“Sumqayıt” Topaz Premyer Liqasının 7-ci turunda da qələbə üzünə həsrət qaldı. Gəncədə “Kəpəz”ə 1:3 hesabı ilə məğlub olan “Gənclik şəhəri”nin baş məşqçisi Aqil Məmmədov acı etiraf etdi: “Heyətimizdə legioner olmasa, hər il çempionatda qalmaq uğrunda mübarizə aparacağıq”. 
Bəs klub prezidenti bu barədə nə düşünür? Kamran Quliyevlə müsahibə zamanı bu suala da aydınlıq gətirməyə çalışdıq. Klub rəhbəri ilə söhbətə məhz bu məsələyə aydınlıq gətirməklə başladıq:
– Bu gün Topaz Premyer Liqasında sayılıb-seçilən bütün komandaların heyətində güclü legionerlər var. Mən də razıyam ki, yüksək nəticələr uğrunda mübarizə aparan komandada sanballı legionerlər forma geyinməlidi. Amma klubumuzun bəlli strategiyası var. Sırf azərbaycanlılardan qurulmuş heyətlə çıxış edirik. Gələcəkdə ana xəttimizdə dəyişiklik edilsə, əlbəttə ki, legionerləri dəvət edəcəyik. Ancaq bir daha təkrar edirəm: komandaya yalnız güclü əcnəbilər dəvət olunacaq.
– Başqa sözlə, “Sumqayıt”ın “elitada qalmaq uğrunda mübarizə aparan klub” statusu Sizi qane edir?
– Əsla. Əlbəttə ki, 7 turdan sonra qələbə qaazanmayan klubun prezidenti mövcud vəziyyətlə barışa bilməz. Uğursuzluqda günahkar olan hər bir kəs cəzalandırılacaq. Bu həftə klubdaxili toplantı keçirəcəyik. Həmin toplantıda Müşahidə Şurasının üzvləri də iştirak edəcək. Yaranmış vəziyyətdən çıxış yollarını birgə axtaracağıq. Gəlin, qışa qədər gözləyək. İnanıram ki, həmin vaxtadək nəticələrimiz yaxşılaşacaq, bir neçə qələbə qazanacağıq. Qışadək özlərini sübut edə bilməyən futbolçularla yollarımızı ayıracağıq. 2013-2014 mövsümündə də qış fasiləsinədək uğursuz çıxış etmişdik. Ancaq heyətə 6 yeni futbolçu qatdıq və yazda xeyli irəliləyə bildik.
Məni narahat edən məqam komandamızın son 3 turdakı oyunların son dəqiqələrində qol buraxmasıdı. Sanki vaxtilə Azərbaycan futbolunun bəlalı yeri olan hissələrin son dəqiqələri mərəzinə indi də “Sumqayıt” yoluxub. Götürək son qarşılaşmamızı. İlk iki qolda Şəhruddin Məhəmmədəliyev kobud səhvlərə yol verdi. Üçüncü qol isə futbolçularımızın ruh düşkünlüyündən irəli gəldi. Bununla “Kəpəz”in qələbəsinə kölgə salmaq niyyətim yoxdu. Gəncəlilər həqiqətən sonadək mübarizə apardılar. Ancaq komandamızın potensialının olduğunu bildirmək istəyirəm. Götürək “Qəbələ” ilə görüşü. Nəinki heç-heçə, hətta qalib gəlmək şanslarımız var idi. Lakin Qəbələ təmsilçisi sonda penalti hüququ qazanaraq, bizi 1 xaldan da etdi.
– Qeyd etdiniz ki, klubunuzda legioner yoxdu, ancaq “Sumqayıt”da kifayət qədər milliləşən futbolçular var…
– Bizdə oynayan futbolçuların ya damarlarında azərbaycanlı qanı var, ya da xeyli qohumları ölkəmizdə yaşayır. Əgər həmin futbolçular bizə əcnəbi kimi təklif edilsəydilər, onları götürməzdik. Çünki bizə daha elitar legioner lazımdı. Ancaq bu oyunçular müxtəlif dövrlərdə milli komandamıza dəvət almaqla, özlərini sübut ediblər.
– Klubdaxili toplantıda komandanın ana xətti – yalnız yerli futolçulardan qurulan heyətlə oynamaqdan imtina etmək məsələsi müzakirə olunacaqmı?
– İstənilən yekun qərar Müşahidə Şurası tərəfindən verilir. Bizdə hər şey sadədi. Prezident, vitse-prezident, baş menecer, məşqçilər korpusu Müşahidə Şurasına təkliflərini verir və orada müzakirə edilir.
– Növbəti toplantı zamanı klub prezidenti Kamran Quliyev Şuraya bir neçə legionerin dəvəti ilə bağlı təklif verəcəkmi?
– Məlum olduğu kimi, “transfer pəncərəsi” mövsümdə iki dəfə açıq olur. Yayda daha çox transferlər reallaşır. Bu da başadüşüləndi. Çünki qışda müqaviləsiz futbolçu tapmaq müşkül məsələdi. Biz də ən istedadlı futbolçularımızı üzə çıxarmaq, onlara şans vermək istəyirik.
– Kamran müəllim, Müşahidə Şurasına qışda komandanıza əcnəbi futbolçular dəvət olunması ilə bağlı müraciət edəcəksinizmi?
– Müşahidə Şurası məşqçilər korpusunun bütün təkliflərini dinləyib qərar çıxaracaq.
CEYHUN ƏLİYEV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp