“Sözü demişəm, üstündə durmağa hazıram. İstəyirsiz, çağırım, burda sual verin” – bu sözləri PFL prezidenti Ramin Musayev bu gün Azərbaycan Kubokunun püşkatma mərasimindən sonra jurnalistlərlə görüşdə, Hakimlər Komitəsinin (HK) sədri Xaqani Məmmədovun qeybə çəkilməsinə dair sualı cavablandırarkən deyib. 
 
Şəxsən mən HK sədrinin Musayevin çağırışından sonra dərhal media mənsublarının qarşısında peyda olacağına zərrə qədər də şübhə etmirəm. Ancaq PFL prezidentinin Ələddinin sehrli çırağı varsa və o, bu çıraqdan istifadə edə bilirsə, KİV təmsilçilərinin bu cür atributu yoxdu.
Aydın məsələdi ki, Musayevin “çırağı” rolunda tutduğu post çıxış edir. Xaqani Məmmədov onun çağırışını cavabsız qoya bilməz. Ay Ramin müəllim, axı, bizim AFFA-nın binasında belə ağır nüfuza sahib kreslomuz yoxdu. Necə edək bəs? Hər dəfə Məmmədovu arayanda mütləq sizinlə əlaqə yaradaq ki, “çırağı” işə salasınız?
 
İmkan varsa, dediyiniz həmin sözü bir qədər interpretasiyaya məruz qoyun. Məsələn, deyin ki, Xaqani Məmmədov hər 12 zəngdən sonra istənilən nömrəyə cavab verəcək. Ancaq inciməyin. Bu dəfə sözünüz yerə düşə bilər. Məmmədovun yerinə söz verməmişdən öncə “O olmasın, bu olsun” filmini yadınıza salın. Sərvər Məşəd İbaddan Gülnazdan imtina etməsi barədə yazılı iltizam aldığı epizodu deyirəm. Bax, Məmmədovdan da yazılı ərizə alın. Özü də notarial qaydada. Həmin sənədi kseroksda çoxaldın və media mənsublarına da paylayın. Ki, sabah əlimizdə dəlil-sübut olsun. Həm sizin, həm də bizim.
 
Rusların yaxşı bir məsəli var. Hərfi tərcüməsi bu cürdü: “Hər zarafatın müəyyən hissəsi həqiqətdi”. Bu Sərvər məsələsi zarafat kimi görünsə də, əslində, tam həqiqətdi. Amma seçim özünüzündü. Hər dəfə Xaqani Məmmədovun axtarışına çıxanda, qapınızın döyülməsini istəmirsinizsə, daşı tökün ətəyinizdən, alın o ərizəni HK sədrindən.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp