30 avqust, 12:00. Bakıdan Krasnodara istiqamət götürən hava gəmisinin sərnişinləri tələsmədən yerlərini tutur. Azərbaycan paytaxtından 222 yaşlı şəhərədək yol düz bir futbol matçının davam etdiyi qədərdi – 90 dəqiqə. 1920-ci ilədək Yekaterinadar adlanan Kubanın qeyri-rəsmi paytaxtı “Qəbələ”nin nümayəndə heyəti və KİV-təmsilçilərini Paşkovski Hava Limanında isti havayla qarşıladı. Hətta deyərdik ki, lap isti. Ən yüksək “istilik” isə futbolinfo.az saytının əməkdaşının payına düşdü…
Sərhəd əhvalatı
Sərhəd məntəqəsini keçərkən, ruslar bu sətirlərin müəllifinə əsl ekstrim yaşatdı. Əvvəlcə ismimin tələffüzünü, sonra yazılışını tələb edən sərhədçi  xanım, pasportuma aidiyyatı olmayan bir sıra suallar verdikdən sonra gözləməyi tövsiyə etdi. Daha sonra yenidən sorğu-sual (“Rusiyada neçə dəfə olmusunuz?”, “Sonuncu dəfə nə vaxt Rusiyada olmusunuz?”, “Nəyə görə xatırlamırsınız ki, Rusiyaya son səfəriniz neçənci ildə baş tutub?”…) və ən nəhayət məlum oldu ki, Ceyhun Əliyev adlı şəxs ölkə üzrə axtarışa verilib. Təqribən 1 saata yaxın davam edən çək-çevirdən sonra sərhəd məntəqəsindən miqrasiya kartını təqdim edib, pasportda ölkəyə daxil olmaq haqda möhür vuruldu…
“Zəhmətkeş davakar”
Krasnodar Rusiyanın cənubunda yerləşsə də, havanın bu qədər isti keçməsi təəccüblü idi. Ancaq sentyabrın son günündən fərqli olaraq, oktyabrın ilk günündə payız “buynuzları”nı necə lazımdısa, göstərdi. 
Kraliça Yekaterinanın Kuban kazaklarına hədiyyə etdiyi və bu üzdən də Yekaterinadar (Tərcümədə Yekaterinanın hədiyyəsi) adlanan şəhərə bolşeviklərin inqilabından sonra Qızıl Ordu “damğa”sı vurulur – Krasnodar (Qırmızıların hədiyyəsi). Maraqlıdı ki, “Qəbələ”nin rəqibinin simvolunun da qırmızı rənglə əlaqəsi var – öküz! Öküz qırmızını gördükdə hansı hala düşdüyünü hər kəs bilir. Ancaq bu rəmzi klub rəsmiləri heç də qırmızı rənglə əlaqələndirmirlər: “Öküz zəhmətkeş heyvandı. Üstəlik, dalaşanda düşməninə daim hücum etməyi sevir. Bizim klubun rəmzi də məhz bu faktlara söykənib. Daim hücum etmək, özü də meydanda sonadək mübarizə aparmaq şərti ilə…"
“Toni kimdi?”
Səfərimizin ilk gününün axşam saatlarını “Kuban Arena”da keçirdik. Roman Qriqorçukun mətbuat konfransı kifayət qədər məhsuldar alındı. Ukraynalı mütəxəssis həmişə olduğu kimi, bu dəfə də rəqib haqda xoş sözlər deyirdi. Konfransı açıq elan edən “Krasnodar”ın mətbuat xidmətinin rəhbərinin bəndənizin meydan sahiblərinin “Terek”lə görüşdə ötürmələrinin cəmi 54 faizinin dəqiq olmasına dair sualından isə xoşu gəlmədi. O, bu məlumatı uydurduğumuzu deməklə, “Krasnodar”ın daha yüksək faizə sahib olduğunu iddia etsə də, mənbənin Rusiya KİV-i olduğunu eşitdikdən sonra “silahı yerə qoydu”. Daha sonra ənənəvi 15 dəqiqəlik açıq məşq və “Sport Ekspress”in müxbiri ilə dialoq. Maraqlıdı ki, oyundan öncə rusiyalı xanım-həmkarımız komandalarının qol vuracağına inanmırdı. Ancaq 1 gün sonra “Krasnodar”ın sürəti və hücum potensialının yüksək səviyyədə olduğunun canlı şahidi olduq. Krasnodarlı jurnalistlərdən daha bir qeydlə bölüşmək istəyirəm. Oyunun start fitinə dəqiqələr qalırdı. Üzünü bəndənizə tutan həmkarımız “sizdə bir keçmiş məşhur futbolçunun işlədiyini eşitmişəm. Adı da Tonidi, deyəsən. Kimdi ki, o?”, sualıyla müraciət etdi. Əlavə şərhə ehtiyac yoxdu.
“Öküzbaş”dan hədə
Oktyabrın 1-də artıq səhər saatlarından hava tutqun idi. Yağışın yağacağı zaman məsələsi idi. Sərin, hətta deyərdim ki, bir qədər soyuq hava “Qəbələ”ni qorxutmamalı idi. Doğrudu, Qay, Zenyov, Vernidub, Antonov, Bezotsnıdan fərqli, brziliyalı Dodo üçün isti daha münasibdi. Ancaq əksər oyunçularının adətən sərt hava şəraitində oynamağa alışdığını nəzərə aldıqda, temperaturun kəskin şəkildə düşməsi qorxuda bilməzdi. Elə oyundan sonra Aleksey Qay da bunu təsdiqlədi: “Hava əlad idi! Kaş həmişə belə havada oynayaq”. 
Görüşün başlamasına 3 saat qalmış həmkar-dostum Mehman Süleymanovla “Qəbələ”nin məskunlaşdığı “Hilton” otelinə “tilov atmaq” fikrinə düşdük. Ancaq nə məşqçi heyəti, nə idarəçilər, nə də futbolçulara rast gəlmədik. Hotelin qarşısında “Kuban”ın avtobusu tənha şəkildə sakinlərini gözləyirdi. “Qəbələ” yerli vaxtla saat 20:30-da “Kuban Arena”ya istiqamət götürəcəkdi. Komandanın meneceri Səbuhi Səfiyarlıyla bir neçə kəlimə kəsdikdən sonra “İnturist”ə döndük. Hotelə avtobusla yollandıq. Maraq üçün qeyd edək ki, yolpulu təxmini elə Bakıdakı kimidi – 17 rubl (təqqribən 25 qəpik). “İnturist”ə çatdıqda yağışın iri damlaları bizi salamlamağa başladı. Stadiona yetişdikdə isə artıq əsl leysan tökürdü. Jurnalist tribunasına yaxınlaşarkən “Krasnodar”ın simvolu olan öküz başını taxan bir azarkeş həmin an “Qəbələ”nin avtobusuna yaxınlaşdı. O, pəncərədən baxan futbolçuları hətta zarafatyanı barmağı ilə hədələməyə də macal tapdı…
Tanınmayan “Qəbələ”
 
… Nəhayət, start fiti səsləndi. İlk 3-4 dəqiqə leysana rəğmən, tribunalara toplaşan 9 minə yaxın fanatı çaş-baş salmışdı: “hansısa” Azərbaycan klubunun ardıcıl 4 dəfə künc zərbəsi qazanması yerli publikaya xoş gələ blməzdi. Amma Ari və Vandersonun hücum xəttindəki rəngarəng oyunu tezliklə qonaqları arzuolunmaz duruma saldı. Sezar Meza Kollinin ideal formasından uzaq olması, mərkəz müdafiəçilirinin inamsız oyunu təmsilçimizin ardıcıl problemlər yaşamasını şərtləndirirdi. Bu cür təzyiqin bəhrəsi özünü çox gözlətmədi: artıq 8-ci dəqiqədə tablodakı “sıfırlar”ın biri dəyişmişdi: Bezotosnı Vandersonun qarşısında “ağ bayraq” qaldırmalı oldu. Qoldan sonra da “Qəbələ” çoxsaylı səhvlərlə yadda qalırdı. Rəqib isə əksinə, təzyiqi artırıb daha bir qol vurmaq əzmində idi. Bunun üçün yetərincə imkanları da oldu. Amma bir dəfə dirək, digər hallarda isə Bezotosnının fantastik qurtarışları “Krasnodar”ın fasiləyədək sevinməsinə imkan vermədi.
20 dəqiqəlik “gücləndirici”
 
Deyə bilmərəm, bütün oyunu məşqçi zonasından izləyən və yağışın hər damlasını “həzm-radə”dən keçirən Qriqorçuk fasilə zamanı yetirmələrinə nə dedi. Ancaq fakt budu ki, 2-ci hissənin ilk 20 dəqiqəsi tarixində ilk dəfə ağ formada meydana çıxan “Qəbələ”nin şəksiz ərazi üstünlüyü şəraitində keçdi. İlk yarıda kölgəyə çəkilən Zenyov, Dodo, Antonov, Pereyraya sanki əlavə gücləndirici qoşmuşdular. Oleq Kononovun yetirmələri qonaqların hücumları zamanı sadəcə, statist rolunu oynayırdı. Artıq 51-ci dəqiqədə Zenyovun sağ cinahdan irəliləyərək yerlə sərt ötürməsinə hamıdan tez yetişən Antonov sürüşərək ayaq qoydu. Doğrudu, top qapıçının üstünə getdi və Sinitsin zərbəni dəf etdi. Lakin qırğı kimi topa şığıyan Dodo təkrar zərbəylə hesabı bərabərləşdirdi. Vurulan qoldan ruhlanan “Qəbələ” hücumlarının kəsərini bir az da artırdı. Hətta qol da vurdu. Amma polşalı Marçin Borskinin köməkçiləri ilk yarıda olduğu kimi, yenə də qolun ofsayddan vurulduğunu qeydə aldılar. 
Rus jurnalistin etirafı
 
Əgər 1-ci hissədəki epizodda qərar doğru verilmişdisə, bu dəfə polşalı “qara paltarlılar” əsl cəllad rolunda çıxış etdilər. Maraqlıdı ki, oyun ərzində 3 dəfə qol vuran Dodonun yalnız 1 topunu qeydə aldılar. Özü də “panlar” Dodonun qolunu deyil, “Qəbələ”nin 3 xalını həyasızcasına əlindən aldılar. Bunu televiziya üçün ayrılan “mix-zona”da həmkarım Rüstəm Piriyev UEFA nümayəndəsindən həmin yerdə dayanmaq üçün icazə istədiyi vaxt rusiyalı həmkarlarım qısa dialoq zamanı da təsdiqlədi. Sözügedən epizdola bağlı soruşduqda, rusiyalı jurnalist əvvəlcə ucadan güldü. Sonra isə “orda ofsayd nə gəzirdi? Elə buna görə də yerli telekanal həmin epizodun videotəkrarını cəmi 1 dəfə, özü də uzaq rakursdan verdi”, deməklə, polşalıların “Krasnodar”a işlədiyini etiraf etdi.
Antonov meydanda qalmalı idi
 
Zənnimcə, Qriqorçuk bir səhvə yol verdi. Oyunsonrası mətbuat konfransına deyil, mix-zonada futbolçulardan müsahibələr götürmək üçün yollandığımdan, həmin sualı ona ünvanlaya bilmədim. Amma mütləq ünvanlayacam. Söhbət Aleksey Antonovun əvəzinə Ermin Zetsi daxil etməsindən gedir. Antonov ikinci hücumçu və mərkəz yarımmüdafiəçiləri ilə Fakundo Pereyra arasında olan bir bənd kimi oynadılırdı. Zetslə isə farqli mənzərə yaranır. Çünki o da Fakundo tipli oyunçudu. Deməli, təmiz 2 mərkəz hücumçusu ilə oynamaqla həmin bənd aradan götürüldü. Nəticədə, “Qəbələ”nin hücumlarının kəsəri azaldı. Məhz bundan sonra “Krasnodar” yenidən özünə gəlməyə başladı və yekunda meydan sahibləri aktivlərinə 3 xalı yazdırmağı bacardı.
Buynuz sındırılmalıdı
 
Azərbaycana dönən təyyarədə sakitlik hökm sürürdü. Hər kəs məğlubiyyət yükünün altında idi. Ancaq həyat davam edir. Özü də ağ zolaqda. Çünki “Qəbələ” cari avrokubok vəzifəsinin maksimumunun öhdəsindən çoxdan gəlib. Özü də unutmayaq ki, hətta qrup qatarı da hələ heç yana getməyib. Axı “öküz”ün buynuzunu Bakıda sındırmaq mümkünsüz görünmür.
CEYHUN ƏLİYEV, Bakı – Krasnodar – Bakı
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp