“Şahdağ” klubunun prezidenti Ərəstun Niftiyevin futbolinfo.az saytına müsahibəsi:
– Hazırda komandanızda vəziyyət necədi? 
– Demək olar ki, təlim-məşq toplanışına hamıdan qabaq biz yığışmışdıq, çalışmalarımıza iyulun 6-da start vermişdik. Hazırlıqlarımız da yaxşı keçmişdi. Amma nədənsə, komanda hələ də öz oyununu tapa bilmir. Ümidlərimiz növbəti turda keçiriləcək “Turan Tovuz”la oyunadı. Bu görüşdə “qara zolaq”dan çıxmağa çalışacağıq. Ötən mövsüm 8 turdan sonra 7, 2 il əvvəl isə 7 turdan sonra 5 xalımız var idi. Artıq neçə ildi ki, oxşar vəziyyətdəyik. 
– “Şahdağ” bu il çempionatda iştirak xatirinə oynayır, yoxsa hanısa məqsədiniz var?
– Xeyr, iştirak xatirinə oynamırıq. Çempionatda yaxşı hazırlşmışdıq. Yoldaşlıq matçlarının statistikasına da baxsanız bunu görə bilərsiniz. Düzdü, mən heç vaxt hakimlərə böhtan atmaq istəmirəm. Çünki hər bir məşqçinin 168 saat vaxtı var. Bu da bir həftə deməkdi. Qeyd olunan zaman kəsiyində baş məşqçi komandanı oyuna hazırlaya bilmirsə, hakimin heç bir günahı yoxdu. Komandamda elə futbolçu var ki, 1 matçda 7 dəfə autu səhv atır. Həmişə referiləri təqsirləndirmək də düzgün deyil. Divizionda keçirdiyimiz 4 oyunda cəmi 1 xal toplamışıq. Halbuki, bayaq dediyim kimi hazırlıq müddətində yoxlama görüşlərini uğurlu keçirmişdik. Baş məşqçidən səbəbini soruşanda cavab verə bilmir. 
– Aşağı yaş qrupları üzrə komandaların vəziyyəti nə yerdədi?
– Bütün yaş qrupları üzrə komandamız var idi, lakin indi onların altısı qalıb. Qalan komandalarmız isə ləğv olunmasa da, çempionata buraxmamışıq. Təbii ki, buna əsas səbəb maliyyədi. Bu gün Qusarda insanların futbola marağı böyükdü. Rayon mərkəzindən 60-70 km uzaqda yerləşən dağ kəndlərində də futbol məktəbləri açmışdıq. Lakin maliyyə vəziyyətlərinə görə bu komandaları saxlaya bilmədik. 
– Hazırda komandanın sponsoru kimdi?
– Əvvəl “Atlant” şirkəti idi, indi isə “Azenko”du. Vəziyyətimiz əvvəl yaxşı idi. Amma son 4-5 ayda bir az sıxıntılarımız oldu. Hər şeyin düzələcəyinə inanıram. 
– “Şahdağ”ın gələcəyi necə olacaq? Azarkeşlər bu komandanı bir də nə vaxt Premyer Liqada görəcək?
– Hər şey Allahın əlindədi. 10 il əvvəl heç kim “Qəbələ”nin Avropa Liqasında qrup mərhələsinə adlayacağını düşünməzdi. O qadın var idi, bolqar falçı…
– Vanqa?
– Hə, bax o… Mən Vanqa deyiləm ki, gələcəkdə vəziyyətin necə olacağını deyim. (gülür).
ELMAR ABDULLA-ZADƏ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp