Son turun “Qəbələ” – “Xəzər Lənkəran” oyununun nəticəsi təkcə futbol hesabı deyildi. 6:0 eyni zamanda klub idarəçiliyinin, məşqçi bacarığının, futbolçu səviyyəsinin, ümumiyyətlə, işə münasibət arasında fərq idi.
İndi Mənsimov qardaşları Heydərovlar ailəsindən 6 qat aşağıda qərarlaşıb. Cənubluların vitse-prezidenti Tuyqun Nadirov da stadiondan erkən qaçmaqla rəqib idarəçilər qarşısındakı bacarıqsızlığını etiraf etdi. Komanda qurmaq, komanda olmaq, komanda idarə etmək arasındakı fərq budur.
“Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimov bəhanə edə bilər ki, “problemlərimiz var, FİFA-nın sanksiyasına görə belədi” və s. Amma görəsən, Nadirov onunla kabinet söhbətində qayıdıb, deyə bilərmi ki “özümüz eləmişik”. Axı, FİFA-nın qadağaları tam əsaslandırılıb, klub diz çökdürülüb. Bunu edənlər, buna səbəb verənlər isə elə Mübariz Mənsimovun hər şeyi etibar etdiyi, indi isə üz çevirdiyi indiki rəhbərlikdi.
Guya Lənkəran klubu imkanlı vaxtlarında nə edib ki? Tarixi ərzində bircə çempionluq! Halbuki o pulun qarşılığında “ağ-yaşıllar” ən azı Avropa ortababı olmalıydı. Amma Mais Mənsimov – Tuyqun Nadirov cütlüyü nə edib? Tez-tez heyət dəyişməsi, hər “perezaqruzka” dövründə dağıdılan milyonlar, cibə qoyulan faizlər, məyus edilən azarkeşlər…
Lənkəran klubunda idarəçilik problemini təkcə 0:6 ilə ölçmürük. Ortada “Zirə” nümunəsi də var. Premyer Liqanın debütantı hələ məğlubiyyət üzü görməyib. Bu komandanın işlərini isə hansısa oliqarx, məmur, kiminsə qardaşı deyil, millimizin kapitanı Rəşad Sadıqov qaydasına salır. Rəqiblərinə divan tutan “Qarabağ”ın kapitanı qeyri-rəsmi kuratoru olduğu “Zirə”ni də zirvədə saxlayır. Bu isə o deməkdi ki, Azərbaycanda əsl futbol adamı hər şeyə qadirdi. Necə ki, Sadıqov faktiki iki komandanı idarə etməkdədi: “Qarabağ”ı oyunu, təcrübəsi, kapitanlığı, “Zirə”ni kənardan, gizlicə məsləhətləri ilə. Çempionatda məğlubiyyət üzü görməyən iki komanda da məhz onlardı.
Deməli, Mənsimovla Nadirov Sadıqovun yanına kursa, seminara getməli və ya “Qəbələ” rəhbərliyindən məsləhətlər almalıdı.
AĞA
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp