"Zirə"nin salvadorlu hücumçusu Nelson Bonillanın futbolinfo.az saytına müsahibəsi:
– “Xəzər Lənkəran”la səfər qarşılaşmasında qələbə qazanacağınızı gözləyirdiniz, yoxsa heç-heçə üçün gəlmişdiz?
– Öncə lənkəranlı azarkeşləri qeyd etməliyəm. Onlar həqiqətən də tərifəlayiqdi və bu meydanda futbol oynamaq bizi sevindirdi. Oyuna gəlincə, 3 xalı qazandıq və buna görə sevinirik. 
– Premyer Liqada debüt ilindəcə 6 oyun məğlubiyyətsiz seriya əldə etmək əvvəlcədən real görünürdü? Ümumiyyətlə, bu nəticəni “Zirə” üçün əla saymaq olar?
– Yeni komandayıq və çempionatda ilk ildir ki, mübarizə aparırıq. Həmişə debütant komandalar əsas liqada oynayarkən özünü yaxşı tərəfdən göstərməyə çalışır. Komandamız çox çalışır. Bura gələrkən çox düşündüm və komandanın etmək istədikləri məni cəlb etdi. Düşünürəm ki, irəlilədikcə, daha yaxşı oynayacağıq.
– Oyunun əvvəlində bir penalti epizodu oldu və sən hakimə çox çılğın şəkildə etiraz etdin…
– Hakim də bir insandı və o da səhv edə bilər. Onu da başa düşmək lazımdı. Bütün bunları kənara qoyuruq və növbəti oyunları düşünürük. Bizə səfərdə 3 xal lazım idi və əldə etdik. 
– Qələbə qazanmasaydız da, həmin epizod haqqında eyni sözləri deyəcəkdin?
– Fikrimcə, rəqibin də təhlükəli epizodları oldu. Onları da nəzərə almaq lazımdı və bunu danmaq olmaz. Həmin penaltinin üstündə dayanmaq lazım deyil. 
– “Xəzər Lənkəran” sənə necə təsir bağışladı?
– Rəqib gənclərdən ibarət komandadı və fikrimcə, onlar düzgün istiqamətdədilər. Bir neçə ilə sonra bu gənclər diqqət cəlb edəcəklər. Məsələn, biz təcrübəli heyətə malik olsaq da, “Xəzər Lənkəran” bizə qarşı inamlı çıxış etdi. 
– Azərbaycana gəldikdən sonra burada gördüklərin sənə necə təsir bağışladı? Məsələn, 1-2 komandanı çıxsaq, hətta çempionluq üçün mübarizə aparan “Qarabağ” belə daxili liqada azarkeş baxımından əziyyət çəkir…
– Bu bizə və eləcə də digər komandalara aiddi. Əgər akademiya futboluna qayğı göstərilsə, getdikcə futbol təkmilləşəcək və azarkeşlər də meydana gələcəklər. 
– Komandalar baxımından vəziyyət qənaətbəxşdi?
– Futbolun səviyyəsi ilə bağlı burda problem yoxdu. Sadəcə vəziyyət getdikcə düzələcək və hər şey dəyişəcək. Biz də bu çempionatda bacardığımız qədər irəli gedəcəyik.
AĞA
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp