Bu gün Topaz Premyer Liqasında VII tura yekun vurulur. Futbolinfo.az xəbər verir ki, "Kəpəz" evdə "Sumqayıt"ı 3:1 hesabı ilə məğlub edib.
Matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Şahin Diniyev qalibiyyəti belə şərh edib:
"Həqiqətən də oyun bizim üçün çətin oldu. Bir müddətdir ki, yaxşı oynayıb, qələbə qazanmamaq qorxusu yaranıb. Eyni zamanda, azarkeşlər qarşısında oynayırdıq. Düşünürəm ki, ilk qoldan sonra komandam daha yaxşı futbol sərgilədi. Hücumda etdiyimiz dəyişikliklər matçı rəngarəngləşdirdi. Ebah oyuna daxil olduqdan sonra ona iki müdafiəçi təhkim olundu. Elə olan halda, yarımmüdafiəçilər üçün geniş sahə yarandı. Hazırda mənim əlimdə 3 hücumçu var ki, onlar hər bir an istənilən oyunun taleyini həll edə bilərlər. Juninyonun formasını bərpa etməsi də sevindirici məqamdır. Biz 3 xal qazanmağa layiq futbol sərgilədik. Nəticənin ədalətli olduğunu düşünməklə yanaşı, “Sumqayıt”a da uğurlar arzu edirəm. Qələbədə hər bir oyunçunun payı var. İki qol vuran Juninyo isə digərlərini faiz nisbəti ilə üstələyir". 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp