AZAL – “Neftçi” (2:1) matçından sonra “ağ-qaralar”ın hücumçusu Ruslan Qurbanov jurnalistlərə müsahibə verib:
 
– İlk hissədə pis oyandıq, heç nə alınmadı. Fasilədə futbolçuların hamısı bir-birinə motivasiya verdi. Özümüzə söz verdik ki, uduzmağa haqqımız yoxdu, onsuz da 6-cı pillədəyik və bu gün qalib gəlməliyik. 
– Samir Əliyev qış fasiləsində “Neftçi”dən bir neçə futbolçunu yollayacağını dedi. Sən də özünü o siyahıda görürsənmi?
– Qışa qədər yaşayıb, görərik. 
– Oyundan sonra sənə narazılığını bildiribmi?
– Xeyr, heç kimə konkret  irad bildirmədi. Amma dedi ki, “belə oynamaq olmaz, bu nə vaxta kimi davam edəcək? Artıq 6-cı pillədəyik və “Xəzər Lənkəran” bizi geridə qoya bilər, “Neftçi” heç vaxt belə aşağı pillədə qərar tutmayıb”. Biz “Neftçi”də oynadığımızı dərk etməliyik. Lazım gələrsə meydançada ölməliyik. Baş məşqçi, rəhbərlik tamamilə haqlıdı. Çünki onlar bizdən nəticə tələb etməlidi. Azarkeşlərimizi də yaxşı başa düşürəm, onlar bizdən nəticə tələb etməlidi. Amma nəticə yoxdu.
– 2-ci penalti epizodunda kiminsə üzərinə qışqırırdın…
–  Xeyr, futbolçuya qışqırmırdım. Artıq neçənci oyundu ki, əlavə olunmuş dəqiqələrdə qol buraxırıq. Ona görə də bir az emosional idim. İndi özümə gəlmişəm, heç kimə irad bildirməmişəm. Mən də futbolçuyam, səhv edə bilərəm. 
– Növbəti qarşılaşmada “İnter”ə məğlub olsaz, nə baş verəcək?
– Gəlin , həmin matçı gözləyək. Qarşıdakı 2 oyunda 6 xal toplayıb, azarkeşlərmizi sevindirməliyik. 
– Oyundan-oyuna tez-tez mövqe dəyişirsən. Bu sənin oyununa təsir edirmi? Ümumiyyətlə, sənə hansı mövqedə çıxış etmək rahatdı?
– Mən yarımmüdafiənin sol cinahında oyamağı xoşlayıram.  Amma məşqçinin də öz fikirləri var və mən də buna uyğun işimi görürəm.
– “Neftçi”ni bu durumdan necə çıxarmaq olar?
– Əgər biz oyunlara ciddi hazırlaşmasaq, nəticələr belə olacaq. Daha məsuliyyətlə işimizə yanaşmalıyıq. AZAl-ın futbolçuları ayda 1000 dollar alır amma bizə rəhbərlik hər cür şərait yaradıb. Mən başa düşmürəm ki, rəhbərlik daha nə etməlidi? 
– Topaz Premyer Liqası elədi ki, hər bir komanda lideri məğlub edə bilər. Maraqlıdı biz nə vaxt “Neftçi”nin lideri üstələməyinin şahidi olacağıq?
– Səhvlərimizin üzərində işləməliyik. Bizə bir az vaxt lazımdı. Düzdü, bunu həmişə deyirik amma 1-ci dövrə başa çatdı  Əgər rəqiblərimizi düzgün qiymətləndirməsək, belə hallarla çox rastlaşacağıq.
 
ELMAR ABDULLA-ZADƏ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp