Azərbaycan çempionatında cəbhələrin sayı artır. Premyer Liqa, əvəzedicilərin yarışı və I diviziondan sonra daha  bir mübarizəyə start verilir. Söhbət Azərbaycan Kuboku uğrunda yarışdan gedir…
Xəbər verdiyimiz kimi, Azərbaycan Kubokunun püşkatma mərasimi 7 oktyabr saat 12:00-da  AFFA-nın inzibati binasında reallaşacaq.  19 komandanın iştirakı ilə keçiriləcək yarışda Premyer Liqanın 10, I divizionun  9 təmsilçisi  mübarizə aparacaq. 
İştirakçılar aşağıdakılardır:
Topaz Premyer Liqasında çıxış edənlər: “Qarabağ”, “İnter”, “Qəbələ”, “Neftçi”, AZAL, “Xəzər Lənkəran”, “Sumqayıt”, “Rəvan”, “Kəpəz”, “Zirə”.
I divizionda çıxış edənlər: “Bakı”, “Neftçala”, “Qaradağ Lökbatan”, “Turan Tovuz”, “Şahdağ”, “Şəmkir”, “Mil-Muğan”, MOİK, “Şərurspor”. 
Səbətlər
19 komanda 4 səbətdə yer alacaq ki, səbətlər də artıq məlumdur.  Əslində, bunu müəyyənləşdirmək heç də çətin deyil. Məsələ burasındadır ki, səbətlər ötənilki yerlərə uyğun olaraq  yaranır. Odur ki, “Qarabağ”, “İnter”, “Qəbələ” və “Neftçi” I səbətdə yer almalıdır. Hazırda heç də yaxşı günlərini yaşamayan AZAL və “Xəzər Lənkəran”, eləcə də çempionatda zəif təsir bağışlayan komanda – “Sumqayıt”la “Rəvan” ikinci səbətin “ağzını bağlayacaq”. Premyer Liqanın debütantı “Kəpəz”, “Zirə” eləcə də ötən il Premyer Liqada yarışan “Bakı” və I divizionun qalibi “Neftçala” “biz 3-cü səbətik” deyəcəklər.  “Qaradağ Lökbatan”, “Şahdağ”, “Şəmkir”, “Turan Tovuz”,  “Şərurspor”, MOİK və “Mil-Muğan” isə 4-cü səbəti təşkil edəcək komandalardır.
İmtinalar… 
Azərbaycanda kubok uğrunda yalnız I divizion və Premyer Liqa təmsilçiləri mübarizə aparırlar. Kubok tam tərkibdə keçirilsəydi, o zaman 24 komanda mübarizə aparmalı idi. Amma bunlardan 5 klub əlini işə bulaşdırmayıb. Bunlar “Ağsu”, “Zaqatala”, “Bakılı”, “Göyəzən” və “Energetik”di. Əslində, bu komandaların imtinasının səbəbi sadədi. Maliyyə problemi, artıq səfər xərclərindən qurtulmaq və ümidsizlik. Çünki Azərbaycan futbolundan az-çox başı çıxan adam bilir ki, bura İspaniya, İngiltərə, heç Rusiya kimi də ola bilməz. Aşağı liqa klubunun kubokda  sensasiyaya imza atmaq faizi heç “Energetik” və ya “Göyəzən”in vurduğu qollar qədər deyil.
Qeyd
Azərbaycan Kuboku uğrunda yarışlarda limit Premyer Liqada olduğu kimidir. Belə ki, Premyer Liqa təmsilçiləri meydançaya 6 legioner və biri 1994-cü il təvəllüdlü olmaqla 5 yerli oyunçu ilə çıxa bilərlər. I divizion klublarının da start heyətində mütləq şəkildə 1994-cü il təvəllüdlü oyunçular çıxış etməlidir.
Oktyabrın 7-də keçiriləcək püşkatmadan sonra cütlər müəyyənləşəcək. İlk oyunlar 14 oktyabrda reallaşacaq. Məlumat üçün xatırladaq ki, ¼ final mərhələsinə qədər qalib 1 oyunda müəyyənləşəcək. ¼ final mərhələsindən finala qədər olan yolda isə cütün qalibini iki matç bəlli edəcək.
Reallıq
Yuxarıda vurğuladığımız  kimi, Azərbaycanda elə divizion klubu yoxdur ki, inqilab etsin, kubokun ən azından ¼ final mərhələsinə qədər gəlsin. Favoritlər əvvəlki kimi qalır: “İnter”, “Qarabağ”, “Qəbələ”… Heyəti kasad olan “Neftçi” və “Xəzər Lənkəran”ın isə finala qədər irəliləməsi real görünmür. Əvəzində yaxşı futbol oynayan “Kəpəz”in və eləcə də Premyer Liqanın indiyə qədər bəlkə də ən uğurlu debütantı olan “Zirə”nin çempionatda olduğu kimi, kuboka da rəng qatacağını gözləməyə tam haqqımız var…
İndi isə əsas gözləməli olduğumuz vaxt 7 oktyabr, saat 12:00-dır.
FƏRİD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp