AFFA-nın təşkil etdiyi U-10, U-11, U-12, U-13 və U-14 Liqalarında 2015/2016-cı il mövsümünə start verildi. Ölkənin 8 regionunda keçirilən oyunları futbolinfo.az olaraq bu ildən daha geniş işıqlandırmağa, uşaq futboluna, bu oyunun kütləviləşməsinə töhfə verməyə çalışacağıq. Necə deyərlər: bizim üçün də daha bir cəbhədə mövsüm başladı.
Bakı və paytaxtətrafı qəsəbələri təmsil edən komandalar Mərdəkandakı “Dalğa Arena”nın süni örtüklü meydançalarında üz-üzə gəlir. Biz də lk reportaj ümün sözügedən məkana yollandıq.
 
Valideyn dəstəyi
 
Bəlkə də uşaqların təbii örtükdə futbol oynaması, ilk addımlarını süni qazonda atmaması daha məqsədəuyğundu. Amma gün ərzində matçların 7-8 saat davam etməsi və qazona çox yük düşməsi üzündən bu, başadüşüləndi. Unutmayaq ki, bu uşaqlar həm də orta məktəbdə oxuduğundan oyunlar şənbə və bazar günlərinə salınır, belədə isə bütün qarşılaşmaların eyni arenada keçirilməsini məcburi də saya bilərik.
İlk gördüyüm mənzərə çox xoş idi. Belə ki, torla hasarlanmış meydançanın kənarlarında çoxlu valideyn yığışmışdı. Onların balaca yaşlı uşaqlarının oyununu necə həyəcanla izləməsini görməyə dəyərdi. Burada uşaqların analarının da matçları izləməsi, övladlarına mənəvi dəstək olduğunu görmək həqiqətən də çox xoş idi. Bu mənzərəni gördükcə uşaq vaxtı futbolla məşğul olduğum illər yadıma düşdü. 3 il futbola getsəm də, 1 dəfə də olsun valideynlərim oyunuma baxmayıb, hələ ciddi-cəhdlə futbolla məşğul olmağıma da maneçilik törədirdilər. Görünür dövran, futbola baxış dəyişib…
Startda psixoloji zərbə
İlk izlədiyim oyunda “Sumqayıt” və AZAL-ın 14 yaşlılardan ibarət komandası qarşılaşırdı. Bəri başdan qeyd edim ki, sumqayıtlılar rəqib qapısına az qala yaşları qədər qol vurmağa müvəffəq oldular – 13:0. Bu da haradasa gözlənilən idi. Çünki AZAL klubu işinə o qədər qeyri-peşəkar yanaşır ki, hətta komandasının baş məşqçisini də müəyyənləşdirməyib, uşaqları taleyin ümidinə buraxıb.
Matçı izləyənlər arasında Futbol+ qəzetindən həmkarım Rəşad Qasımov da var idi. O, “Sumqayıt”da forma geyinən oğlu Fəridin matçını izləməyə gəlmişdi. Fərid “Qarabağ”ın kapitanı Rəşad Sadıqovun fanatı olduğu üçün forma nömrəsi də adıçəkilən müdafiəçi ilə eynidi – 14.
“Gənclik şəhəri” təmsilçisi rəqibini hər bir komponentlərdə üstələsə də, komandanın baş məşqçisi Vüqar Quliyev çox narazı görünürüdü. Onu narahat edən əsas məqam isə komandasının ilk turda belə böyük hesabla qalib gəlməsindən sonra növbəti matçlarda futbolçularında arxayınçılıq yaranması və qarşıdakı görüşlərə köklənməkdə çətinlik çəkməsidi.
“Təyyarəçilər”lə görüş başa çatandan sonra Vüqar bəylə söhbətləşdik: “Komandada bu mövüsümdən fəaliyyətə başlamışam. Heyətə 4-5 nəfər yeni futbolçu da cəlb etmişik. Amma xəttlər arasında problemlərimiz var. Uşaqlar artıq 11-11-ə oynayırlarsa, mən bunlara peşəkar futbolçu kimi baxıram. Onlar da peşəkar olmağa çalışmalı, hər bir şeyi böyük futbolçu kimi düşünməldilər. Hazırda komandada olan problemləri həll etməyə çalışıram. İlk oyunda belə başlanğıc bizim üçün çox pis oldu. Çünki belə vəziyyətdə komandanı komplektləşdirmək və verdiyim tapşırıqları sona kimi yerinə yetirmək çox çətindi. Ona görə ki, rəqib komandanın qapıçısı və futbolçuları yox səviyyəsində idi. Halbuki ilk matçda müqavimət gözləyirdim. İlk görüşdə belə komanda ilə qarşılaşmaq bizim üçün pis başlanğıcdı. İstədiyimiz oyunu səgriləyə bilmədik. Bu cür zəif komanda ilə görüşdə istər-istəməz futbolçular boşalır. Bu rəqib üçün də pisdi. Belə məğlubiyyətdən sonra onlara mənəvi cəhətdən çətin olacaq. İnanın, Sumqayıt çempionatında daha güclü komandayla qarşılaşa bilərdik”.
Vüqar bəy uşaqlarla işləməyin peşəkar futbolçularla çalışmaqdan daha çətin olduğunu da qeyd etdi: “Uşaq futbolunda gərək 1 şeyi 5 dəfə deyəsən. Biz buna məcburuq, həm də dözməliyik. Amma böyük futbolda bəzən bir baxışla fikrini çatdıra bilirsən. Düzdü, mən bunu komandamda tətbiq etmək istəyirəm. Bu, məndə hardasa alınır. Təxminən, 1 il bu uşaqlarla işləsəm, komandamız potensialını ortaya qoya biləcək“.
Quliyev çempionatın təşkilindən və yaradılan şəraitdən razıdı: “İndiki dövrdə elə də böyük çətinliyimiz yoxdu. Biz uşaq olanda belə şərait görməmişdik. Klub rəhbərliyi bizə hər bir şərait yaradır: meydançamız var, formayla təmin olunuruq, səfərlərimiz təşkil olunur, qidayla bağlı problemimiz də yoxdu”.
Məşqçi komandasının iştirak etdiyi liqada çempionluğa oynayacağını da bildirdi: “Bu il “Sumqayıt” çempionluğa oynayacaq, komandamda o potensialı görürəm. Söz xatirinə yox, əminliklə deyə bilərəm ki, komandam digərlərindən heç də geri qalmır. Yalnız bizə bir az uyğunlaşma ilə əlaqədar vaxt lazımdı”.
Serxio Ramos Mərdəkanda
Vüqar bəylə müsahibədən sonra ondan komandasında çıxış edən uşaqlardan biri ilə danışmaq istədiyimizi bildirdim. O, isə komandasının kapitanı Rəşad Kərimovu məsləhət gördü. Arxa xətdə yer alan Rəşad utana-utana da olsa, bir neçə kəlmə danışdı: “2002-ci ildə doğulmuşam. 2 ildi futbolla məşğul oluram. Təhsil aldığım məktəbdə idman müəllimim Fuad bəy məni futbola gətirdi. Həvəsim olduğuna görə müdafiədə çıxış etməyə üstünlük verdim”.
“Real” fanatı olan həmsöhbətimin ən çox bəyəndiyi futbolçular Ronaldo və Serxio Ramosdu. Elə əbəs yerə deyil ki, Rəşad da Ramos kimi 4 nömrə altında çıxış edir. Gənc futbolçu yerli komandaların içində formasını geyindiyi “Sumqayıt”a azarkeşlik edir. Ən bəyəndiyi futbolçu isə “Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynovdu.
 
12064431 881748338581800 1409664450 n - Futbolinfo.az
Əsas məqsəd: kütləvilik
 
Gələcəyin futbolçusu ilə söhbətləşdikdən sonra bir az da U-10 liqasının oyunlarına baxdım. Burada da valideynlərin dəstəyi altında uşaqlar meydanda amansız mübarizə aparırdı. Qıraqdan baxanda az qala top boyda görünən 9-10 yaşlı uşaqlar hərdən elə fintlə rəqibini arxada qoyurdu ki, adama lap ləzzət eləyirdi. Kənardan oyuna baxan valideynlərin qaçan qol şanslarına verdiyi reaksiyalar insanda elə təəssürat yaradırdı ki, sanki övladı uşaq liqasında yox, Çempionlar Liqasının finalındadı.
AFFA-nın Uşaq və Gənclər üzrə yarışların təşkili şöbəsinin rəisi Yusif Vəliyev isə ətrafda gəzişərək, olub bitənlərə nəzarət edirdi. Onunla söhbətimizdə yarış haqqında bəzi məlumatlar əldə edə bildik: “Bugündən (3 oktyabr – red.) etibarən, 10-14 yaş arası uşaqların çempionatına start verdik. Bu yarışlar indi Azərbaycanın 11 mərkəzləşdirilmiş regionunda keçiriləcək. Bir neçə aydan sonra Naxçıvanda da analoji turnir start götürəcək. Bu regionlarda ümumilikdə 450-dən çox komanda iştirak edir. İlk dövrə dekabrın sonuna kimi davam edəcək. Sonra isə fevrala kimi fasilə olacaq, daha sonra 2-ci dövrəyə start verəcəyik. Çempionat dairəvi sistemlə keçirilir. AFFA tərəfindən yarışın yüksək şəkildə təşkil olunması üçün hər bir şərait yaradılıb. İlk dəfə bu yarışı 2008-ci ildə keçirməyə başlamışıq. Həmin vaxt cəmi 1 liqa fəaliyyət göstərirdi. Amma bu gün bayaq qeyd etdiklərimdən başqa, 15, 16, 17, 19 yaşlı futbolçuların da çempionatını təşkil edirik. Hər il yeni liqalar yarandığından AFFA tərəfindən yeni sistem tətbiq olunub. Bütün uşaq liqaları fəaliyyət göstərir və hər həftə bütün regionlarda, liqalarda oyunlar keçirilir.Bu gün bizim əsas məqsədimiz kütləviliyi təmin etməkdi. Digər bir hədəfimiz isə yeni, istedadlı uşaqların üzə çıxarılmasıdı. Bu gün görürük ki, seleksiyaçı məşqçilər bəzi istedadlı futbolçuları seçib milli komandalara cəlb edir. Bu, sistem halında qurulub”.
Uşaqlar üçün yenilik
 
Yusif bəy uşaq liqalarında bu ildən tətbiq olunacaq yeniliklər barədə də məlumat verdi: “Bu ildən etibarən, “Smart” oyun idarəetmə sisteminə keçimişik. Bunun üçün də bizim bütün mərkəzlərdəki əməkdaşlarımız lazımi avadanlıqlarla təmin olunublar. Görüşlərin keçirilməsi onlayn olaraq sistemə yerləşdirilib, eyni zamanda da bütün qarşılaşmalardan fotoreportajlar hazırlayırıq. Bu yeniliklərin hamısı gələn həftədən tətbiq olunacaq və biz bunu sosial şəbəkələrdə və digər informasiya vasitələrində yayımlayacağıq”.
Bundan başqa, Azərbaycan futbolunun bəlası olan “lipa”ların qarşısını almaq üçün də müəyyən işlər görülür. Belə ki, hər bir uşağın adına məktəblərdən TİMS kodu verilir. Bu kodla komputer vasitəsilə Təhsil Nazirliyinin bazasına girib uşağın kimliyinə, neçənci sinifdə oxumasına baxırlar. Əgər neqativ hal aşkarlanarsa, bunun qarşısı dərhal alınır.
Oyunlar 2 böyük meydançada keçirilirdi. Bu meydançaların birində 14 yaşlı futbolçular 11-11-ə, bir neçə yerə bölünmüş digər meydançada isə aşağı yaş qrupunda çıxış edən uşaqlar daha az futbolçu sayı ilə çıxış edirdi. Bir az aralıda da 3-cü bir meydança inşaa olunur. Amma bu, meydançada təbii ot örtüyü olacaq.
ELMAR ABDULLA-ZADƏ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp