Milli komndamızın dünən Bolqarıstana qarşı keçirdiyi AÇSO çərçivəsində son oyununda ilk əvəzlənən Maksim Medvedev oldu. “Qarabağ”ın müdafiəçisi birbaşa paltardəyişmə otağına yollanmaqla, gündəmə bir sıra sual gətirdi.
 
Prosineçkinin onu meydandan alması, təcrübəli futbolçunu özündən çıxarıb? Bəlkə baş məşqçiylə Maksimin arasında soyuqluq yaranıb? Medvedev zədədən yenicə dönüb, əcəba köhnə zədə baş qaldırmayıb? Bu suala Prosineçki matçsonrası mətbuat konfransında aydınlıq gətirdi: “Maksimi zədə üzündən əvəzlədik”.
 
Ancaq Medvedevi qarşıdan Avropa Liqasının qrup mərhələsi matçı gözləyir. Onun son durumu, habelə bolqarlara qarşı görüş barədə fikirlərini öyrənməyə zərurət var idi. Sofiya hava limanında milli oyunçumuzla bir çox suallara aydınlıq gətirməyə çalışdıq.
 
– Zədənlə bağlı hansısa bir ilkin məlumat var?
– İlk simptomlar ağrılardı. Müəyyən vaxtdan sonra zədənin hansı səviyyədə olduğu üzə çıxacaq. Topuq nahiyəmdən zədə almışam.
 
– Açığı, rəqiblərinə bu qədər komponentlərdə uduzduğun oyunu xatırlamıram. Bu, nə ilə bağlı idi: zədədən yeni döndüyün üçün, yoxsa başqa məqamları qeyd edə bilərsən?
– Açığı, hansı komponentlərən danışdığınızı anlaya bilmirəm.
 
– Götürək elə qapımıza vurulan 2-ci qolu. 
– Bilirsiz, futbol – kollektiv oyundu. Bu cür görüşlərdə hamı bir-birini sığortalamalıdı. Eyni zamanda, rəqib komandanın müdafiəçisi topa yiyələndikdən sonra qarşısında boş zona qalır. Həmin mövqedə yarımmüdafiəçimiz olmalı idi. Ancaq olmadığı üçün boşluğa çıxmalı oldum. Həmin an müdafiəmizin cinahı boşaldı və ani sürətimi azaltmalı oldum. Rəqib də bu epizoddan yararlanıb sürətini artırdı. Onu yıxsaydım, böyük ehtimalla vərəqə alacaqdım. Ancaq bolqar oyunçunun cinahla irəliləməsini və bir başa qapımıza təhlükə yaşatmadığını nəzərə alaraq, toxunmadım. Sadəcə, elə alındı ki, o, topa çatıb komanda yoldaşına ideal ötürmə etdi.
 
– Prosineçki də qeyd etdi ki, 1-ci hissədə millimizin sərgilədiyi futbol onun rəhbərliyi altında keçirilən oyunlar arasında ən bərbadı idi. 
– İtaliya ilə görüş bizim üçün çox ağır keçdi. Onlara qarşı xeyli güc sərf etdik. Eyni zamanda, 3 gün öncəki görüşlə müqayisədə, start heyətində yeni 3 oyunçu, həm də mövqe dəyişiklikləri oyunumuza təsirini göstərdi. Nəhayət, 6 şipli butslarda oynamağımıza baxmayaraq, meydanın sürüşkən olması da təsirini göstərirdi. Bolqarlar daha hücumameylli futbol sərgiləyirdi. Biz isə oyunu bir qədər müdafiədən qurmuşduq.
 
– Ancaq fasilədən sonra milimiz sanki yuxudan ayıldı…
– Bir top fərqi ilə geridə idik. İstənilən an bərabərlik qolunu vurmaq mümkün idi. Amma hücumda ağırlığımızı qoya bilmirdik. Ancaq istənilən hücumumuz rəqibin əks-hücumuna zəmin yaradırdı və onlar da müəyyən epizodlarda bunu həyata keçirə bilirdi. Təəssüf ki, daha kompakt oynaya bilmədik ki, həm də müdafiədə çatdıra bilək.
 
– Hər tsikl başa çatdıqdan sonra xəyallara dalıb, növbəti seçmə mərhələlərdə möcüzəyə ümid etməyə başlayırıq. Necə düşünürsən, reallıqda final mərhələsi yükünün öhdəsindən gəlmək iqtidarındasınız?
– Ötən seçmə mərhələdə indikindən daha çox xal toplamışdıq. Ancaq cari tsiklin ilk 4 görüşünün məğlubiyyətlə başa vurmuşduq. Daha sonra məşqçi dəyişikliyi və Prosineçkinin gəlişindən sonra işlərimiz qaydasına düşməyə başladı. Etiraf edim ki, İtaliya, Xorvatiya kimi rəqiblərlə başabaş mübarizə aparmaq bizə çox çətindi. Elə püşk də üzümüzə gülmür. Daha münasib rəqiblər də düşə bilər. Düşünürəm ki, növbəti tsiklə qədər baş məşqçimizə tam alışa biləcəyik. Onun futbol fəlsəfəsini tam dərk edəcəyimizi hesab edirəm. Onun rəhbərliyi altında daha çox oyun keçirməklə, bizdən nə istədiyini də daha rahat başa düşəcəyik.
 
– Elnur Cəfərovla bir cinahda qərarlaşmışdın. Millidə debüt edən gənc yarımmüdafiəçiyə hansısa komponentlərdə səhvə yol verdiyini bildirirdinmi?
–    Ölkə çempionatında hansısa səhv bağışlanılırsa, milli səviyyəsində ani diqqətsizlik olduqca baha başa gəlir. Burda hər bir futbolçu rəqib oyunçuya cavabdehdi. Amma bir şeyi də qəbul etməliyik ki, bu, onun debüt oyunu idi. Hər birimiz ilk oyunda heç də Elnurdan yaxşı təsir bağışlamamışıq.
 
– İndi isə bütün yollar Monakoya aparır…
– Şəxsi fikrimi bildirirəm: “Monako” qrupumuzun ən güclü komandasıdı. Baxmayaraq ki, “Tottenhem”ə 3:1 məğlub olmuşuq, fransızları daha güclü hesab edirəm. Fransa təmsilçisinin şərəfini qoruyan futbolçular olduqca səviyyəlidilər. Götürək elə Əl-Şəravini. Karyeram ərzində qarşılaşdığım ən sürətli futbolçulardan biridi. İtaliya yığmasına qarşı oyunda bunun canlı şahidi olmuşam. Və belə bir futbolçu “Monako”da ehtiyat oyunçular skamyasında oturur. İndi görün onların start heyətində kimlər çıxış edir! Ancaq “Qarabağ” olaraq, ən yaxşı futbolmuzu sərgiləməyə çalışacağıq. Başa düşürəm ki, heç kim bizdən hansısa fantastik nəticə gözləmir. Ancaq “iştah diş altındadı”. Fransadan uğurlu nəticəylə dönmək üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik.
 
– Fransızlara oyunadək bərpa ola biləcəksən?
– Buna çox ümid edirəm. Əvvəl də məhz topuğumdan zədə almışdım. Ayağın bu nahiyəsindən alınan zədə tam aradan qalxdıqdan sora oynamalısan. Ancaq milliyə dəvət aldım və bu səviyyədə görüşlərdə maksimum gücünü sərf etməlisən. Həmin nöqtədən yenidən ayağımdan zərbə aldım. Ancaq həkimlərin köməyi ilə komandama kömək edə biləcəyimi düşünürəm.
 
Ceyhun Əliyev
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp