İçməli su çəni qapıya yaxın yerdə olan kəndçimizin  “pələt”ində  hay-küy, əslində, oyunun finişi idi. Su çəni ətrafında birləşməmiz bizim birliyimiz, eyni stəkanda su içməyimiz bizim paylaşmağımız, müzakirələr isə kimin düz, kimin səhv olduğuna zəmin formalaşdıran meydançamız idi…
Səhər də eyni ssenari davam edirdi. Onda nə forma dərdimiz, nə də ayaqqabı problemimiz var idi. Ona görə də indiyə kimi hələ ayağımın altından tikan çıxarıram. Dizə qədər çirmələdiyimiz şalvar səhər şalvar, gün qüruba gedəndə isə şort rolunu oynayar, axşam isə paltar ipindən asılıb, sabahkı funksiyasını yerinə yetirməyə hazırlaşardı…
Bizim bananımız da, vitaminlərimiz də, oyundan sonrakı bərpa prosesimiz də  səhər içdiyimiz şirinçay, hasar üstündə oturub yediyimiz pomidor-xiyar və isti təndir çörəyi idi. Beləcə keçirdi günlər və keçən günlər futbolu həyat tərzinə çevirirdi…
Komanda yığmaq üçün çox  çalışmazdıq. Stadiondan gələn içi bəzən rezindən, bəzən də kisələrdən olan top səsi bizi bir anda ətrafında toplayardı. Bölüşmək üçün “addım-basdım” mərhələsi və qoyulan əndrabadi adlardan sonra komanda formalaşardı. Uzun olanı qapıya keçərdi, topu olan mərkəz hücumçusu idi. Bütün bunlar möhürlü-ştamplı yerlər idi. Oyun isə toplunun topunu götürüb getməsinə qədər uzanardı.
Qapılar kitablardan, dəftərlərdən, çay daşlarından, ən yaxşı halda isə “kubik”dən olardı… hamının gözü rəqib qapısında olanda öz qapımızı balacalaşdırmaq da vardı qanunlarımızda…
Bütün yoxsulluqları ilə gözəl idi hər şey. Əslində, bizim tozlu-torpaqlı meydança kimi baxdığımız yer həyat meydançası idi. Həmin meydançada ilk qələbələri yaşadıq, ilk məğlubiyyətlərə üzüldük, paylaşmaq hissinin, mübarizə əzminin nə olduğunu gördük. Bir növ yaşlandıq. Bizi yaşımız yox, yaşadıqlarımız böyütdü və həyata atıldıq… Bütün bunlar bizim təbii hisslərimiz idi, tam təbii…
Məhlə futbolu anlayışı vaxtilə avaraların məşğuliyyəti kimi qələmə verilsə də, əslində, böyük bir anlayışdır. Amma çox təəssüf  ki, indi aradan qalxmaqdadır. Əvvələr bizim  həyata atıldığımız yerlər indi xarabalıqdır. Top səsinə yığışan da yoxdur, oyun təşkil edənlər də. İndi sadəcə, kompyuter salonları doludur, meydançalar  yox. Bütün bunlar isə heç də yaxşı gələcəkdən xəbər vermir. Sözsüz, onlar televizor arxasında oturub qələbəyə sevinib, məğlubiyyətə üzülə bilərlər. Amma bütün bunlar insan əməyinin nəticəsi olmayan süni hisslərdir. Sünilikdən qaçaq…
Kompyuter salonları boşalsın, yaşasın futbol meydançaları, məhəllə futbolu!
TİMUÇİN
 
P.S. İndi uşaqlar görürəm qırmızı yanağı çartlamış,  təzə forması, cürbəcür idman ayaqqabıları, əla topu… İndi  projektorlu stadionlar görürəm, içi boş, sakini yox…
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp