Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Qarabağ” Fransadan əliboş qayıtdı. Qurban Qurbanovun yetirmələri Monakoda şəhərin eyniadlı komandasına qarşı görüşdə inamlı mübarizə aparsa da, rəqibin qrup liderliyinə yiyələnməsinin qarşısını almağı bacarmadı. 
Azərbaycan çempionunun Fransa səfərində Reynaldonun yoxluğu ən ciddi problemi idi. Elə həmin fonda qol epizodlarını yarada bilməməsi də təəccübləndirmirdi. Amma “Qarabağ” məğlub olsa da, sevindirdi. Böyüməsi ilə sevindirdi. Qarşısına çıxan əzəmətli isimlərdən çəkinməyərək, soyuqqanlıqla mübarizə aparması ilə sübut etdi ki, Azərbaycanda püxtələşmiş bir klub formalaşıb. Heç kimin ayaqları əsmirdi. Səhvlər var idi, amma ağdamlılar sərgilənən inamlı oyunun fonunda nikbin fikir formalaşdıra bildi. Püşkatmadan sonra 3 “div”in əhatəsinə düşməsinə baxmayaraq, Qurban Qurbanov yetirmələrini inandıra bildi ki, artıq onlar istənilən rəqiblə başabaş vuruşmağa qadirdilər. Əlbəttə ki, bunda ötənilki Avroliqa təcrübəsi böyük rol oynadı. İndi “Qarabağ”ı “hay-küy”lə yenmək mümkünsüzdü. Amma yenə də İbrahim Şehiçin durumu barədə yazmaq zərurəti var. Bosniyalı əlcək sahibinin bir neçə epizodda uşaq səhvləri etməsi çempionumuzun çərçivəsində problemin olmasından xəbər verir.
“Atlılar”ın qapısına vurulan qola gəlincə, ilk səhvi Qara Qarayev etdi. Onun qısa ötürməsi düz Moutinyonun ayağına düşdü. Daha sonra sürətli ötürmələr və Rəşad Sadıqovun bir anlıq pauza götürməsindən yararlanan Traore topu iti bucaq altından Şehiçin üstündən atdı. 
Qeyd olunası məqamlardan biri də uzun fasilədən sonra Çumbinyonun meydana dönməsi oldu. Braziliyalı uzun fasiləyə rəğmən, yenə də gözəl oyunu ilə seçilməyi bacardı. Elə ən ciddi təhlükəni də məhz o yaratdı. Qara Qarayevin uzaq məsafədən endirdiyi zərbə “Monako”nun qolkiperi Subaşiçin sinəsindən döndü və özünü hamıdan tez topa yetişdirən Çumbinyo qapıya təkrar zərbə endirdi. Nə yazıq ki, braziliyalı yarımmüdafiəçinin zərbəsi qapıçıya tuş gəldi. Bundan cəmi 3 dəqiqə sonra isə təmsilçimiz meydanın mərkəzinə dəvət olundu. 
Qurban Qurbanovun oyunu xilas etmək cəhdləri isə bəhrəsini vermədi. Təcrübəli mütəxəssisin Raydel Pupon və Elvin Məmmədovu döyüşə atması böyük ölçüdə heç nəyi dəyişmədi. “Qaynana” filmində ölməz sənətkar Nəsibə Zeynalovanın dediyi “Hardasan, ay Məşədi Kazım”, ifadəsi yüngül düzəlişlə necə də yerinə düşürdü: hardasan, ay Reynaldo? Ancaq acı reallıq budu ki, dünən gecə Reynaldo yox idi və fransızlar bir səhvimiz ucbatından aktivlərinə 3 xalı yazdırdılar.
Qarşıda daha 3 tur qalıb. Özü də bu oyunlardan ikisini “Qarabağ” evdə keçirəcək. İlk növbədə Bakıda “Monako”nu məğlub etmək gərəkdi. Bundan sonra isə gələcək planlar barədə düşünməyə dəyər.
CEYHUN ƏLİYEV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp