CBC kanalının Topaz Premyer Liqasının oyunlarının yayım hüququna sahib çıxmasından sonra ölkə kanallarında nümayiş olunan futbol verlişlərinin aqibəti sual altına düşdü. “İdman Azərbaycan” bəyanat yayaraq, CBC-i az qala xalq düşməni elan etdi, “Xəzər” TV isə qanuni prizmadan yanaşaraq, videogörüntüləri pulla almaq niyyətini açıqladı.
Bir qədər öncə CBC-in direktoru İlham Rüstəmov futbolinfo.az saytına verdiyi müsahibədə heç bir telekanalın onlara rəsmi məktubla müraciət etmədiyini bildirdi. Maraqlıdı, bəs, bu gecə işıq üzü görəcək “Xəzər” TV-nin “Futbol saatı”nda videogörüntülər təqdim ediləcəkmi? Ediləcəksə, hansı hüquqi əsaslarla?
Məsələyə aydınlıq gətirmək üçün verlişin aparıcısı Sənan Abdullayevlə əlaqə saxladıq: “Biz "Xəzər TV" olaraq dövlət başçısının futbolun kütləviləşməsi yönündə təlimatlarını hər zaman layiqincə icra etməyə çalışmışıq. Azərbaycan Premyer Liqasının canlı olaraq göstərilən və göstərilməyən oyunlarının istər xəbərlərdə, istərsə də "Futbol saatı"nda yayımlanması, şərh edilməsi bu yöndə çalışmalarımızın bir hissəsidir. "Xəzər" TV olaraq, bu işimizə bundan sonra da var qüvvəmizlə davam edəcəyik”.
Sənan bəy təbii ki, məsələyə tam rəsmi münasibət bildirdi, görüntüləri CBC-dən necə aldıqlarını açıqlamadı. Amma bizdə olan bilgiyə görə, müqavilə rəsmiləşməsə də, rəhbərlik səviyyəsində hər şey razılaşdırılıb. Ona görə də bu axşam “Futbol saatı”nda bütün oyunlardan görüntülərlə tanış ola biləcəksiz.
Sənan bəy bu gün efirə gedəcək verilişlə bağlı əlavə bilgilər də verdi. Məlum oldu ki, “Xəzər” TV -nin budəfəki qonağı Qurban Qurbanov olacaq. “Qarabağ”ın baş məşqçisi son turda “İnter”lə matçda etdiyi jestdən danışacaq, penaltinin kənara niyə vurulmasını bir daha izah edəcək. O, həmçinin “Anderlext”lə matçı, monitor vasitəsilə taktiki gedişlərini şərh edəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp