Sabah Avropa Çempionatın seçmə qrup mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – İtaliya matçı öncəsi qonaqların baş məşqçisi Antonio Konte mətbuat konfransı keçirib. Futbolinfo.az xəbər verir ki, italyan mütəxəssis bəd məlumatdan başlayıb. 
 
– Bir həftə ağır məşqlər keçdik. Uşaqlardan razıyam. Əsas oyundu, ümidvaram ki, uğurlu alınacaq. Təəssüf ki, Andrea Pirlo sabahkı görüşdə iştirak etməyəcək. Məşqdə zədələndi. Ümid edirəm ki, Norveçlə oyuna qədər o, sıralarımıza qatılacaq.
 
– Start heyətində kimlərə şans verəcəksiniz? Axı qeyd edirsiniz ki, hamı yaxşı məşq edib.
– Ən yaxşılara.
 
– Ötən il klublarla ümumi dil tapa bilmirdiniz. İndi vəziyyət necədi?
– Bu, ötənlərdə qalıb. O vaxt tək qalmışdım. Bu gün konsentrasiyamızı bu oyuna yönəltmişik.
 
– Sabah İtaliya aqressiv olacaq, yoxsa ehtiyatlı davranacaqsınız?
– Azərbaycan Xorvatiya, Norveç kimi rəqiblərlə heç-heçə oynayıb. Top rəqibdə olanda pressinq etməliyik. Sabah qrup mərhələsi mövzusunu qapatmalıyıq. Ancaq gözəl başa düşürəm ki, sabah işimiz asan olmayacaq.
 
– İtaliyada 4-4-2 və 4-3-3 sistemi üzrə məşq etdiyinizi bildirmişdiniz. Pirlonun yoxluğunda oyun fəlsəfəniz dəyişməyəcək?
– Pirlo bizim üçün çox önəmli futbolçudu. Ancaq heyətimizdə onu əvəz edə biləcək oyunçular var. Sistemə gəlincə, bunu sabah görəcəksiniz.
 
– İtaliya Futbol Assosiasiyasının prezidenti AÇ-nin final mərhələsindən sonra sizinlə işbirliyini davam etdirmək istədiyini bildirib. Bu nə deməkdi, millini buraxmaq fikrindəsiniz?
– İlk növbədə məni düşündürən seçmə mərhələni adlamaqdı. Sonrakı vəzifəmiz qitə birinciliyində uğurlu çıxış etməkdi. Federasiya prezidentinə mənə etimad göstərdiyinə görə təşəkkür edirəm.
 
– 48 oyundu seçmə mərhələdə məğlub olmayan İtaliya Azərbaycandan yenik dönsə, bunu İtaliyada həzm edəcəklərmi?
– Biz çalışacağıq ki, bu seriyamızı davam etdirək. Stadion yenidi, xeyli azarkeş toplaşacaq, rəqib uğura imza atmağa çalışacaq. Ancaq bizim futbolçuların ustalıq səviyyəsi daha yüksəkdi. İnanıram ki, bundan yararlana biləcəyik.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp