Azərbaycan milli komandasının oyunları ilə əlaqədar olaraq yaranmış fasilədən öncəki tur həqiqətən də maraqlı məqamları ilə diqqət çəkdi. Bu yazıda həmin məqamlardan bəhs edəcəyik.
“Zirə” reallığı
“Zirə”nin ilk 7 turdakı oyununu, sadəcə, alqışlamaq lazımdır. Əminliklə deyə bilərik ki, son illər Azərbaycan çempionatında belə uğurlu debütant olmayıb. Sözsüz, “Zirə”nin belə uğurlu qrafik cızmasında rəqiblərinin zəif olmasının da rolu var. Misal üçün, “Zirə”nin “Xəzər Lənkəran”ı Lənkəranda məğlub etməsi, məncə, cəmi iki il öncə mümkün olmazdı. Amma istənilən halda, tarixdə nəticə qalır və “Zirə” bu nəticəni alın təri ilə qazanıb.
“Neftçi” ilə qarşılaşmada rəqibindən tamamilə üstün futbol sərgiləyən qəsəbəlilər “Xəzər Lənkəran”dan sonra “Neftçi”ni də dizə gətirməklə “Böyük oyun” iştirakçılarını vurmuş oldu. “Zirə” “Neftçi” ilə oyunda ilk qolu gözəl kombinasiyadan sonra vurdu ki, bu da komandanın hücum planındakı irəliləyişdən xəbər verir.
Ən çətin iş, ən asan iş
“Zirə” – “Neftçi” matçını tarixə keçircək, uzun müddət yaddaşlarda saxlayacaq 1 məqam da oldu. Belə ki, sözün əsl mənasında “Neftçi” müdafiəsinə yaraşmayan səhvdən sonra topu ələ keçirən Nelson Bonilla ən çətin işləri görsə də, topu elementar bir vəziyyətdə qapıdan keçirə bilmədi. Belə hallara isə dünyanın daha güclü çempionatlarında və çox güclü oyunçuların ifasında da rast gəlmək mümkündür. Amma etiraf edək ki, həmin psixoloji gərginlikdən sonra Bonilla kimi qol vuranların sayı elə də çox deyil.
“Zirə” – “Neftçi” matçının digər diqqətçəkən məqamı isə Əliyar Ağayevin xəstəlikdən sonra geri dönüşü oldu. Amma bu qayıdışı heç də uğurlu saymaq olmaz. Hər halda, “Neftçi”nin verilməyən penaltisi pomidor sahələrindən də açıq-aşkar görünürdü.
Juninyo tarixi oyunu xatırlatdı
Nəhayət ki, “Kəpəz”in bir müddətdir sərgilədiyi əla oyun nəticəyə də yansıdı. 18 min azarkeş önündə “Sumqayıt”ı 3:1 hesabı ilə məğlub edən “Kəpəz” fasiləyə psixoloji yükdən qurtulmuş halda getdi. Bu oyun eyni zamanda Azərbaycana gəlmiş-getmiş ən istedadlı legionerlərdən olan Junior Osvaldonun da  yenidən “mən də varam” deməsi ilə əlmatdar oldu. “Xəzər Lənkəran”nın heyətində kubokun finalında “İnter”ə vurduğu iki qolla cənubluların xatirəsində qalan sambaçı gəncəlilər üçün də “Sumqayıt” fatehidir. Məhz bu oyundan sonra keçirilən mətbuat konfransında ilk dəfə olaraq daha nikbin və gələcəyə ümidli danışan Şahin Diniyev Juninyonun oyununu xüsusi qeyd etdi. Aqil Məmmədovun legioner üsyanı isə sözsüz ki, rəhbərliyə mesaj idi.
Turun adamı – Qurban Qurbanov
VII tur barədə danışarkən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovu xüsusi vurğulamaq lazımdır. “Neftçi” ilə 1:1 hesabı ilə başa çatan oyunla müqayisədə “İnter” önünə tamamilə fərqli bir heyət çıxaran çalışdırıcı 8 dəyişikliyə getmişdi. Start heyətində 8 dəyişiklik edib qalib gəlmək isə bir komandada aparılan düzgün işlərdən xəbər verir.
“Neftçi” ilə oyundakı səhvindən sonra qınaq obyektinə çevrilən İbrahim Şehiçin komandanı bu oyuna kapitan kimi çıxarması Qurban Qurbanov adına böyük jest idi. Sözsüz, oyunun sonlarında baş verənlər bütün bunları kölgədə qoydu. Şübhəli qərardan sonra futbolçusu Elvin Məmmədovdan penaltini kənara vurmağı tələb edən Qurban Qurbanov Azərbaycan futbolu tarixində ilkə imza atmış oldu. İndi suallar meydana çıxır? Hesab 0:0 olsaydı, Qurbanov yenə bunu edərdimi? Məncə, edəcəkdi. Çünki vaxtilə bəlkə də, qollarının 40 faizini penaltidən vuran adamın indi bu zərbəyə böyük antipatiyası yaranıb və hətta futbolda penaltinin ləğvini istəyir.
“Xəzər Lənkəran”ın faciəsi
Təbiətin böyük şıltaqlığına görə belə bir fikir yaranmışdı ki, “Qəbələ” – “Xəzər Lənkəran” oyunu təxirə düşəcək. Amma sona doğru yağış azaldı və matç baş tutdu. Məncə, bu yağış Lənkəranda olsaydı, oyun təxirə düşəcəkdi. Matçın keçirilməsində ən böyük rolu stadionun bütün bu həngamələrə baxmayaraq, ideal vəziyyət qalan ot örtüyü oynadı.
Şıdırğı yağışın müşayəti ilə keçən oyun “Xəzər Lənkəran”ın sözün əsl mənasında yağmura düşməsi ilə yadda qaldı. Belə ki, cənub klubu 0:6 hesabı ilə uduzaraq, tarixinin ən böyükhesablı məğlubiyyətini görmüş oldu. İndi isə düşünmək belə lazım deyil. Çünki olan olub artıq. Düzgün aparılmayan transfer işlərinin fonunda gələn cəzadan sonra sadəcə, dua etmək lazımdır ki, Allah “Xəzər Lənkəran”ı daha böyük faciədən qorusun…
“Xəzər Lənkəran”ın 1-ci dəqiqədə buraxdığı qol isə Dodonu sadəcə, tarixçilər arasına saldı. Dodo ən erkən qolun müəllifidirmi? Bu suala cavab tapmaq üçün isə bütün erkən qolların videoyazılarına baxmaq lazımdır.
Yekun
Qırmızı vərəqələr, eləcə də hakim səhvləri, rekordlar, təbiət şıltaqlığı, üsyanlar, reaksiyalarla yadda qalan tur milli üçün yaranmış fasiləyə müzakirə mövzuları formalaşdırmış oldu. Düşünürəm ki, VII tur cari Premyer Liqanın hələ ki, ən yadda  qalanıdır… Zarafat deyil, axı bu turda iki baş məşqçi – Emin Quliyevlə Yunis Hüseynov da təzyiqlər qarşısında təzyiqləri qalxdığı, səhhətləri pisləşdiyi üçün hətta mətbuat konfranslarına da qatımadı.
AĞA
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp