Ötən axşam Avropa Liqasının 3-cü turu çərçivəsində “Qəbələ” Dortmund “Borussiya”sını qəbul edirdi. Cütlüyün aşkar favoriti hesab edilən “arılar” qələbə qazansalar da, təmsilçimiz xoş sözlərə layiqdi.
“Bakcell Arena”da baş tutan görüşün əvvəlində tanımayana “Borussiya”nın qapısının hansı tərəfdə olduğunu söyləsəydin inanmazdı. İlk dəqiqələrdə Azərbaycan təmsilçisinin yaratdığı qol epizodlarının sayı bir əlin barmaqlarına zorla sığışdı. Əvvəlcə Fakundo Pereyra Dortmund təmsilçisinin müdafiəçilərinin kobud səhvə yol verəcəyinə inanmadı. İnansaydı, sürət yığıb Roman Veydenfellerlə randevuya yollanardı. Amma bu, almanlar üçün ilk həyəcan təbili idi. Ardınca Sergey Zenyov əla qol fürsəti əldə etdi. Sol cinahdan hava ötürməsinə şığıyan Estoniya yəğmasının futbolçusuna sadəcə, topu çərçivəyə göndərmək lazım idi. Amma onun baş zərbəsi qapıdan aralı keçdi. Azarkeşlər həmin anın yanqısını yaşayıb qurtarmamış, Sergey daha bir fürsəti boşa verdi: Bu dəfə onun zərbəsindən sonra müdafiəçilər topu boş qapıdan çıxardılar. Zenyov daha bir dəfə diqqət mərkəzinə düşdü. Ancaq qolkiperlə təkbətək qalan “9 nömrə” topu çərçivəyə göndərmək əvəzinə Dodoya ötürmə etdi. Braziliyalı isə rəqib müdafiəçiylə mübarizədə topu boş qapıya yönəldə bilmədi.
Roman Qriqorçuk necə də haqlı idi! Matçöncəsi mətbuat konfransında “bəxtin üzümüzə gülməsinə çox ehtiyacımız var”, deyərkən bəlkə də, kimlər üçünsə bu sözlər qaranlıq qala bilərdi. Amma topun satqıncasına almanların qapısına girməməsi məşhur futbol termininin işə düşəcəyi qorxusunun bünövrəsini qoyurdu. “Vurmayana vurarlar” ifadəsini nəzərdə tuturuq. Arif Daşdəmirovun müdafiədə ötürdüyü topu ələ keçirən almanlar Pyer-Emerik Obameyanqı “mərmi”ylə təchiz etdilər və “17 nömrə” 17 metrlikdən “doqquzluğ”u dəqiq nişan aldı. Qabonlu futbolçu faktiki olaraq, “Qəbələ”nin “qəbirqazan”ı oldu. Bilmək olmazdı, fasiləyədək hesab arasındakı fərq minimal qalsaydı, bəlkə də Qriqorçuk bu oyunu xilas edə biləcəkdi. Lakin afrikalı forvard cəmi 7 dəqiqə sonra fərqi ikiyə çatdırdı.
Fasilədən sonra qonaqların meydandakı dominantlığı şübhə doğurmurdu. Dortmundluların inamlı oyununun səbəbi tablodakı fərq idi. 26 yaşlı hücumçu Dmitri Bezotosnını daha 1 dəfə məyus edərək, het-trikini də rəsmiləşdirməyi bacardı. Təmsilçimiz isə yalnız hakimi əlavə etdiyi son dəqiqədə Dodoyla təsəlli qolunun vurmağı bacardı.
“Bakcell Arena”dan komandalarına dəstək olan 500 dortmundlu azarkeş əsl fanatlığın necə olması barədə futbolsevərlərimizə əyani dərs keçdi. Maraqlıdı ki, media sektoru ilə üz-üzə olan tribunalara toplaşmış insanlar (onlara qonaqlar da demək olar) “gözəl” mənzərə yaradırdılar: sinxron şəkildə əl tum qabına uzadılır, ordan çıxarılan dənə ağıza göndərilir. Və bu mənzərə 90 dəqiqə ərzində davam etdi. Ortaya təbii sual çıxır: tum çırtlamaq üçün mütləq stadiona getmək lazımdı? Oturun evinizdə, rahat-rahat tumunuzu çırtlayın da!
“Qəbələ”nin məğlubiyyətini faciəyə çevirməyə ehtiyac yoxdu. Hələ dünən İspaniya mətbuatına istinadən məlumat vermişdik ki, “Borussiya”nın büdcəsi təmsilçimizdən 22 dəfə böyükdü. Təcrübə baxımından da komandalar müqayisə oluna bilməz. Elə ilk qoladək 4 dəfə fərqlənmək imkanı qazanan meydan sahiblərindən fərqli olaraq, Tuhelin yetirmələri bir dəfə də olsun Bezotosnını narahat edə bilməmişdilər. Ancaq səviyyə də elə bunda bilinir ki, usta komandalar ən cüzi şansdan maksimum faydalanmağı bacarırlar. Eyni zamanda “Qəbələ”nin Avropa arenasında təcrübəsinin olmamasını da nəzərə almaq gərəkdi. Bu baxımdan “arılar”ın “Bakı vızıltısı”nı duymaq Qriqorçukun yetirmələri üçün böyük önəm kəsb etdi.
Qarşıda təmsilçimizi daha 3 qrup oyunu gözləyir. Komandanın başlıca məqsədi bu qarşılaşmalardan maksimum xal toplayıb, ölkənin klub reytinqini zənginləşdirmək olmalıdı.
CEYHUN ƏLİYEV