayırdı. Sözsüz, bir əcnəbi üçün cəmi iki il çıxış etdiyi yerdə sevilmək xoşbəxtlikdir. Bravo, Sadio!
Hakim(siz)lik
VI tur eyni zamanda hakim səhvləri ilə yadda qaldı.  Turun ən azından 3 oyununda hakim səhvləri qeydə alındı. Sözsüz ki, ən böyük səhv Azərbaycan derbisində oldu. Fariz Yusifovun oyunun son dəqiqəsində penalti yaratması “Neftçi”nin neftini alovlandırdı. Həmin tura qədər Premyer Liqanın bəlkə də ən yaxşısı olan Yusifovun bu yaşda bu təzyiqə dözməməsi çox suallar ortaya çıxardı. Onun Anyeteyə qarşı antipatiyası və Bədavini sevimli oyunçusu kimi görməsi də altından qırmızı xətt çəkilməsi məqamlardır.
Rəhim Həsənovun Sumqayıtdan vay-şivənlə yola salınmasını da xatırlatmalıyıq. Bundan əlavə, İnqilab Məmmədov  Lənkəranda keçirilən “Xəzər Lənkəran” – “Zirə” oyununda zaman zaman oyuna hakimsizlik edirdi. Onun passivində verilməyən penaltisi də var. 
AZAL Quruli ilə uçdu
VI tur AZAL üçün də unudulmaz oldu. Büdcəsi minimumun minimumuna endirilən AZAL “Sumqayıt”la oyunda cari mövsümün ilk qolunu vurub ilk xalını qazandı. Həmin oyun komandanın yeni transferi Aleksandr Quruli üçün də əlamətdar oldu. Belə ki, Quruli ilk dəfə start heyətində meydançaya çıxdığı oyunda qol vurmağa müvəffəq oldu. Həm də bunu 90+4-cü dəqiqədə bacarmaqla AZAL-ı qismən də olsa, qanadlandırdı.
Bəzək olan açıqlamalar
VI turun oyunlarından sonra maraqlı açıqlamalar da gündəmi zəbt etdi. Qurban Qurbanovun penaltinin ləğv olunmasını istəməsi, Anyetinin canlı yayımda hakimi baltalaması, Aqil Məmmədovun Rəhim Həsənovu qınaması, Şahin Diniyevin yenə izahlı şərhləri VI tura işıq salan məqamlar oldu.
AĞA
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp