İndi heç kimin yadına düşməsə də, Əsgər Abdullayevin futbolda önəmli töhfələri var. Əsas millimizdə, olimpiya millimizdə az-çox nəticələr əldə edən Abdullayevin işlədiyi klublarda da öz dəst-xətti var. Onun ənənəvi sözlərindən biri də belədir: 
Baş məşqçi heyəti iki məsələyə görə qurur
1. Öz futbol fəlsəfəsinə görə.
2. Əlində olan materiala görə.
Bu iki məqam tandem təşkil edəndə isə Azərbaycan çərçivəsində götürsək, “Qarabağ” və “Qəbələ” kimi komandalar ortaya çıxır. Əks təqdirdə nəsə axsamalar müşahidə olunur.
Axsayanlardan biri də sözsüz ki, “Sumqayıt”dır. 7 turda qələbə görəməyən komanda dəyişikliklər vacib idi. Amma getməli olan baş məşqçi idimi?
Məsələ burasındadır ki, artıq istefa ərizəsini rəhbərliyə təqdim edən və qərarında qəti olan Aqil Məmmədov öz dövrünün yaxşı futbolçularından olub, bir neçə ay öncəyə qədər isə perspektivli məşqçilərindən hesab olunub.
Məncə, Aqil Məmmədov bir kollektivə rəhbərlik etməyə qadir və layiq adamdı. Həmişə öz fikri olan, simbioz həyat yaşamayan Məmmədovun futbolla bağlı düşüncələri də çox yaxşıdır. Amma istənilən halda, ən yaxşı usta belə materialı olmadan ev tikə bilməz.
Bəli, 7 turdur qələbə nədir bilməyən “Sumqayıt”ın lider oyunçuya, komandanı arxasınca apara biləcək futbolçulara ehtiyacı var. Deyə bilərsiniz ki, “kimyaçılar”ın bir neçə ildir ki, birgə oynayan oturuşmuş heyəti var.  Haqqınız var. Amma vəziyyət onu göstərir ki, bu kollektiv oturuşmuş yox, oturmuş heyətdir.
Baş məşqçi nə qədər güclü olursa olsun, meydançaya çıxan, mübarizə aparan, ötürmə verən, qol vuran futbolçudur. Əgər 7 oyunluq qələbəsizlik seriyasında baş məşqçinin bir günahı varsa, futbolçunun 5, bu heyətə əlavələr etməyən rəhbərliyin isə 15 günahı var. 
Amma qayda budur ki, döyüşdə qalibsənsə, bunu əsgərlərin, məğlubsansa, komandirin adına yazırlar…
Bizdə çox az hallarda baş məşqçi öz istəyi ilə istefa verir. İstənilən istefanı isə vəziyyət formalaşdırır. Aqil Məmmədov bu vəziyyətdə getməklə düz etdi və cəsarətli məşqçi kimi yaddaşlarda qaldı. Lakin məncə, döyüşü sadəcə 1 nəfər uduzmur…
FƏRİD
P.S. Aqil Məmmədovun gedişindən sonra “Sumqayıt”a Samir Abasov rəhbərlik edəcək. Bacaracaqmı?..
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp