“Bakı Olimpiya Stadionu ictimai istifadəyə veriləcək”. Futbolinfo.az xəbər verir ki, bunu apasport.az saytına açıqlamasında arenanın yeni direktoru Cavid Qarayev deyib.
 
O bildirib ki, əsas planları insanların gəlib, burda dincəlməsi və vaxtlarını rahat keçirməsinə hesablanıb: “İstəyirik ki, idman zonası yaradılsın. Bura idman bazası, fan-şop, marketinq, meydançalar aiddi. Amma bütün planları indidən açıqlamaq istəmirəm. 3 gündü ki, burdayam. Planda var ki, arenada media-tur yaradaq və media nümayəndələri gəlib stadionla tanış olsunlar, şəraitə baxsınlar. Orda planlarımız haqda balaca təqdimat edəcəyik”.
 
Stadionda bunlarla yanaşı, sport bar, kafe fəaliyyət göstərəcək. Həmçinin arenanın mini meydançaları oyun üçün icarəyə veriləcək. Peşəkar klublarla məşq meydançalarının icarəsi üçün müqavilə imzalanacaq.
 
Qarayevin sözlərinə görə, stadionda hətta bəy-gəlin fotosessiyası üçün şərait yaradılacaq: “Fotosessiyalar olacaq, konkret zallar istifadəyə verəcəyik. “Sky-box”lar olacaq. Böyük yerlərimiz var ki, şirkətlər buranı anbar kimi icarəyə götürə bilərlər. Əyləncə yerlərini də yaratmaq istəyirik ki, cavanlar gəlib, burda dincəlsinlər. Park olacaq, seqvey turlar təşkil ediləcək. Səviyyəli, dünya standartlarına uyğun əyləncə yerləri yaradılacaq. Metkartinq olacaq. Bundan əlavə, velosiped yolları nəzərdə tutulub ki, insanlar gəlib kirayəyə velosiped götürüb sürsünlər”. 
 
Qeyd edək ki, bu layihə artıq AFFA prezidenti Rövnəq Abdullayevə təqdim olunub.  “Uembli” və “Nou Kamp” metodundan istifadə olunacaq yeni layihə barədə yaxın vaxtlarda rəsmi məlumat veriləcək.
Shares: