“Qəbələ” Topaz Premyer Liqasının VIII turunun “Neftçi” ilə qarşılaşmasının hazırlıqlarını bərpa edib. Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar” birgünlük istirahətdən sonra bu gün Qəbələdə bir araya gəlib. 
Oktyabrın 11-də baş tutan “Qarabağ”la yoxlama oyununun (2:1) ertəsi məşq edib, sonra istirahətə buraxılan əyalət təmsilçisi hazırlıqlarını yenidən başlayıb. 
Qəbələ şəhər stadionundakı məşqə fiziki hazırlıqla başlayan Roman Qriqorçukun yetirmələri ardınca toplu çalışmalara üstünlük verib. Məşqdə milli komandaların düşərgəsinə yollanan futbolçular, həmçinin zədəli Rafael Santos iştirak etməyib. Yığmadan qayıdan oyunçuların bugünkü məşqə qatılması planlaşdırılıb. Komanda həmin məşqi də Qəbələdə keçirəcək.
Xatırladaq ki, VIII turun “Neftçi” ilə oyunu oktyabrın 17-də Bakıda keçiriləcək. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutacaq matç saat 15:30-da başlayacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp