Son illər göstərdiyi oyunla “Qarabağ” milyonların könlündə taxt qurub. Ağdam təmsilçisinin avrokuboklardakı çıxışı, nəticələri  göz oxşayır. Hətta məğlub olduğu oyunlarda belə rəqiblərindən geri qalmayan Qurban Qurbanovun komandasının oyunu mübaliğəsiz Azərbaycan futbolunun səviyyəsini aşır.
Əksər işlərini peşəkar səviyyədə quran komanda kənardan problemsiz görünür. Amma həyatda heç nə 100 faiz deyil. Əgər iş varsa, problem də olmalıdı. “Qarabağ” da bu sarıdan “korluq çəkmir”. Elə “atlılar”ın 22 ildi doğma şəhərindən ayrı qalması, qaçqın həyatı sürməsi ən böyük problemdi. Bu çətinliyin həllini tapmaması klub rəhbərliyinin əlində olmayan məsələdi. Amma komandada elə problemlər var ki, bunun çarəsini tapmaq mümkündü.
Bir komandanın gələcəyi onun aşağı yaş qrupu üzrə komandaları, əvəzediciləridi. Ağdam təmsilçisinin əvəzedicilərinin, uşaq komandalarının son illərdə göstərdiyi nəticələrə nəzər salsaq, görərik ki, “Qarabağ”ın gələcəyi elə də parlaq görünmür. Dediklərimə əyani sübut kimi komandanın əvəzedicilərinin sonuncu dəfə 2009/10 mövsümündə çempion olmasını göstərə bilərəm. Elə o zamandan bəri bu komanda yarışda nəinki medalçılar sırasına, heç "ilk beşliy"ə düşə bilmir. Bu, son iki ildə ölkə çempionu olmuş, avrokuboklarda qrup mərhələsinə yüksəlmiş komanda üçün heç də yaxşı hal deyil.
Ötən mövsümün yekunlarına baxsaq, nəinki əvəzedicilər hətta aşağı yaş qrupu üzrə komandaların nəticələri də ürək açmır. Belə ki, başa çatan mövsümdə 9 yaş qrupu üzrə keçirilən yarışlarda yalnız Samir Musayevin rəhbərlik etdiyi U-17 komandası qızıl medallara sahib olub. Qalanları isə heç ilk “üçlük”də yer ala bilməyib. 
Məlum məsələdi ki, Azərbaycanda klubların maliyyə vəziyyəti stabil deyil. Bu gün yağ-bal içində üzən komandanın sabah başına nə gələcəyi bilinmir. Buna misal olaraq, “Bakı”nı göstərmək olar. Belə olan təqdirdə klublarımız tərəfindən ilk olaraq yürüdülən siyasət təbii ki, “gənclərşdirmə” adı altında bütün legionerlərlə və yüksək ödənişli futbolçularla vidalaşmaqdı. Şər deməsən, xeyir gəlməz. Əgər sabah “Qarabağ”da maliyyə problemləri baş qaldırsa, güman ki, Ağdam təmsilçisi də bu gedişə əl atacaq. Əgər “Bakı” Nurlan Novruzov, Mahir Mədətov, Vüqar Bəybalayev və s. bu kimi istedadlı futbolçularla liqada qala bilməmişdisə, “Qarabağ”ın belə vəziyyətdə nə edəcəyini insan düşünmək belə istəmir.
Artıq 5-6 ildi əsas komandada çıxış edən Qara Qarayevdən sonra klubun yetirməsi olan yeni futbolçuya rast gəlmək mümkün deyil. Heyətdə Coşqun Diniyev, Mahir Mədətov, Azər Salahlı, Cavid Tağıyev, Namiq Ələsgərov və s. bu kimi gənc oyunçular olsa da, onların heç biri komandanın yetirməsi deyil. 
Cari mövsüm geridə qalan 7 turdan sonra əvəzedicilərin turnir cədvəlində “Qarabağ”ın tutduğu mövqeyə baxanda vəziyyətin acınacaqlı olduğunun bir daha şahidi oluruq. Əyalət təmsilçisi çempionatda 10 komanda arasında 7 xalla 8-ci pilləndədi. Aftandil Hacıyevin yetirmələri 7 xalla turnir cədvəlində yalnız AZAL və “İnter”i üstələyir. Ağdam təmsilçisi hətta “bankirlər”lə eyni xala malikdi. Hansı ki, bu iki komanda maliyyə vəziyyətinə görə əvəzedici komandalarındakı futbolçularının bir qismini əsas heyətə cəlb edib. “Atlılar”da isə əksinə, əsas heyət üzvləri zaman-zaman əvəzedicilərə kömək edir.
ELMAR ABDULLA-ZADƏ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp