Rusiyanın nüfuzlu championat.com saytı Avropa Liqasının qrup mərhələsinin ən maraqlı qarşılaşmaları barədə yazı dərc edib. Futbolinfo.az xəbər verir ki, şimallılar Dortmund “Borussiya”sına Bakıda 1:3 hesabı ilə məğlub olan “Qəbələ”nin qarşılaşması ilə bağlı da qeydlər aparıb:
“Dortmund “Borussiya”sı Bakıya aparıcı yarımmüdafiəçisi – Henrix Mxitaryansız yollanmışdı. Klub futbolçunun təhlükəsizliyini nəzərə alaraq, belə bir qərar vermişdi. Ancaq “sarı-qaralar” aparıcı futbolçusunu Azərbaycana aparmadan da 3 xalı əldə edə bildi. “Birinci skripka” yükünü Pyer-Emerik Obameyanq daşımağı bacardı. Cari mövsümdə qabonlu olduqca xoş təsir bağışlayır. “Qəbələ”yə qarşı matç da istisna olmadı: forvard 3 dəfə meydan sahiblərini məyus etməyi bacardı. Xüsusilə, birinci qol göz oxşadı – cərimə meydançası kənarından fırladılmış top “doqquzluğ”a daxil oldu.
Qəbələ şəhərinin təmsilçisi də xoş sözlərə layiqdi. Roman Qriqorçukun yetirmələri bütün heyətlə qapılarının ağzına sıxılmadılar, bəzi epizodlarda rəqibinə istədikləri oyunu diqtə edə bildilər. Bəzən isə azərbaycanlılar “Borussiya”nı sadəcə, bağışlayırdı. İki metrlik məsafədən Stankoviç topu qapının üstündən vurdu. Amma əzmkarlığın bəhrəsi hakimin əlavə etdiyi dəqiqədə gəldi. Dodo son saniyələrdə komandasının hücumlarını qola çevirdi. Hər halda son vaxtlaradək hamını əzib keçən “Borussiya”ya 1:3 məğlub olmaq kiçik, amma mərd “Qəbələ” üçün yaxşı nəticədi”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp