“Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədovun futbolinfo.az saytına müsahibəsi:
– AÇ-2016-nın seçmə mərhələsində millimiz İtaliya və Bolqarıstanla oyunda nəyə ümid edə bilər?
– Rəqiblər qrupun ən güclüləridi. İtaliya ilə oyunda sürpriz gözləmək olar. Bunu Azərbaycan oynadığı son matçlarda da göstərdi. Bolqarıstanla isə düşünürəm ki, millimizi çətin oyun gözləyir. 
– İtaliyanı “öz silahı” – müdafiədən oynayaraq, vurmaq, yoxsa onlara açıq futbol təklif etmək lazımdı?
– Prosineçkinin öz oyun üslubu var. Fikrimcə, müdafiə olunmaqla yanaşı, hücumu da düşünmək lazımdı. Son matçlardakı kimi komanda şəklində müdafiə olunsaq, oyun İtaliya üçün çətin olacaq.
– Bolqarıstanla bağlı bir az ehtiyatlı proqnoz verdiniz. Bunun səbəbi bolqarlarla qrupda 4-cü yer uğrunda mübarizə aparmağımızdı, yoxsa səfərdə oynamağımız?
– Düşünürəm ki,  səfər matçı olduğu üçün millimiz daha ehtiyatlı oynaya bilər. Fikrimcə, meydan amili bolqarlara əlavə üstünlük qazandıracaq.
– Ölkə çempionatı ilə bağlı da fikirləriniz maraqlı olardı. Çempionata kənardan baxdıqda necə təəssürat yaradır?
– "Qarabağ" və "Qəbələ" həm heyət, həm də oyun baxımından digər komandalardan öndədi.
– "Qarabağ" və "Qəbələ" ötən mövsümlə müqayisədə sanki zəyif çempionata düşüb…
– Hər iki komandada yeni transferlər olub. Fikrimcə, bu iki kolletiv çempionatla yanaşı, Avroliqanı da düşünür. Bu klublardan fərqli olaraq, digər komandaların zəif çıxış etdiyi hiss olunur. Yeni komandalardan "Zirə" çempionata çox yaxşı başlayıb. Amma qızıl medallara iddia edəcəklərinə inanmıram. Düşünürəm ki, 3-4-cü yerlər uğrunda mübarizə apara bilər. "Kəpəz"in oyununda da irəliləyiş var. Doğrudu, nəticə baxımından Şahin Diniyevin komandası bir qədər axsayır, amma sərgilədiyi futbol alqışalayiqdi. Hər iki komanda Avropa Liqasına vəsiqə uğrunda mübarizə apara bilər. Zənnimcə, bu vəsiqəyə sahib olmağa daha iki namizəd var – “İnter” və “Neftçi”.
– "Zirə"nin 7 turdan sonra 3-cü pillədə qərarlaşmasını təsadüf, yoxsa reallıq hesab edirsiniz?
– Təsadüf olduğunu düşünmürəm. Komandaya cəlb olunan futbolçular kifayət qədər tərcübəlidi. AZAL-dan bir sıra oyunçu cəlb ediblər. Elə gətirdikləri legionerlər də kifayət qədər təcrübəli və keyfiyyətlidilər. Bu heyət 1-ci diviziondakından tam fərqlidi və bərkə-boşa düşmüş futbolçulardan qurulub.
– Çempionat başlamazdan əvvəl insanlar az qalmışdı "İnter"in giriş qapısına nəzir qutusu qoysun ki, komanda acından ölür. Ancaq buna baxmayaraq "bankirlər" indi yüksək pillələrdə qərarlaşıb. Bunu nə ilə əlaqələndirmək olar?
– Zənnimcə, maliyyə durumunda problemləri qalmayıb. Müqavilədə göstərilən şərtləri yerinə yetirən komandanın sabit çıxış etməsi gözlənilməzlik deyil. 
– “Xəzər Lənkəran” necə, iddiaçılar sırasına düşə bilər?
– Yunis Hüseynov yay təlim-məşq dövrünü bir, çempionatı isə fərqli heyətlə oynamaq məcburiyyətindədi. Buna görə də, komanda hətta ortabablar sırasında deyil. Artıq yanvara qədər 2 dövrə bitəcək. Qalan 2 dövrədə nəyisə dəyişmək çox çətin olacaq. Ona görə komanda artıq növbəti mövsümü fikirləşəcək. 
– "Xəzər Lənkəran"ın potensiyalını "Qəbələ" ilə oyunun tablodakı nəticəsi kimi səciyyənləndirmək olarmı?
– "Zirə" ilə matçda məğlub olmalarına baxmayaraq, yaxşı oyun göstərdilər. Həmin oyunda komanda meydanda mübarizə apardı. "Qəbələ" ilə matçda isə nə istək var idi, nə də ustalıq. O oyunla, o cür hesab gözlənilən idi. Əgər növbəti matçlarda da futbolçular elə istəksiz oynasalar, yenə bu cür halla üzləşəcəklər. Bəzən istək səviyyəni döyür. Ancaq lənkəranlılarda istək görmürəm.
– Turnir cədvəlinin zirzəmisi – "Rəvan", AZAL, "Sumqayıt". Bu 3 klubdan 10-cu pilləyə ən real namizəd hansını görürsünüz?
– AZAL maddi cəhətdən daha çox əziyyət çəkir. Amma ola bilər komanda yanvarda etdiyi transferlərlə güclənsin. Bu üçlükdə “Sumqayıt” daha şanslı görünür. Çünki oturuşmuş heyətə sahibdilər. Üstəlik, məşqçi dəyişikliyi də müsbət təsirini göstərə bilər.
– Amma çempionatın gedişində AZAL "Rəvan"ı məğlub etməyi bacardı.
– Bəli. Düşünürəm ki, hal-hazırda "Rəvan" daha zəif təsir bağışlayır. Amma bu da başadüşüləndi. Çempionata 10-15 gün qalmış yığılan komanda bu cür də olmalıdı.
XƏYYAM İSMAYILOV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp