Bu gün Avropa Liqasının qrup mərhələsində 3-cü turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, təmsilçimiz "Qəbələ" evdə Dortmund "Borussiya"sına 1:3 hesabı ilə uduzub.
"Bakcell Arena"dakı oyundan sonra Qəbələ klubunun vitse-prezidenti Fariz Nəcəfov jurnalistlərin suallarını cavablandırıb:
– "Qəbələ" qarşılaşmaya yaxşı başlasa da, fürsətləri boşa verdi. Sizcə, bu niyə belə alındı?
– Təəssüf ki, yaratdığımız epizodlardan istifadə edə bilmədik. Onlardan yararlana bilsəydik, fərqli olacaqdı. Oyunun gedişində komandalar arasındakı səviyyə fərqi özünü göstərdi.
 
– “Borussiya”nın bu qədər açıq futbola üstünlük verəcəyini gözləyirdiniz?
– PAOK-la oyunlarının fraqmentlərinə baxmışdım. Düzdü, oraya tam heyətlə getməmişdilər. Amma bu gün nə qədər gücləri vardısa, meydanda qoydular.

 
– “Borussiya” gözlədiyiniz kimi oynadı?
– Bir qədər zəif çıxış edəcəklərini gözləyirdim. Ən azı tam heyətlə gəlməmişdilər. Amma əksini gördüm, güclü oynadılar.

 
– Qaçırdığınız qol epizodları zamanı həyəcan var idi?
– Əvvəldə var idi. Amma 2 top buraxdıqdan sonra həyəcanımız da yox oldu. Azarkeşlərimizə komandanı sona qədər dəstəklədiklərinə görə təşəkkürümü bildirirəm. Hesab 0:2 olduqdan sonra stadionu tərk edənlərə isə səslənirəm ki, oyunu sona qədər izləmək, dəstək olmaq lazımdı.

 
– Bundan sonra komandanın stimulu nə olacaq?
– Sona qədər mübarizəni davam etdirəcəyik. Geriyə yolumuz yoxdu. Növbəti matçımız da bu komandaya qarşı, bu dəfə səfərdə olacaq. Sona qədər mübarizə aparacağıq.
– İlk qoldan sonra sanki komandada bir "sınma" vardı…
– Məncə, komanda sona qədər oynadı. Amma buraxılan 2-ci qoldan sonra futbolçular məğlubiyyətlə barışmışdı. 
– Amma "Qəbələ" hardasa rəqibindən çəkinirdi…
– Xeyr, belə deməzdim. Səviyyə fərqi görünürdü. 
– Komandanın ehtiyatında matçın axarını dəyişə biləcək bir futbolçu görünmürdü…
–  Rəqibin "Borussiya" olduğunu nəzərə almaq lazımdı. Fikrimcə, futbolçular əllərindən gələn hər şeyi  etdilər. Sadəcə, ilk yarıdakı şanslardan istifadə etmək lazım idi. Əgər yararlana bilsəydik, hər şey başqa cür ola bilərdi. 
– Komandanın sabiq baş məşqçisi Yuri Syomin də burada idi…
– Bəli, o, bizim dəvətimizlə gəlmişdi. Oyun xoşuna gəldi. 
– Komanda Dortmunda hansı məqsəd uğrunda yollanacaq? 
– "Qəbələ" meydançaya xal götürmək məqsədilə çıxır. Sonda azarkeşlərə də çox sağ demək istəyirəm. Amma bəzi azarkeşlər sona qədər tribunada qalmadı. Uduzsaq da, sona qədər komandanı dəstəkləmək lazımdı.
ELMAR ABDULLA-ZADƏ
Shares: