Bu gün Bakı Biznes Mərkəzində “Neftçi” kubunun “Asan Xidmət”lə yeni sponsor müqaviləsi imzalanıb. Tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov da iştirak edib. Federasiya rəsmisi mərasimdən sonra jurnalistlərin suallarını cavablandırıb:
– Bu gün klubumuzun “Asan Xidmət”lə müqavilə bağlaması müsbət haldı. Əminəm ki, “Neftçi” gələcəkdə bundan xeyir qazanacaq. Bu, azarkeşləri bir daha komandaya yaxın edəcək. 
– Jurnalist Şakir Eminbəyli “Facebook”da profil səhifəsində CBC-sport kanalının açılması ilə bağlı ideyanın ona məxsus olduğunu bildirib. Hətta bu barədə planlarını AFFA rəsmilərinə də çatdırdığını söyləyib. Amma ideya həyatdan keçsə də Eminbəyli layihədən kənarda qaldığını söyləyib…
– Açığı, bu haqda məlumatım yoxdu. AFFA-nın rəsmiləri çoxdu. CBC-nin isə AFFA-ya aidiyyatı yoxdu. Özəl təşkilatdı. Onun yazdıqlarını tam oxumamışam deyə, bu barədə fikir bildirməkdə çətinlik çəkirəm. 
– Ümumiyyətlə, Şakir bəylə şəxsən tanışlığınız varmı?
– Bəli, çoxdan tanıyıram, birgə layihələrimiz olub. O, 2012-ci ildə 17 yaşlı qızlar arasında Dünya Çempionatında PR aksiyalarımızı keçirib. Biz onunla AFFA-nın onlayn TV-nin açılması haqqında müzakirələr aparmışıq. 
– İTV kanalının şərhçisi Tural Dadaşov dediyinə görə, AFFA UEFA-ya müraciət edib ki, milli komandaların matçlarının çəkilişini başqa şirkət etsin…
– Xeyr, bu, doğru deyil. Xorvatiya ilə qarşılaşmanı İTV çəkib. İtaliya ilə görüşü isə UEFA lazımi avadanlıqları olduğu üçün birbaşa CBC kanalı ilə əlaqə saxlayıb və bununla bağlı danışıqlar aparıb. Sadəcə, UEFA məsələyə münasibətimizi öyrənib. Biz isə buna müsbət rəy bildirmişik. Amma biz qərar qəbul etməmişik. Bu, UEFA və CBC arasında olan mövzudu. 
– Milli komandamızın noyabrda Moldova ilə matçı hansı stadionda keçiriləcək?
– Hazırda bu məsələ ətrafında düşünürük. Həmçinin, klublarla da danışıqlar aparırıq. 2 klubumuzun avrokuboklarda qrup mərhələsində çıxış etdiyini də nəzərə almalıyıq. Bundan başqa, stadion rəhbərləri ilə də danışıqlar aparmalıyıq.
– 2009-cu ildə Lənkəranda Finlandiya ilə keçirilən qarşılaşmadan sonra yenidən əyalətdə millinin matçlarının keçirilməsi gündəmdədimi?
– Bəli, növbəti illərdə gözlənirlir. Amma Moldova ilə matça çox az vaxt qaıb və onlarla qarşılaşmanın Bakıda keçirilməsi haqqında danışıqlar olub. 
– 21 yaşlılardan ibarət milli komandamız ardıcıl 4 oyundu ki, xalsız və qolsuz meydanı tərk edir. Baş məşqçi Yaşar Vahabzadənin yığmada gələcək aqibəti ilə bağlı nəsə gözlənilirmi?
– Biz bunu məşqçilər komitəsinin sədri ilə müzakirə etmişik. Qərara aldıq ki, növbəti həftə görüşək. Ondan bir açıqlama gözləyirik. Son qarşılaşmalardakı nəticələr bizi çox narahat edir. Burada əsas məsələ məğlubiyyət yox, məsuliyyətsiz hesabdı. Buna görə də Vahabzadə məşqçilər komitəsinə hesabat təqdim edəcək. Biz bu hesabatla tanış olacağıq və İcraiyyə Komitəsi məktubu AFFA prezidentinə təqdim edəcək.
– Ümumiyyətlə, yeni baş məşqçi axtarılırmı?
– Xeyr, bizim Yaşar bəylə müqaviləmiz var. Bu haqda nəsə danışmağımız etikadan kənar ola bilər.
 
ELMAR ABDULLA-ZADƏ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp