Topaz Premyer Liqasının son turunda “Qəbələ”yə 0:6 hesabı ilə uduzan “Xəzər Lənkəran” camiəsində vəziyyət getdikcə gərginləşir. Çətin durumdan çıxa bilməyən klub futbolçularının, məşqçilərinin maaşının 5 aydır gecikdirməklə yanaşı, bunu təkzib də edirlər. 
Klubda vəziyyətin həddən artıq bərbad olduğu futbolçuların meydandakı əhval-ruhiyyəsindən də hiss olunur. Artıq yalan vədlərdən bezən futbolçularda oynamağa həvəs qalmayıb. Elə son tur da bunun əyani sübutu idi. Hətta kapitan Rahid Əmirquliyevin də bezdiyi görünürdü.
Azarkeşlərin isə etirazları davam edir. Cənublu fanatlar bu dəfə “Xəzər Lənkəran”ın yarıtmaz rəhbərliyinə maraqlı üsulla etiraz ediblər. “Facebook” sosial şəbəkəsində bütün azarkeşlər öz profil şəkillərini qara rəng edərək “qara gündəyik” deyiblər. XL rəhbərliyinin istefasını tələb edən azarkeşlər bu klubun ya dağılmasını, ya da əvvəlki vəziyyətinə qayıtmasını istəyiblər.
Bu addımı atanların fikirlərini də öyrəndik. Saytımıza açıqlama verən azarkeşlər Mais Mənsimov – Tuyqun Nadirov  cütlüyünü istefasını tələb edir:
Mustafa Əhmədli: “Qara sarğını qoymuşuq ki, vəziyyət heç də qənaətbəxş deyil, ümidlər tükənib artıq. Əvvəlki XL-dən əsər-əlamət qalmayıb, çox haqqsızlıqlar, çox özbaşınalıqlar olub. Azərbaycanda indiyədək gəlib-keçmiş ən böyük azarkeş kütləsinə malik olan XL bu günlərə qalmamalıdır,. bu klub çox böyükdü, indi çox heyf ki, durumu çox acınacaqlıdır,. Lənkəranda yenicə yaranmış  “Zirə”yə belə uduzurlar. Mübariz Mənsimovun da böhranda olması komandanı bugünə salıb. Mais Mənsimovla Tuyqun Nadirov  üçün də əsas puldur. Bu cütlük klubu zərrə qədər düşünmür, sadəcə, pul qazanmaq istəyirlər”.
Vüsal Kərimov: “Mübariz Mənsimov ümumiyyətlə, klubun başını buraxıb. Onu “Xəzər Lənkəran” zərrə qədər maraqlandırmır. Burda olan Mais Mənsimovla Tuyqun Nadirov da sadəcə, özlərini düşünüb, komanda üçün heç nə etmirlər. Belə olan halda əlbəttə ki, vəziyyət pis olacaq. Rəhbərliyin bu davranışı futbolçulara da mənfi təsir edir. İstefa olmayacaq. Çünki klubu veriblər Maisə. O, özünü istefaya göndərməyəcək, Nadirovu isə istəsəydi, indiyə imi qovardı. Klub sırf şəxsi mülkə çevrilib. Olsun deyə fəaliyyət göstərirlər, udsun deyə yox. Qeyri-peşəkar rəhbərlik futbolçulardan hesabat tələb edə bilməz. Həm futbolçular, həm rəhbərlik vaxtını keçirir, yaxşı olardı klubu bağlayardılar. Camaat da avara qalıb”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp