Dünən Bakı Biznes Mərkəzində bəlkə də futbola aid ilk yığıncaq baş tutdu. Səbəbkar “Neftçi”, qonaqlar tanış simalar idi. Paytaxt klubu yeni titul sponsoru “Asan Xidmət”i təntənəli surətdə ictimaiyyətə təqdim edir, onunla izdivacını elan edirdi.
 
Mərasimdə bir çox tanınmış sima – futbol veteranları, incəsənət nümayəndələri və təbii ki, futbol ictimaiyyəti qonaq qismində yer almışdı. Mərasimin aparıcısı Sənan Şəfizadə hər kəsi salamladıqdan sonra mərasimdə qonaq qismində iştirak edən “Planet Parni iz Baku” KVN teatrının rəhbəri Tahir İmanovu virtual penalti vurmağa dəvət etdi. İmanov 2-ci cəhddə fərqləndikdən sonra növbə onunla eyni sənəti bölüşən və klubun Müşahidə Şurasının üzvü Bəhram Bağırzadəyə çatdı. Bəhram bəy isə atmacasından qalmadı. O, virtual penaltini yerinə yetirməmişdən əvvəl üzünü qonaqlara tutaraq, baş məşqçidən qol vurub-vurmamaq üçün icazə almalı olduğunu söylədi. Bu, çox güman ki, bir neçə gün öncə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun göstərişi ilə Elvin Məmmədovun penaltini bilərəkdən kənara vurmasına işarə idi.
 
Ardınca söz “ağ-qaralar”ın Müşahidə Şurasının rəhbəri Çingiz Abdullayev və “Asan Xidmət”in rəsmisi İnam Kərimova verildi. Kərimov bu işbirliyindən razılıq etdiyini bildirdi. Onun fikrinə şərik olan Abdullayev isə “Neftçi”inin böyüklüyündən danışıb, tədbirdə iştirak etməyən sabiq klub prezidenti Sadıq Sadıqova göstərdiyi xidmətlərə görə təşəkkürlərini çatdırdı.
 
Daha sonra Abdullayev Müşahidə Şurasının yeni üzvlərinin seçildiyini bildirdi. Millimizin və bir sıra klublarımızın sabiq baş məşqçisi Əsgər Abdullayev bundan sonra kresloda əyləşib müşahidəçi olacaq. Bundan başqa Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli və Ədliyyə Nazirinin şöbə müdiri Mehdi Nəcəfov da bakılıların uğuru üçün çalışacaq. Onlar Cüdo Federasiyasında çalışmağa başlayan Sadıq Sadıqovla dünyasını dəyişən Mübariz Zeynalovu əvəz edəcəklər.
 
Təqdimatdan sonra yeni tərəfdaşlar gözlənilən müqaviləni rəsmiləşdirdi. “Neftçi” tərəfindən sazişə imzanı klubun icraçı direktoru Elnur Məmmədov atdı.
 
Tədbirin ən maraqlı hissələrindən biri isə futbolçuların imzası olan formanın auksiona çıxarılması oldu. İlkin qiyməti 50 manat olan forma sonra paytaxtın digər klubu olan “Bakı”nın icraçı direktoru Yaşar Seyidova çatdı. “Neftçi” azarkeşi olan Seyidov formaya görə 500 dollarından keçdi. Daha sonra tədbir şou-proqramla davam etdi. Mərasim “Natiq ritm qrupu”nun ifası ilə başa çatdı.
 
ELMAR ABDULLA-ZADƏ
Shares: