AZAL – “Neftçi” (2:1) matçından sonra “ağ-qaralar”ın qapıçısı Aqil Məmmədov jurnalistlərə müsahibə verib:
– Nə deyim? Bu oyun mənim üçün biabırçılıqdı.”Neftçi” kimi komandaya belə məğlubiyyət yaraşmır. 
– Çıxış yolunu nədə görürsən?
– Nə bilim? Bu işlərə mən qarışmıram. Onu bilirəm ki, meydançada can qoymaq lazımdı. Bunu da hələ ki, bacarmırıq. 
– İlk penalti epizodunda Nugzar Kvirtiya ilə aranızda söz deyişməsi baş verdi…
– Xeyr, sadəcə azarkeşlərə görə nəsə problem yaşandı. 
– Özü deyir ki, azarkeşlər gürcü dilində anamı söymüşdülər, ona cavab verirdim…
– Bu haqda heç nə deyə bilmərəm. Gürcü dilini bilmirəm. 
– Fasilədə baş məşqçi sizə nə dedi? 2-ci hissədə komanda yaxşı oyun nümayiş etdirirdi…
– Bizdən öz oyunumuzu göstərməyimizi istədi. Dedi ki, “Neftçi”yə layiq futbol oynayın. Qısaca onu deyə bilərəm ki, məşqçinin taprşırıqlarını yerinə yetirə bilmədik. Burda nə rəhbərliyin, nə məşqçinin günahı var. Əsas günah sahibi içi mən qarışıq bütün futbolçulardı. Bundan sonra futbolçulara nə cəza verilsə haqqlarıdı. 
– Artıq neçə turdu ki, “Neftçi”nin qapısına penalti təyin olunur…
– Demək, penal var ki, verilir. Bugünkü penaltilər də haqlı idi.
– Oyundan sonra bir neçə azarkeş meydançaya girmişdi, onları polisdən sən qoruyub çölə çıxartdın. Nə baş verirdi?
– Bir neçə azarkeş meydana daxil olmuşdu. Sonradan mənə yaxınlaşıb dedilər ki, “bizi tutacalar”. Mən də onların çölə çıxmasında köməklik etdim. 
– Artıq son vaxtlar neçənci dəfədi ki, penaltidən qollar buraxırsan. Məşq zamanı bunun üzərində çalışırsanmı?
– Vallah Dima müəllim (Dimitri Kramarenko) bizə hər şeyi başa salır. Bayaq dediyim kimi bütün günahlar biz futbolçularındı. Mən çox şey danışmaq istəmirəm. Amma baxın AZAL futbolçuları görün neçə aydı maaş almırlar. Bizdə isə hər şey qaydasındadı, heç bir problemimiz yoxdu. Komandaya hər cür dəstək olunur. 
– Kapitan kimi futbolçularla danışırsanmı? Niyə meydançada can qoymurlar?
– İkinci hissədə pis oynamadıq. Sadəcə, bəzi səhvlərdən qol buraxdıq. Şanssızlıqdı, qismətsizlikdi heç mən də bilmirəm. Yenə əlavə olunmuş dəqiqələrdə qol buraxdıq. 
– “Neftçi” cari mövsümdə çox məğlub olub. Amma bu gün bütün futbolçular oyundan sonra sanki çöküb. Elə baş məşqçi Samir Əliyev də bayaqdan özünə yer tapa bilmir. Burada əsas məsələ AZAL-a məğlubiyyətdi?
– Başqalarını bilmirəm. Amma mənim üçün AZAL-a məğlubiyyət ölümdən betərdi. Çünki bayaq dediyim kimi rəqib futbolçular neçə aydı maaş almır. Məşqçimiz neynəməlidi? Çıxıb özü oynayası deyilki? Və ya rəhbərlik! Oyunçuya necə lazımdı dəstək verirlər də. Futbolçuların da dərrakəsi, qeyrəti olmalıdı, çıxıb oynamalıdı. Nə qədər belə olacaq? İçi mən qarışıq hamını nəzərdə tuturam. 
 
ELMAR ABDULLA-ZADƏ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp