19 yaşlılar arasında keçirilən Çempionlar Liqasında ölkəmizi təmsil edən “Rəvan” mübariəzni başa vurdu. Moskvadakı ilk qarşılaşmada “Spartak”dan 4 cavabsız qol buraxan “aslanlar”ın rəqibindən qisas alacağı inandırıcı görünmürdü. “Dalğa Arena”da keçirilən cavab matçında ehtimallar doğruldu.
Oyuna azarkeş marağı yox idi. Təbii ki, buna səbəb təkcə ilk görüşdə cütün taleyinin həll olunması yox, məsafənin uzaq olmasını, Mərdəkandakı arenaya gediş-gəlişin çətinliyi, havanın yağışlı olması, eyni zamanda bakılıların təbliğat baxımından demək olar, heç bir iş görməməsi idi. Yalnız bəzi tribunalarda 10-15 nəfər var idi ki, onlar da futbolçuların valideynləri və tanışları idi. Onlar isə demək olar ki, bütün matçı sakitcə izləməklə məşğul idi. Əvəzində qonaqları dəstəkləyən 10-a yaxın azarkeşi xüsusi qeyd etmək lazımdı. Rusiyalı tərəfdarlar 90 dəqiqə ərzində susmaq bilmirdi.
Komandalar meydana çıxanda maraqlı bir hadisənin şahidi olduq. Belə ki, hər iki komandanın futbolçuları meydançaya qırmızı şortla çıxmışdı. Prosedura görə, ilk olaraq forma seçimini meydan sahibləri etməli olduğundan qaydanı pozan ruslar olmuşdu. Görünür, matçı idarə edən gürcüstanlı George Kruaşvili burada heç bir problem görmədiyindən komandaların eyni rəngdə şortla meydana çıxmasına icazə verib.
Qonaqların baş məşqçisi Vladimir Besçastnıx əsas heyətin bəzi oyunçularına istirahət vermişdi. Rəqib sanki meydana 90 dəqiqənin yol vermək üçün çıxmışdı. Moskvalıların həvəssiz oyununun fonunda bakılı futbolçlar daha istəkli görünürdü. Amma “Rəvan” futbolçularına son anda dəqiqlik çatmırdı. Ümumiyyətlə, rəqib qapısı ağzında çoxsaylı təhlükəli vəziyyət yaradan Zamin Əsədullayevin komandasında “vuran ayaq” problemi var.
Qarşılaşma yağış altında oynanılsa da, qol baxımından “quraqlıq” oldu. 90 dəqiqə ərzində komandalar qapılara yol tapmayınca, tablodakı sıfırlar dəyişmədi. “Rəvan” Çempionlar Liqasında mübarizəni başa vurdu. Amma bu, Bakı klubunun futbolçularının vecinə deyildi. Onlar soyunub-geyinmə otağında heç də qəmgin görünmürdülər. Əksinə, şadyanalıq olduğunu desək, yanılmarıq. Klubda çalışanlardan birinin digərinə “bizimkilər ruslardan çox sevinir” deməsi də buna sübutdu.
Oyunu çəkməyə gəlmiş CBC kanalının əməkdaşları matçdan sonra hər iki komandanın baş məşqçisinin fikirlərini öyrəndi. Onlar fürsət düşmüşkən, rəqib komandanın qapıçılarla işləyən məşçisi – ötənlərin məşhur əlcək sahibi Rinat Dasayevdən də qısa müsahibə aldı. Amma kaş almaz olaydılar. Səhər bir neçə sayta verdiyi müsahibədə müsəlman olduğunu bildirən və qadağalara baxmayaraq, hətta sovet vaxtında boyunundan “Quran” asdığını deyən Dasayev sərxoş vəziyyətdə idi. Güclə bir-iki kəlmə deyən veteran qapıçı ayaq üstə də zorla dururdu.
ELMAR ABDULLLA-ZADƏ