Azərbaycan milli komandasının və “Zirə” klubunun qapıçısı Anar Nəzirovun futbolinfo.az saytına müsahibəsi:
 
– “Qəbələ”dən ayrılıb, “Zirə”yə keçidin bir an içində oldu. Geridə qalan 7 tura nəzərən bunun düzgün qərar olduğu qənaətindəsənmi?
– Bu barədə çox az danışmışam. Sizə deyim ki, “Qəbələ”dən ayrılmağın vaxtı idi. Ehtiyatda oturmaq, ikinci planda qalmaq istəmirdim. Belə bir məqamda “Zirə”dən dəvət gəldi. Mən bu klubda oynamağı üstün tutdum. “Qəbələ”dən problemli şəkildə ayrılmamışam, halallaşıb çıxmışam. “Zirə”yə gəliş isə mənim üçün yeni səhifə idi. Sevinirəm ki, burdayam…
– Uğurlu ardıcıllıq var. Komanda özünü debütant kimi aparmır, sən əsas heyətdəsən və yenidən millidəsən… 
– Hər şey həqiqətən çox sürətli oldu. Belə tez milliyə dəvət alacağımı gözləmirdim. Düşünürəm ki, millidə oynamaq hər bir futbolçu üçün şərəf olmalıdır. Yenə fikrimə qayıdıram ki, belə tez dəvət alacağımı gözləmirdim. Düşünürdüm ki, milliyə qayıtmaq üçün hələ çox çalışmalıyam. İndi də o fikirdəyəm. Milliyə layiq olmaq üçün daim çalışmaq lazımdır. 
– “Qəbələ”də ehtiyatda oturmaqla “Zirə”dəkindən daha çox qazana bilərdin. Bunu hərdən düşünürsənmi?
– Yox. Bəlkə də sən deyən düzdür. Amma mən hər zaman oynamağı puldan üstün tutmuşam. O vaxt “Turan”da vəziyyət heç də yaxşı deyildi. Mən isə sırf oynamaq üçün bu komandaya getdim və həmin vaxtlar da milliyə dəvət aldım. Oynamaq mənim üçün çox vacibdir. “Zirə”də isə şükürlər olsun ki, hər şey  yolundadır. Az da olsa, çox da olsa vaxtında hər şey həll olunur. Futbolda ən vacib məsələlərdən biri də budur. Etiraf edim ki, nəticələr qazanmağımıza klubdakı sabitlik çox böyük təsir edir. İnşallah, bu klubda daha böyük işlər görüləcək. Mən isə “Zirə”yə oynamaq üçün gəlmişəm. Əgər “Qəbələ”ni qoyub, yeni yaranan “Zirə”yə gəlmişəmsə, deməli başqa məqsədim yoxdur. 
– Ümumiyyətlə, “Zirə” klubunu bir neçə cümlə ilə necə izah edə bilərsən?
– Əsas məsələ odur ki, burada kollektiv və qarşılıqlı inam var. Məşqçilər korpusu bizə inanır. Daimi meydançaya çıxmağımda mənə dəstək olanların rolu əvəzsizdir. İstər qapıçı məşqçisi Anar Nistəliyev, istərsə də mənim dostum, qardaşım Kamal Bayramov çox yardımçı olurlar. Kamal ilə biz sadəcə məşqdə rəqibik. Eyni yaşda olsaq da, mən ondan çox şey öyrənirəm. Bundan əlavə özümüzdən kiçiklərə çox yaxşı münasibətimiz var. Burada əsas məsələ 3 xal deyil, peşəkarlıqdır və daha da peşəkarlaşmağa can atmaqdır.   
– Dünən Topaz Premyer Liqasının VII turunda “Neftçi”ni 2-0 hesabı ilə məğlub etdiniz. Həmişə demisən ki, “Neftçi”yə qarşı fərqli, aqressiv oynayıram. Keçən zaman keçmiş komandana qarşı hirsini soyudub ya yox?
– “Neftçi” elə bir komandadır ki, öz tarixi, adı var. Hər dəfə onlara qarşı oynayanda qəribə hisslərim olur. “Neftçi”yə qarşı həmişə  prinsipial oynayıram. Komandanın adı, tarixi nəticələri məni buna vadar edir.  “Neftçi” üzərində qazanılan qələbəyə görə şadam. Düzdür, ötən ilki legionerləri yoxdur, amma indi də yaxşı heyətə malik olan, yaxşı furbol oynayan komandadır. 
– Millidə məhz “Neftçi”dən olan həmkarın Aqil Məmmədovla da mübarizə aparmalısan…
– Millidə kim layiqdirsə, o da oynayacaq. Buna məşqçilər korpusu qərar verəcək. Futbolçulardan eşitmişəm ki, millidə əla atmosfer var. Kimin oynamasından asılı olmayaraq, əsas nəticədir.
TİMUÇİN
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp