Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində dünən baş tutan “İnter” – “Qarabağ” görüşünün baş hakimi Elvin Əsgərovun qərarları hələ də müzakirə olunur. Hakim qonaqların hücumçusu Reynaldo Silvaya qarşı “bankirlər”in qapıçısı Georgi Lomayanın “son ümid folu” kimi dəyərləndirdiyi epizoda görə əlcək sahibinə birbaşa qırmızı vərəqə göstərdi.
 
Əsgərovdan başqa hamı nə penaltinin, nə də qırmızı vərəqənin olmadığını gördü. Bəs, bununla bağlı “İnter” İntizam Komitəsinə müraciət edəcəkmi? Məsələyə aydınlıq gətirmək üçün “bank təmsilçisi”nin prezidenti Georgi Nikolovla əlaqə saxladıq: “Artıq müraciət etmişik. Özü də tək Lomayanın qırmızı vərəqəsinə görə yox, daha iki məsələyə görə. Həm Zurab Xizanişviliyə göstərilən qırmızı vərəqə, həm də rəqibin cərimə meydançasında “Qarabağ”ın müdafiəçisi Vladimir Dimitrovskinin açıq əllə topa toxunduğu epizodla bağlı İntizam Komitəsinə şikayət etmişik”.
 
Bolqarıstanlı funksioner İntizam Komitəsinin qərarı onları qane etməyəcəyi təqdirdə, “silahı yerə qoymayacaqları”nı da dilə gətirdi: “Səhvlər açıq-aşkardı. İnanıram ki, İntizam Komitəsi ədalətli qərar qəbul edəcək. Ancaq bu, baş verməsə, Apellyasiya Komitəsinə müraciət edəcəyik”.
 
Xatırladaq ki, “İnter” – “Qarabağ” matçında qonaqlar 2:0 hesablı qələbə qazanıb. Ağdamlıların baş məşqçisi Qurban Qurbanov Lomayanın qırmızı vərəqə aldığı epizodda təyin olunan penaltinin dəqiq yerinə yetirilməməsini tələb etmiş və buna nail o lmuşdu. Bu isə həm də gürcü qolkiperin bağışlanması zərurətini yaradır.
 
Nikolovun “Qarabağ”ın qapısına təyin edilməyən penaltiylə bağlı dediklərinə gəlincə, zənnimizcə, hakim həmin anda doğru qərar verdi. Çünki zərbə yaxın məsafədən endirilmişdi və yalnız sıçrayan top əli tapdı. Amma AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun şəxsi nəzəriyyəsinə istinad etsək, əl aşıq olduğu halda penalti təyin edilməlidi. Deyəsən, Nikolov da sədrin bu sözündən həvəslənib. Amma reallıqda həmin epizoda görə penalti verilməməlidi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp