Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda Rusiya “Krasnodar”ının qonağı olacaq “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransı keçirib. Futolinfo.az saytının Krasnodara ezam olunmuş müxbirinin verdiyi məlumata görə, ukraynalı mütəxəssis rəqibin yüksək səviyyədə futbol oynadığını bildirib.
 
– Oyuna hazırlığın necə keçməsi barədə məlumat verərdiniz?
– Komandanın vəziyyəti yaxşıdı. Hazırlıqlarımız normal keçdi. Bəlkə bundan da yaxşı keçə bilərdi. Şikayətimiz yoxdu. Sabahkı oyunu gözləyirik.
 
– PAOK-la oyuna nisbətən start heyətində ciddi dəyişiklik olacaqmı?
– Hələ ki, start heyətini müəyyənləşdirməmişik. Bəzi nöqtələr üzrə son məşqdən sonra edəcəyimiz təhlillərdən sonra son qərarı verəcəyik.
 
– Son turda “Terek”lə oyunda “Krasnodar” ötürmələrin 50 faizində səhvə yol vermişdi. Bunu sizin ən mühüm üstünlüyünüz saymaq olarmı?
– Bir oyunla qiymət vermək doğru olmaz. “Krasnodar” digər oyunlarda olduqca xoş təsir bağışlayıb. Baş məşqçiləri də olduqca ciddi mütəxəssisdi. Onlar sanballı futbol sərgiləyirlər. Onların kifayət qədər sürətli futbolçuları var. Yüksək intellektə malikdirlər. Tez düşünə bilirlər. Hesab edirəm ki, çox çətin görüş olacaq.
 
Haşiyə. Bu suala müdaxilə edən “Krasnodar”ın mətbuat xidmətinin rəhbəri komandalarının ötürmələrinin 84 faizinin dəqiq olduğunu dilə gətirdi: “Bu rəqəmi hardan götürmüsünüz?” Sualın müəllifi olaraq, rusiyalı həmkarımıza cavab verməli oldum: "Bunu mən demirəm, Rusiya mətbuatı yazıb".
 
– Kononov sizi və komandanızı yaxşı tanıdığını bildirib. Onlara hansı sürprizi hazırlamısınız?
– Artıq bir neçə dəfə sürpriz hazırlamağı bacardığımızın şahidi olmusunuz. Bu dəfə də rəqibi təəccübləndirməyə çalışacağıq. Mobil futbol sərgiləyib, meydanın hər qarışı uğrunda mübarizə aparıb, maksimum nəticə əldə etməyə çalışacağıq.
 
– İndiyədək Rusiya klubları və yığmalarına qarşı oyunlarda cəmi 2 qol vurmuşuq. Hər iki halda yenicə ailə həyatı qurmuş Vaqif Cavadov vurub. Onun start heyətində çıxması nə dərəcədə realdı?
– Çox geniş və əzəmətli sözlər işlətdiniz: iki ölkənin tarixi, Vaqifin toyu… Mənə ancaq ümid etmək qalır ki, Vaqif meydana çıxacağı təqdirdə, yenə də fərqlənəcək.
 
– George Floresku və Vaqif Cavadovun vaxtilə Rusiyada oynaması sizə faydalı ola bilərmi?
– Bu, vaxt itkisindən başqa bir şey deyil. Kimin nə vaxt Rusiyada oynamasının heç bir əhəmiyyəti yoxdu. Biz “Krasnodar”ı kifayət qədər öyrənmişik və sabah bunu həyata keçirməyə çalışacağıq.
 
– Krasnodarda hava Bakı və Qəbələdən də istidi. Onlara “soyuq duş” hazırlamısınız?
– Söz verə bilmərəm ki, təzadlı və ən “soyuq duş”u təşkil edəcəyik. Ancaq gücümüz var, “Krasnodar”a başağrısı yaşatmağa qadirik.
 
– “Krasnodar” son 4 oyunda qeyri-sabit oynayır. Cəmi 4 qol vurublar, 6-sını buraxıblar. Bu komponentlərin hansına daha böyük önəm verirsiniz?
– Hücum xəttinin dişsizliyi və müdafiənin inamsızlığını ayırmaq olmaz. Bütün xətlərin çatışmazlığından maksimum faydalanmaq lazımdı.
Shares: