Milli komandamızın yarımmüdafiəçisi Rahid Əmirquliyevin futbolinfo.az saytına müsahibəsi:
– Ötən gecə millimiz Avropa Çempionatının son seçmə oyununda Bolqarıstana məğlub oldu. Oyunla bağlı fikirlərini bilmək istəyərdik?
– Demək olar ki, Robert Prosineçkinin gəlişindən sonra yığmamız ən pis oyununu keçirdi. Qarşılaşmaya olduqca zəif başladıq. Bilmirəm niyə, amma heç nə alınmırdı. Bir qədər birinci hissənin son 10 dəqiqəsində nəsə alınmağa başladı. Fasilədən sonra pressinq tətbiq etdik. Ancaq qapımızda 2-ci qolu gördükdən sonra təşəbbüs yenidən meydan sahiblərinə keçdi.
– Prosineçkinin təyinatından sonra millinin heyətində həqiqətən seçilməyə başladın. Amma Bolqarıstanla matçda sənin də oyunun uğursuz alındı. Bəlkə rəqibdən çəkinirdiniz?
– Yox, biz Sofiyaya ən azı 1 xal qazanmaq üçün gəlmişdik. Rəqibdən çəkinmək barədə söhbət belə gedə bilməz. Ancaq heç nə alınmırdı. Bizim günümüz deyildi. Heç cür belə oyuna izah tapa bilmirəm. Fərdlər üzrə yox, komanda şəklində çox pis oynadıq.
– Fasilədən sonra millimiz dirçəldi. Hətta oyunda dönüş yaranacağına ciddi inam yarandı. Paltardəyişmə otağında baş məşqçi sizlərə nə dedi?
– O, ilk 45 dəqiqədəki səhvlərimizi başa saldı. Özünəinam hissini qaytardı. Top saxlamağı tapşırdı. İkinci hissəyə inamlı başladıq. Hesabı bərabərləşdirib, qarşılaşmada dönüş yaratmaq istəyirdik. Amma öz səhvimizdən sonra daha bir qol buraxdıq. Bundan sonra komanda "söndü" və ilk yarıya necə başlamışdıqsa, həmin tərzə qayıtdıq.
– Bir neçə kəlmə də “Xəzər Lənkəran” barədə. Bildiyimiz kimi, 5 aydı maaşlar verilmir. Komanda faktiki olaraq gənclərin ümidinə qalıb. Təkbaşına təcrübəsiz futbolçularla qaldığını nəzərə alsaq, qışda komandadan ayrılmağın mümkündürmü?
– Doğrudu, maaşlarda gecikmələr var. Rəhbərliklə danışmışıq, söz veriblər hamısını ödəsinlər. Onu da etiraf edim ki, heyətimizdə həddən artıq çox gənc futbolçu var. Bu heyətlə çempionluq uğrunda mübarizə aparmaq çox çətindi. Yayda yaxşı komanda yığmışdıq. Təəssüf ki, yeni futbolçuların sentyabrdan bizə qoşulacağına dair arzularımız puç oldu və FİFA-nın sanksiyası qüvvədə qaldı. Dekabra az qalıb. İlin son ayında rəhbərliklə danışacam.
– Razılıq versələr, qışda komandadan ayrılacaqsan?
– Müqaviləylə mövsümün sonunadək “Xəzər Lənkəran”a məxsusam. Ümid edirəm qışda komandanı gücləndirəcəklər və biz də iddialı olacağıq.
– Mövsümün ilk yarısında xeyli xal itirdikdən sonra, bunun əvəzini çıxmaq axı mümkün olmayacaq. Nəzərə alsaq ki, karyeranın zirvə nöqtəsindəsən, yəqin ki, avrokubok zonasına düşmək uğrunda mübarizə aparan komandada forma geyinmək istəyərsən?
– Əlbəttə, hər bir futbolçu kimi, mən də qitəmiqyaslı yarışlarda iştirak etmək istəyirəm. Ancaq indidən qəti bir söz deyə bilmərəm. Dekabrda rəhbərliklə söhbətimiz olacaq. Yalnız bundan sonra konkret fikir bildirmək olar.
CEYHUN ƏLİYEV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp