Klublar Komitəsindən (KK) çoxdandı soraq yoxdu. Adətən ayda bir dəfə toplaşan KK üzvləri payız fasiləsinə çəkilmələrinin səbəbi nədi? Bu suala aydınlıq gətirmək üçün AFFA-nın mətbuat xidmətinin əməkdaşı Firuz Abdulla ilə əlaqə saxladıq. 
Həmsöhbətimiz tədbirin konkret vaxtının olmadığını bildirdi: “İclaslar ayda 1 dəfə də keçirilə bilər, bir neçə dəfə də. Ancaq elə də ola bilər ki, heç ayda bir dəfə də keçirilməsin. Hər şey klubların bu tədbirə ehtiyac duymasından asılıdı. Hələ ki, Klublar Komitəsinin iclası planlaşdırlmır”.
Maraqlıdı, KK-nın sədri vəzifəsində dekabrda 1 ili tamam olacaq “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov yanvardan kreslosunu təhvil verəcəkmi? Firuz bəy bu məsələyə aydınlıq gəlmədiyini dilə gətirdi: “İlk variantda sədr vəzifəsinə 6 aydan bir seçkilərin keçirilməsini nəzərdə tutmuşdular. Lakin klublar qərara aldı ki, 6 ay azdı və seçkilərin ildə 1 dəfə keçirilməsini daha məqbul saydılar. Bu vəzifəyə istənilən klub rəsmisi bir neçə dəfə seçilə bilər. İndi deyə bilmərəm, Nadirovun namizədliyi yenidən müzakirə mövzusu olacaq, ya yox. Dekabrda bu məsələyə də aydınlıq gələcək”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp