Avropa Liqasının 3-cü turunda “Qəbələ” üzərində 3:1 hesablı qələbə qazanan Dortmund “Borussiya”sının baş məşqçisi Tomas Tuhel klubun rəsmi saytına açıqlama verib. Futbolinfo.az xəbər verir ki, çalışdırıcı təmsilçimiz üzərindəki qələbədən danışıb. 
Tuhel “Qəbələ”nin qapısına 3 qol vuran qabonlu hücumçu Pyer-Emerik Obameyanqı tərifləməyi də unutmayıb: “Obameyanqın vurduğu 1 və 2-ci qollar qələbənin əsasını qoydu. İkinci yarıda vurduğu qolla hər şeyi həll etdi və mükəmməl qələbəmizi rəsmiləşdirdi. O, 4-cü və ya 5-ci qolu da vura  bilərdi. Fikrimcə, o, son tənqidlərdən nəticə çıxardı və əla oyun ortaya qoydu. Digər oyunçular da ona baxıb, daha da həvəslənəcəklər”.
Gənc mütəxəssis Avropa Liqasındakı mübarizə haqqında isə bunları deyib: “Bizi gərgin mübarizə gözləyir. Hələ qarşıda 3 oyun var. Xoşbəxtlikdən komandamda Obameyanq kimi futbolçular var və onların sayəsində qələbələr qazanacağıq”.
Alman mütəxəssis Obameyanqın Henrik Mxitaryanın yoxluğundan istifadə etməsi barədə də fikirlərini bölüşüb: “Mxitaryan məlum səbəblərdən Bakıya getmədi. Obameyanq da onun yoxluğundan lazımınca istifadə edə bildi. Özünü sübut etməyi bacardı. Göstərdi ki, o, komandamız üçün çox vacib futbolçudur”.
Tuhel “Qəbələ”nin matçın əvvəlində əla oynadığını və komandasının vurduğu ilk qola qədər narahat olduğunu dilə gətirib: “Ümumiyyətlə, “Qəbələ” ilə matça pis başladıq. İlk qola qədər narahat idim. Amma hesabı açdıqdan sonra xoşbəxt oldum və komandamın qələbə qazanacağını düşündüm”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp