“Zirə”. Ötən il yaradılan bu klub qısa zaman kəsiyində 1-ci divizionda adından söz etdirə bildi. Doğrudu, ilk iki pillədən birinə sahib çıxa bilmədi və AFFA-nın “lisenziya amnistiyası” ilə Premyer Liqaya yüksəldi. Amma elitada elə bir nəticələr verməyə başladı ki, həqiqətən heyranedicidi. “Qartallar” “Neftçi”, “Xəzər Lənkəran”, “İnter” kimi komandaları arxada qoymağı bacarıb. Hətta müvəqqəti olsa belə, 1 gün turnir cədvəlinin zirvəsində də yer tutdu. Qartal axı zirvəni sevir. Amma 7 turdan sonra qərarlaşdıqları 3-cü yer də məşqçi kimi hələ heç bir söz deməyən Adil Şükürovun komandası üçün əla nəticədi.
Komanda ilk turlarda “dişsiz” görünür, bəzi görüşlərdə yalnız bəxt hesabına məğlubiyyətdən qurtulurdu. Ancaq arxada 7 tur (!) qalıb, “Zirə”ni hələ də yıxan tapılmayıb. İstənilən ölkə çempionatında legioner limiti varsa, komandanın potensialı barədə danışdıqda, ilk növbədə yerli futbolçuların səviyyəsi müzakirə mövzusu olur. Debütantın sıralarında isə öyünməli bir tək Rəşad Abdullayev var. 
Ötən həftə 3-cü dəfə idi ki, “Zirə”nin oyununu seyr edirdim. Ancaq ilk iki halda (“Kəpəz” və “Sumqayıt”a qarşı) komanda oyunu, hansısa dəst-xətdən söhbət getmirdisə, “Neftçi”yə qarşı çox mübariz, düşünülmüş kombinasiyalar quran komandanı gördüm.  Səhvsiz də keçinilmədi təbii ki. Elə Bonilla Nelsonun Aqil Məmmədovu da aldatdıqdan sonra topu boş qapıya sol ayağı ilə yumalamaq əvəzinə, sağ ayağına keçirməsi və bununla da qiymətli saniyələr itirməsi bir kitabın mövzusudu. Ancaq elə həmin Nelson bir qədər sonra inadkarlıq göstərərək, “ağ-qaralar”ın qapısının torunu silkələməyi bacardı. 
Doğrudu, “Zirə” həmin matçın yarısını say çoxluğu ilə keçirdi. Heç kim deyə bilməz ki, Fəhmin Muradbəyli qırmızı vərəqə almasaydı, vəziyyət necə olacaqdı. Çünki “Neftçi” 2-ci hissəyə fəal başlamışdı. Ancaq kontekstdən çıxsaq da, qeyd etməliyik ki, baş hakim Zeynal Zeynalov Fəhminə qarşı aşkar qayda pozuntusuna göz yumdu. Nəticədə Muradbəyli dözmədi və rəqibinin ayağını nümayişkəranə tapdadı.
“Zirə”nin “Qarabağ” və “Qəbələ” ilə görüşmədiyini də vurğulamaq yerinə düşür və skeptiklər bu komandanın əsl sınaqdan çıxmadığını söyləyə bilər. Ancaq yazının əvvəlini xatırladıqda fərqli mənzərə yaranır. Axı “Zirə” kimdi? Topaz Premyer Liqasının debütantı! Məgər kimsə bu komandadan elitaya yüksəldiyi mövsümdəcə ortabablara belə “kəllə atmağı” tələb edə bilərdi? Ancaq qəsəbə təmsilçisi nisbətən dəst-xətti ilə seçilən “Neftçi” və “Xəzər Lənkəran”ı məğlub edib, “Kəpəz” və “İnter”lə heç-heçə oynayıb. İndi artıq əminliklə demək olar ki, “Sumqayıt”la heç-heçə komandanın passivinə yazılmalıdı. Ona görə ki, Şükürovun komandası yüksək yerlər uğrunda mübarizəyə qoşulub. Hətta Avropa Liqasının qrupunda vuruşan “Qarabağ” və “Qəbələ”yə məğlub olsalar belə, “Qartallar” 1-ci dövrəni ən pis halda 4-cü pillədə bitirəcəklər. Hər halda, “Zirə” rəhbərliyi çempionat start götürməmişdən öncə ən şirin yuxularında belə, ilk dövrəni 4-ci pillədə bitirəcəklərini görmürdü.
Əlbəttə, “Zirə”nin xeyrinə işləyən bir sıra məqamlar oldu ki, bu da komandanın belə yüksəyə qalxmasında rol oynadı. AZAL-ın pulsuzluğu, “Kəpəz”in bəxtsizliyi, “Neftçi”nin büdcəsinin kəskin şəkildə azaldılması, “Xəzər Lənkəran”ın idarəçilərinin qeyri-peşarlığı ucbatından Yunis Hüseynovun 12 oyunçunun ümidinə qalması. “Sumqayıt”la “Rəvan” isə onsuz da, heç kimə rəqib deyil. Elə bütün çempionatı bir-biriləri ilə oynasalar yaxşıdı. Amma adama deyərlər: “Mənə nə?!” “Zirə”ni digər klubların problemləri maraqlandırası deyil. Faktiki olan komandalar budu, qəsəbəlilər də mövcud rəqibləri ilə mübarizə aparır. Hər kəsin yorğanı özü üçündü. Ona uyğun da ayaqlarını uzadır.
“Zirə”nin növbəti 2 oyunda qarşılaşacağı “Qəbələ” və “Qarabağ”a “əlcək atacağı” inandırıcı görünmür. Üstəlik komanda 1-ci dövrənin son 2 turunu səfərdə keçirəcək. Amma bu da komandanın 1-ci dövrədəki uğurlu çıxışına kölgə sala bilməz. İknci dövrədə isə “Zirə”ni daha ciddi sınaq gözləyəcək. Çünki artıq “Qartallar”a “debütant” gözüylə baxan olmayacaq.
CEYHUN ƏLİYEV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp