Qarışıq günlər yaşayırıq. Bir gün şad xəbər eşidirik, bir gün bəd. Xəbər eşitmədiyimiz, gördüklərimizi xəbər etdiyimiz də olur.
Futbolinfo.az sabah 2 yaşını qeyd edəcək. Acılı-şirinli 2 ilin tamamlandığı günü görməyə də bilərik. Çünki ölkə mətbuatını sabahı aça bilməmək qorxusu ağuşuna alıb. Maliyyə problemləri, bunun səbəb olduğu maddi-texniki bazanın zəifliyi, kadr çatışmazlığı, şəraitsizlik hətta polad iradəli adamları da dayanmağa məcbur edə bilər.
Amma dünən elə bir olay baş verdi ki, yola davam etməyə, mübarizə aparmağa, yaşayıb-yaratmağa əlavə stimul tapdıq. Yox, reklam bazarının monopoliyada olduğu ölkədə nə yeni maliyyə mənbəyi tapmışıq, nə də doşabımız bal çıxıb.
Oktyabrın 12-si, elə saat 12.00 olardı. Redaksiyanın qapısı döyüldü. Bir xanım idi.
– Bura futbolinfo.az saytının redaksiyasıdı.
– Bəli.
 
Növbəti sualı verməyə tələsmədən balaca boyunu gizlədən kabloklarını cütləyib boylanır, çiynim üzərindən içərini süzməyə çalışır, sanki nəsə tapmağa cəhd edirdi.
– Xanım, sizə kim və ya nə lazımdı?
– …
– Kimi axtarırsız?
– Yadımdan çıxdı. Bir dəqiqə düşüm, dəqiqləşdirim, qayıdıram.
Sağollaşmadan getdi, pilləkənləri aşağı düşdü. Amma “casus” olduğunu gizlədə bilmədi. Ömrümün 20 ilini nahaq yerə jurnalistikaya həsr etməmişəm, arxasınca yüyürdüm. Küçəyə çıxanda artıq xidməti maşında yerini rahatlamışdı, nə sürücü, nə də o – üzümə belə baxmadılar, şütüyüb getdilər. Həm də qorxaraq.
Artıq 17 dəqiqədən sonra xanımın kimliyini dəqiqləşdirmişdim, az sonra şəklini də tapdım. Yanılmamışdım. Casusluğu hələ rəhbərlərindən yaxşı öyrənməyən bu xanım kəşfiyyata gəlmişdi. Yox, hələ şəklini sayta qoymayacam, gözlədiyim məktub var, gəlsin, ondan sonra “kəşfiyyatçı”nı siz də tanıyacaqsız.
Bir neçə gündü saytımızın məhkəməyə veriləcəyi ilə bağlı siqnallar alırıq. Səbəb hansısa səhv, qərəzli yazı deyil, ola da bilməz. Səbəb ölkədə muxtar vilayətini yaradan, biznesini inkişaf etdirən bir nəfərin əzələ nümayiş etdirməsidi. Ona elə gəlir ki, kimsə onu tənqid edə bilməz; o, dövlətin bütün imtiyazlarından yararlana, əvəzində ümumi siyasətə dəstək verməyə bilər. Və buna görə kimsə onun adını çəkməməlidi…
İnternetdə axtarış verin, onun şəklini tapana mükafat məndən. Təsəvvür edirsiz, hər şeyin şəffaf olduğu bir ölkədə gizlənqaç oynayan bu adamın əli hər yerə çatır – şəkillərini gizlətməyə, gözəgörünməz olmağa, haqqında yazılanları sildirməyə, silməyənləri məhkəməyə verməyə…
İrəlidə bizi ağır döyüş gözləyir. Çünki özümüzə zəng vurub, ofisin ünvanını soruşanda hiss etmişdik ki, burada nəsə var. Həmin qızcığaz isə ünvanı dəqiqləşdirməyə gəlmişdi. Özünü ürkək apardı, iz qoydu, şübhə yaratdı, amma işini gördü.
Bizi məhkəməyə verəcək şirkətin hüquqşünası idi. Rəqib düşərgəni yoxlamağa gəlmişdi. Sabah məhkəmədə üz-üzə gələndə salam verəcəm ona…
Hələ ad çəkmirəm, məhkəmə bildirişini gözləyirəm. Gəlsin, bizi məhkəməyə verənin kim olduğunu siz də biləcəksiz. O “casus” xanımın da, həmin şirkətin gözəgörünməz rəhbərinin də, ölkə başçısının “jurnalistlərə təzyiq etməyin” deməsinə baxmayaraq, qələm əhli ilə zor gücünə danışmaq istəyənlərin ideoloqunun da fotosessiyası sizə təqdim olunacaq. Qara gözlü, qara saçlı xanım, eynəkli göygöz ideoloq marağınıza səbəb olmaya bilər, amma o iş adamının rəngarəng şəkilləri ən azı sosial şəbəkələr, bir çox saytlar üçün əla material olacaq.
Bunları niyə qələmə aldım? Qoy, qarşı cəbhə bilsin ki, yatmamışıq, müharibə çağırışına hazırıq. “Top”umuz da var, “cəbbəxanamız” da. Bizi uzun, ağır məhkəmə prosesləri gözləyir. Qoy, ilk həmləni rəqib etsin, bizim də ədalətinə zərrə qədər şübhə etmədiyimiz məhkəməyə müraciət etmək üçün şikayət mövzularımız var.
Lap elə sabah gəlsin o bildiriş. Bunu ad günü hədiyyəmiz, alın yazımız kimi qəbul edəcəyik. Lütfən, geri çəkilməyin, üz-üzə döyüşək…
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp