AZAL-la oyundakı məğlubiyyətdən sonra “Rəvan”da baş məşqçi istefası reallaşmalıydı. Komandanın sonuncu pilləyə yuvarlanmasının ardından Emin Quliyevin postundan uzaqlaşdırılacağı gözlənilirdi. Amma…
“Rəvan” rəhbərliyi matçdan həmən sonra klubdaxili iclas keçirib, ertəsi Emin Quliyevi də müzakirələrə çağırıb. Amma uzun sürən iclasdan sonra baş məşqçiyə toxunmamaq qərarı verilib. Quliyev qışa kimi vəziyyəti düzəltməyə çalışmalıdı.
Əslində, Emin bəylə yola davam etməyin bir neçə səbəbi var. Əvvəla, rəhbərlik yaxşı başa düşür ki, pul xərcləmədən nəticə qazanmaq mümkün deyil. Klub sahibi Nuru Əliyev gözünü AFFA-nın baş katibi Elxan Məmmədovun əlinə dikdiyindən, məşqçiyə normal heyət qurmaq üçün pul ayırmadığından dəyişiklikdən sonra özünün günahkar sayılacağının fərqindədi. Hərəkətinin bumeranq effekti verəcəyini bildiyi üçün o, gözəgörünməz, adı olub özü olmayan klub prezidenti Samir Məliksoya məşqçini dəyişməməyi tapşırıq verib.
İş ondadı ki, hazırda illərdi işsiz qalan məşqçilər belə Quliyevə xələf olmaq istəmir. Samir Məliksoy, İlqar Axundov, Bəhmən Həsənov, Füzuli Əliyev kimi işbilməzlərin qərarlaşdığı rəhbərlik heyətinun başçılığı altında heç kim pulsuz nökər olmaq istəmir. Həmin adamların hər zaman ayaq altı qazmaq təcrübəsi ifşa olunduğundan məşqçilər “Rəvan” adı gələndə başını götürüb qaçır. Özünəməxsus rekorda sahib Bəhmən Həsənov, Ramil Əliyev və Vladislav Qədirov isə vurulmuş kartlardı, dəfələrlə komandaya gəlib gediblər, onların təyinatı da elə bumeranqdan başqa bir şey olmayacaq.
Bu səbəblərin hamısını ümumiləşdirən “Rəvan” rəhbərliyi qəşadək səbr etməyi qərara alıb. Amma hər gecə fərqli yuxu görən, yuxusunu işində tətbiq edən Nuru Əliyev növbəti turun startı ərəfəsində Bəhmən Həsənova komandanı meydana çıxarmağı tapşırsa, buna da təəccüblənməyin.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp