CBC telekanalının Topaz Premyer Liqasının yayımına 700 min manata sahib çıxmasından sonra digər telekanallara görüntüləri pulla satmasının zamanın işi olduğu əvvəlcədən məlum idi. Doğrudu, hər şeyə müftə sahib olmağa alışan “İdman Azərbaycan” bununla bağlı bəyanat yayıb, hətta CBC-in bu qərarını “absurd” adlandırıb. Ancaq bu bəyanatla “İdman Azərbaycan” onsuz da günü-gündən itirdiyi mövqeyinə daha bir zərbə endirdi.
İndi isə keçək daha ciddi kanallara. Xüsusilə futbolsevərlərin rəğbətini qazanan “Xəzər” TV-nin  “Futbol saatı” verlişinin aqibəti maraqlıdı. 
Ancaq hər şeydən əvvəl CBC-lə danışmağa zərurət yaranmışdı ki, sözügedən telekanalın İdman Departamentinin rəhbəri Şəmsəddin Abbasov futbolsevərləri maraqlandıran bütün suallara aydınlıq gətirdi: “Əvvəla, onu qeyd etmək istəyirəm ki, oktyabrın 1-dən CBC-i, digər kanallarımız kimi, peyksiz izləmək mümkün olacaq.  Bütün dünyada olduğu kimi, istənilən kanal Topaz Premyer Liqasının oyunlarından olan görüntüləri tamaşaçılarına təqdim etmək istəyəcəksə, rəsmi məktubla bizə müraciət etməlidi. İki cür paketimiz olacaq. Birinci paket daha ucuz başa gələcək. Orada yalnız vurulan qollar və ən yaddaqlan anlar əks olunacaq. Deyək ki, penalti, qırmızı vərəqə kimi epizodlar. Digər paket isə geniş icmaldan ibarət olacaq. Əlbəttə ki, qiymətlər də yetərincə fərqli olacaq. Eyni qayda saytlara şamil ediləcək. Rəsmi müraciət edildikdən sonra qiymət paketlərini təqdim edəcəyik”.
Abbasov paketlərin konkret qiymətinin olmadığını da dilə gətirdi: “Kanalın təqdim edəcəyi verlişin efir üzü görəcəyi vaxt reklam dəqiqəsinin hansı qiymətə olmasından asılı olaraq, paketin dəyəri hesablanacaq. Ancaq bütün bunlardan öncə, hansısa telekanal bizə müraciət etməlidi”.
Maraqlıdı, bəs uzağı 3 oyun nümayiş etdirən CBC digər 2 matçdan çəkiliş aparmaq üçün onlarla müqavilə imzalayan telekanallara icazə verəcəkmi?  Həmkarımız bu problemin olmayacağını bildirdi: “Oktyabrın sonunadək bütün qarşılaşmalardan çəkiliş aparmağı planlaşdırırıq. Müəyyən müddətdən sonra 1-ci divizionun oyunlarını da ekranlara gətirəcəyik. Bu yöndə də işlər aparırıq”.
Daha sonra “Xəzər”TV-də “Futbol saatı”nın aparıcısı Sənan Abdullayevlə əlaqə saxladıq. “İdman Azərbaycan”dan fərqli olaraq, “Xəzər” TV-nin yaranmış vəziyyətə peşəkar prizmadan münasibət göstərməsi gözlənilən idi: “Biz əvvəldən də bilirdik ki, CBC bu cür tələblə çıxış edəcək. Bunu da anlayışla qarşılayırıq. Dünən “Futbol saatı”nın işıq üzü görməsinin səbəbi verlişin qərar çıxmamışdan əvvəl hazırlanması idi. Hətta qərar çıxmamışdan da biz CBC-ə qarşı maksimum hörmətlə yanaşmışdıq. Təqdim etdiyimiz görüntülərdə çəkiliş hüququna sahib kanalın loqosunu saxlayırdıq. Üstəlik, şərhçilərinin səsi ilə təqdim edirdik. İndi isə rəhbərlik səviyyəsində məsələnin həllinə çalışacağıq. Kanalımızın rəhbərliyi bu həftə CBC-lə danışıq aparacaq. Düşünürəm ki, qiymətlə bağlı problem yaşamayacağıq. Ancaq hətta paketə yiyələnə bilməsək belə, “Futbol saatı” yaşayacaq”.
Artıq İtaliya, Braziliya və Hollandiya çempionatının oyunlarını yayımlayacağı dəqiqləşən CBC “İdman Azərbaycan”a olan tələbatı yavaş-yavaş aradan qaldırır. Bu gedişlə, ümumiyyətlə, “İdman Azərbaycan”a ehtiyac qalmayacaq. Heç bir şübhə yoxdu ki, milli komandamızın növbəti Avropa çempionatının seçmə mərhələsinin oyunlarını da məhz CBC yayımlayacaq. Doğrudu, qarşıdan hələ DÇ-nin seçmə tsikli gəlir. Lakin “İctimai” TV cari qitə birinciliyinin oyunları kimi, növbəti DÇ-nin də seçmə mərhələsinin oyunlarına sahib çıxıb. “İdman Azərbaycan” isə böyük ölçüdə ona göstərilən etimadı doğrultmayıb. Elə bu səbəbdən də CBC-in idman kanalı açıldıqdan sonra, dövlət büdcəsindən maliyyələşən kanalın tarixin yaddaşına köçəcəyi inandırıcı görünür. 
Ancaq daha bir məqam qalır ki, CBC-in buna əngəl ola biləcəyi inandırıcı görünmür. Söhbət sosial şəbəkələrdə çempionatın oyunlarından videogörüntülərin paylaşılmasından gedir. Nəzəri cəhətdən bunun da qarşısını almaq mümkündü. Bunun üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edilməlidi. Eyni zamanda “youtube” kanalında da oyunlardan videogörüntülərin təqdim edilməməsi üçün “Google” şirkətinə müraciət etmək lazımdı. “Google” ilə məsələni həll etmək daha asan görünür. Ancaq məsələn, “facebook”da bunun qarşısını almaq olduqca müşkül məsələdi. Hər halda sivil münasibətlərin qurulması istiqamətində atılan bu addım alqışalayiqdi.
FƏRİD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp