Dünən Avropa Çempionatının seçmə məhələsi çərçivəsində səfərdə Bolqarıstana məğlub olan Azərbaycan millisi daha bir tsikli başa vurdu. Bu, yığmamızın iştirak etdiyi 11-ci seçmə mərhələ oldu. Bunlardan 6-ı AÇ, 5-i isə DÇ-nin təsnifat mərhələsi olub. Komandamız bu seçmə mərəhələlərdə 108 matça çıxıb. Bu qarşılaşmaların 10-da qalib gələn seçməmiz 22 dəfə də rəqibləri ilə "sülh"ə razı olub. Yığmamız vurduğu 55 qolun müqabilində, 232 dəfə topu qapısından çıxarıb. 
Cari seçmə mərhələdə ilk dəfə millimiz 6 xal topladı. Əvvələr komandamız 5, 7 xal yığsa da, heç vaxt əmsal hesabına 6 yazılmamışdı. Bundan başqa, millimiz tarixində ilk dəfə evdə məğlub olduğu komandadan səfərdə xal almağı  bacardı. Bu, Norveçlə oyunlarda baş verdi. Maraqlıdı ki, əgər skandinavlar həmin görüşdə qalib gəlsəydi, hazırda xorvatların əvəzinə onlar AÇ-da birbaşa iştirak edəcəkdi. 
Cari seçmə mərhələdə 3 dəfə rəqib qapısına yol tapan Dimitri Nazarov Qurban Qurbanovun AÇSO-2004-dəki rekordunu təkrarladı. Adıçəkilən hər iki futbolçu hazırda bir tsikldə komandamızın ən çox qol vuran futbolçusu ünvanını daşıyır. Bundan başqa, Qurban Qurbanovun daha bir rekorduna Rahid Əmirquliyev şərik çıxıb. Belə ki, “Xəzər Lənkəran”ın kapitanı Qurbanovdan sonra yığmamızın heyətində seçmə mərhələlərdə dubl edən 2-ci futbolçudu. 
Artıq başa çatmış tsikldə başqa bir rekod isə azarkeşlərlə bağlıdı. Belə ki, oktyabrın 10-da İtaliya ilə Bakı Olimpiya Stadionunda keçirdiyi qarşılaşmanı 48 min azarkeş izləyib. İndiyədək millimizin ev matçını bu qədər çox azarkeşin izləməsinə heç vaxt təsadüf edilməmişdi. Daha bir yenilik isə stadionlarla bağlıdı. Millimiz tarixi ərzində ilk dəfə ev oyunlarını 3 müxtəlif arenada keçirdi. Komandamız “Bakcell Arena”da 3, Tofiq Bəhramov və Olimpiya stadionunda isə 1 dəfə rəqiblərini qonaq etdi.
Baş məşqçi Robert Prosineçki isə Karlos Alberto Torres, Coko Hacievski və Berti Foqtsdan sonra yığmamızı rəsmi oyunlarda meydana çıxaran 4-cü əcnəbi çalışdırıcı  oldu. Xorvatiyalı mütəxəssis, yerli məşqçilər də daxil olmaqla seçmə oyunlara qələbə ilə başlayan ilk və tək məşçiqdi. Həmçinin o, cari seçmə mərhələdə ardıcıl 4 matçda məğlub olmamaqla sələfi olan Foqtsun göstəricisini təkrarlayıb. 
ELMAR ABDULLA-ZADƏ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp