Oktyabrın 4-də Avstriyaya 0:7 hesabı ilə uduzan 21 yaşlılardan ibarət millimizin nəticəsi AFFA-da aparılan müzakirələrin və çıxarılan qərarların yanında abırlı oldu. AFFA-nın inzibati binasında keçirilən Məşqçilər Komitəsinin iclasında elə qərarlar çıxarıldı ki, onlara diqqət edib uğunmamaq mümkün deyil.
İclasda AFFA-nın baş katibi Elxan Məmmədov, İcraiyyə Komitəsinin üzvü İskəndər Cavadov, texniki direktor Bernhard Lippert, texniki direktorun müavini Zaur Hacı-Məhərrəmov, seleksiya işləri üzrə baş koordinator Riad Rəfiyev və Məşqçilər Komitəsinin sabiq üzvü Şahin Diniyev iştirak ediblər. Təbii ki, Məşqçilər Komitəsinin indiki üzvləri də öz yerində.
Əvvəla, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Yaşar Vahabzadəyə Avropa çempionatının seçmə mərhələsinin qarşıdakı iki oyununda səhvlərdən nəticə çıxarılmasının tövsiyyə olunması boş söz, görüntü yaratmaq məqsədi ilə atılan addımdı. Səbəbkatın özünün iştirak etmədiyi tədbirdə onun kölgəsini qılınclamağa nə hacət? Yaşar bəy özü görüşə çağırılmalı, ondan hesabat istənilməliydi. Amma, amma, amma…
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Avstriya yığması ilə səfər oyununa gedən futbolçuların müvafiq gündəlik xərclərinin ödənilməməsi qərara alınıb. Bu, özü də maraqlı qərardı. Axı, bu, Məşqçilər Komitəsinin iclası idi və bildiyim qədər sözügüdən qurumun hansısa qərar vermək səlahiyyəti yoxdu. Məşqçilər Komitəsi hansı əsasla kiminsə pulunu kəsə, kiməsə qadağa qoya bilər? Ümumiyyətlə, bu, ölkə qanunlarının ayaq altına atılmasıdı. Ezamiyyə pulunu heç kim futbolçuların əlindən ala bilməz, hətta səfərdən öncə ödənilməlidi. Belədə həmin pulun verilməməsi hansı məntiqə sığır?
U-21-in Avstriya və Finlandiya komandalarına qarşı keçirdiyi oyunlar üçün təlim-məşq toplanışına zədəli olduğunu bildirərək qatılmayan futbolçuların həqiqətən zədəli olub-olmamasının araşdırılmasının vacibliyi vurğulanıb. Elə bu üçüncü bənddə də bir sıra suallar gizlənir. Həmin futbolçuların zədəli olub-olmadığını kim araşdıracaq və ya ümumiyyətlə, bunun bir mexanizmi varmı?
Bütün bu sualara cavab almaq üçün AFFA-nın Mətbuat və İctimaiyyətə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlunu aradıq. Əvvəlcə danışmaq istəyən qurum rəsmisi sualı eşidən kimi Bakıda olmadığını bildirib bizi əməkdaşları Firuz Qarayevə yönəltdi. Firuz bəy isə Məşqçilər Komitəsinin həqiqətən qərar vermək səlahiyyətinin olmadığını təsdiqlədi: “Ümumiyyətlə, qərar vermək səlahiyyəti İcraiyyə Komitəsinə aid məsələdi. Amma ola bilsin ki, komitə bu barədə tövsiyyə edib və görüşdə olan rəhbərlik də yerində qərar verib. Bu qərarın nə qədər doğru olması ilə bağlı açıqlama vermək səlahiyyətim isə yoxdu. O ki qaldı, zədəli futbolçuların yalan danışıb-danışmamasının müəyyən olunmasına, bunu Vahabzadə özü edəcək. O, mətbuata açıqlamasında qeyd edib ki, klubların həkimləri ilə əlaqə saxlayacaq. Yaşar bəyin iclasda iştirak etməməsinin səbəbi də Məşqçilər Komitəsi ilə daha öncədən görüşməsi olub. Bu səbəbdən o, AFFA rəhbərliyi ilə görüşə çağırılmayıb”.
Məsələyə Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun da münasibətini öyrənmək istədik. Lakin o, zənglərimizi cavabsız qoydu.
Vahabzadənin məlum qərarların verildiyi iclasdan əvvəl Məşqçilər Komitəsinin üzvləri ilə görüşünə dair bəzi bilgilər əldə etmişik. Bəhanə axtaran Yaşar bəy konkret olaraq 4 futbolçudan şikayətlənib və onların qəsdən millinin düşərgəsinə gəlmədiyini vurğulayıb. Nişanı olduğundan icazə alıb millinin düşərgəsinə yollanmayan Vüqar Mustafayevdən fərqli olaraq, Elşən Abdullayev (Neftçi), Coşqun Diniyev (Qarabağ), Seymur Əsədov (AZAL) və Orxan Əliyev (Xəzər Lənkəran) Vahabzadənin şübhələndiyi oyunçulardı.
Yaşar bəy bəhanə axtarmağında və öz günahına görə məsuliyyəti bölüşməyə cəhd etməyində olsun, biz sözügedən futbolçularla bağlı kiçik araşdırma apardıq. Məlum oldu ki, Seymur Əsədov ümumiyyətlə, 6 aylıq sıradan çıxıb, bu səbəbdən o, eləcə də son turu buraxan Orxan Əliyev heç bir yalan danışmır. Elşən Abdullayev son turda 45 dəqiqə “Neftçi” forması geysə də, həqiqətən həmin vaxt zədəli olub. Onun 2 həftə öncə olan matça getməməsi sırf zədəsi ilə bağlı olub və Premyer Liqa matçına kimi olan müddəti sağalmasına həsr edib. Yığmanın oyundan bir neçə gün əvvəl yığışdığını nəzərə alsaq, 2 həftə sınıqdan başqa, bütün zədələrin bərpası üçün mümkün müddətdi. Coşqun Diniyevin əlində isə MRT analizləri var. Ayağnda 2 sm yırtıq olan futbolçu zədəli halda, iynə gücünə məşq edib oynasaydı, bunun fəsadları daha böyük olardı. Bu səbəbdən yarımmüdafiəçi həmin müddəti zədəsini sağaltmağa həsr edib, hətta Qəbələyə, yerli komanda ilə yoxlama görüşünə də aparılmayıb. Onun bərpa olunandan sonra son turda “Zirə”yə qarşı oynamasında isə heç bir problem olmayıb.
Göründüyü kimi, Vahabzadənin bəhanələri yersizdi. O, yersiz bəhanələr göstərməkdənsə, əslində, millini niyə belə biabır etməsinin səbəblərini araşdırsa, yaxşı olar. I divizionda, əvəzedicilərin çempionatında elə reqlament qurulub ki, gənc futbolçuların üzə çıxarılması üçün hər cür şərait var. Bundan başqa, Premyer Liqada da gənclərlə bağlı limit mövcuddu və 30-dan çox 21 yaşlı daim əsas heyətdə oynayır. Komanda üçün kifayət qədər əcnəbi də milliləşdirilib. Belə olan halda hansısa futbolçudan şübhələnib onların inamını itirməkdənsə, problemləri araşdırmaq daha yaxşı olardı.
VACİB QEYD. Vahabzadəni ayıltmaq üçün onu da qeyd edək ki, əslində, bütün bunlar Lippertin oyunlarıdı. Yenidən gənclər yığmasına gəlmək, gələcəkdə əsas millidə Robert Prosineçkinin postuna iddiaçı olmaq üçün alman mütəxəssis “qara iş” aparır. Ona indiki durumda gənclər millisinə gəlmək sərf etmir. Qarşıda çətin Almaniya səfəri, ardınca Rusiya ilə oyun var. Həmin matçlarda məğlubiyyət qaçılmazdı. Lippert həmin matçlarda Vahabzadənin növbəti dəfə “yanması” üçn çalışır ki, qışda başsız qalan komandaya rahatca gələ bilsin.
AĞA